İctimai fəal: "Orta Şərq ölkələrində faciələr başlayanda, Qərb dairələri burda da "NİDA"nı yaratdılar"
"NİDA"nın son vaxtlar paytaxt Bakıda reallaşdırmaq istədiyi təxribatlar ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib. Gənclər özlərini sivil və demokrat müxalifət qurumu adlandıran "NİDA"ın anarxist hərəkətlərini ən sərt şəkildə tənqid edir, onların Azərbaycanda bu və ya digər formada fəaliyyət göstərmələrinin qadağan olunmasını istəyirlər. Çünki xarici təşkilatların maraqlarına xidmət edib milli maraqlarımızı ayaqlar altına salan, xaricə "donos"lar yazan, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının, "məlumat mənbəyi"nə çevrilən "NİDA"nın fəaliyyəti dövlətçiliyimizə təhdiddir.
İctimai fəal Mirsamir Məmmədov "NİDA"çı gənclərin aqressiv, anti-dövlət addımlarını qınayaraq "SƏS" qəzetimizə açıqlamasında bildirib ki, "NİDA" xarici anti-azərbaycançı qüvvələrin və erməni lobbisinin birgə məhsuludur: "NİDA"-çıların fəaliyyət predmeti anti-dövlətçilikdir. Atdıqları bütün addımlar dövlət əleyhinə köklənib. 2011-ci ilin fevralında varlığını elan edən bu qeyri-konstruktiv təşkilatın yaradılması ölkədə sabitliyi pozmaq, vətəndaşlarla dövlət arasında nifaq salmaq və ən əsası da 2013-cü ilin prezident seçkiləri öncəsi ölkədə dövlət çevrilişi həyata keçirtmək məqsədi daşıyırdı. Təbii ki, bu arqumentlər "NİDA"-da toplaşan gənclərin şəxsi beyninin məhsulu deyildi. Bu, Qərbin və Amerikadakı ermənipərəst mərkəzlər və qüvvələrin, erməni lobbisinin, təsir imkanı olan anti-azərbaycançı dairələrin birgə işləyib həyata keçirtmək istədiyi geniş geosiyasi plan idi. "NİDA"-da toplaşanların hamısı bu sahədə var qüvvələrilə çalışdılar. Çünki Qərbdəki anti-azərbaycançı qüvvələr "NİDA"-ya bunun üçün külli miqdarda maliyyə ayırmışdı və ayrılan maliyyənin qarşılığı olaraq Azərbaycanda qarışıqlıq, çaxnaşma, təxribatlar yaradılması nəzərdə tutulurdu. Yaradıldığı gündən etibarən təxribatçılıq, anti-azərbaycançılıq, hətta ölkə əleyhinə kəşfiyyatçılıqla məşğul olan "NİDA" üzvləri 2013-cü ilin martında dövlət çevrilişinə də cəhd etməklə, "NİDA"-nın çox təhlükəli bir sekta olduğunu açıq-aşkar sərgilədilər. Axtarışlar zamanı "NİDA"dan çıxan partlayıcı qurğular, "Molotov" kokteyilləri onların real üzünü ortaya qoydu. Sözsüz ki, həmin vaxtlar dövlət çevrilişinə cəhd etmək istəyən gənclərə lazımı tapşırıq Qərbdəki ermənipərəst anti-azərbaycançı qüvvələrdən, birbaşa erməni lobbisindən gəlmişdi. Necə ki, təşkilatın bütün fəaliyyət mexanizmlərini həmin sözügedən anti-azərbaycançı qüvvələr təyin edir və tənzimləyir. Təşkilatın əsas məqsədi qanunsuz aksiyalar və təxribat hərəkətləri törətməklə ölkədəki sabitliyi pozmaqdır".
M.Məmmədov onu da qeyd etdi ki, "NİDA"-nın məqsədi bütün gücü ilə Azərbaycan əleyhinə tbliğatlar aparmaq, ölkəni nüfuzdan salmaq, dövlətçiliyimizi kökündən zədələmək və sarsıtmaqdır. Fəaliyyət kateqoriyası bundan ibarətdir. Bu isə birbaşa Azərbaycana düşmən olan qüvvələrin istəyidir. "NİDA" xarici anti-azərbaycançı qüvvələrin və erməni lobbisinin iyrənc niyyətinin görünən üzüdür. Atdıqları bütün addımlar, səsləndirdikləri fikirlər, həyata keçirtmək istədikləri təxribat əməlləri bunun açıq göstəricisidir".
Samir