TƏRS BAXIŞ
Yaxud İsa Qəmbər-Sülhəddin Əkbər-Pənah Hüseyn üçlüyü ittiham hədəfindən yayına bilmir
Sabiq müdafiə naziri Rəhim Qazıyevin növbəti dəfə AXC-Müsavat iqtidarı dönəmində, daha dəqiq desək, 4 iyun hadisələrində prezident Elçibəyə qarşı xəyanətin olunduğunu iddia etməsi və bu iddiası çərçivəsində, əsasən, üç nəfəri - İsa Qəmbəri, Sülhəddin Əkbəri və Pənah Hüseyni hədəfə alması tərəflər araspındakı vəziyyəti yenidən gərginləşdirib. Demək olar ki, hər il 4 iyun tarixi öncəsi baş verən bənzər hadisələrdə eyni fikirlər səsləndirilsə də, bu dəfə bir az fərqli məsələlərin ortaya atılması, konkret adların çəkilməsi buna sübutdur. Artıq ittiham edilənlər tərəfindən R.Qazıyevin fikirlərinə qarşı elə də əsaslı görünməyən arqumentlər də qoyulmaqdadır.
AXC-Müsavat iqtidarında təhlükəsizlik nazirinin müavini olmuş S.Əkbər Qazıyevin ittihamlarına münasibətdə deyir ki, bu adamın (R.Qazıyevin-R.R.) nə dediyi məlum deyil. Əkbər bildirir ki, o, ümumi sözlər deyir, amma nə demək istədiyi bilinmir. Ancaq məsələnin maraqlı məqamlarından biri onun sabiq müdafiə nazirinin ittihamlarını inkar etməsinə baxmayaraq, bəzi detallarını qəbul etməsidir. Bu səbəbdən, S.Əkbrənin də nə dediyini anlamaq çətinləşir. Məsələn, sabiq təhlükəsizlik nazirinin müavininin sözlərinə görə, prinsip etibarilə qiyamın qarşısını almaq üçün o dövrdə müəyyən addımlar atıldı, ancaq məsuliyyət yenə də onların üzərindədir (?!-R.R.). SİTAT: "Məsuliyyəti kənara qoymaq istəmirəm, qiyamın qarşısının alınmaması faktı da, siyasi məsuliyyəti də o dövrdə rəhbərlikdə olan şəxslərin, o cümlədən mənim (!!!-R.R.) üzərimdədir. O şəxsin dediyi kimi, "istəsəydilər, qiyamın qarşısını alardılar" şəklində yanaşma ciddi söhbət deyil. Bu cür fikirlər primitiv şərh oluna bilməz".
Göründüyü kimi, belə bir maraqlı vəziyyət alınır - əgər S.Əkbər qiyamın qarşısının alınmamasında özünün də məsuliyyətsizliyini təsdiq edirsə, onda nəyə görə R.Qazıyevin "istəsəydilər, qiyamın qarşısını alardılar" şəklində yanaşmasını ciddi söhbət mövzusu hesab etmir, onu primitiv adlandırır? Axı baş verənlər, bilavasitə dövlət çevrilişi idi və xarici qüvvələr öz müstəqilliyini yenicə əldə etmiş ölkəmizi parçalayıb məhv etmək üçün tam hazır vəziyyətə gəlmişdilər. Belə bir vəziyyəti sabiq milli təhlükəsizlik nazirinin müavini olmuş biri tərəfindən promitiv adlandırması isə, sadəcə təəssüf doğurur. Məhz buradan da görünür ki, bu adamlar, ümumiyyətlə, AXC-Müsavat iqtidarı səriştəsiz olmaqla yanaşı, həqiqətən də xalqın, dövlətin maraqlarını hər an satmağa, ona xəyanət etməyə hazır olan üsnürlər toplumundan ibarət olub!
R.Qazıyevin növbəti hədəfi - 4 iyun hadisələri dövrü baş nazir postunda oturan P.Hüseynin də arqumentisz çıxışları məntiqsiz cavabları ilə nəticələnib. Halbuki onun istər AXC-Müsavat iqtidarında, istərsə də müxalifətdə olduğu sonrakı illərdə İ.Qəmbərlə yaxın münasibətlərinin olması, seçki proseslərində dəstəkləməsi kimsəyə sirr deyil. Ona görə də Qazıyevin P.Hüseynin o zamankı prezident Ə.Elçibəyi xarici və daxili qüvvələrin hesabına devirib məhz İ.Qəmbəri prezidnet kürsüsünə otuzdurması iddiaları həqiqəti əks etdirir.
Məsələn, P.Hüseyn R.Qazıyevin Surət Hüseynovla Əbülfəz Elçibəyin görüşünə mane olduqları barədə iddialarını belə cavablayıb: "Prezidentin görüşünə necə maneə olmaq olar? Rəhim Qazıyevdir də, yenə danışır".
Göründüyü kimi, yenə də ortada qəti, arqumentli və əsaslı cavab yoxdur...
Digər nüansa da diqqət yetirək. Məsələn, R.Qazıyev məlum ittihamında səsləndirib ki, P.Hüseyn, İ.Qəmbər, S.Əkbər, A.Hacılı mərhum prezident Ə.Elçibəyə xəyanət edərək, onu yıxmaq üçün fəaliyyət göstərib: "2000-ci ildə Kəlbəcərin işğalı ilə bağlı çəkilən videoya diqqətlə baxın. Orada bir kəlbəcərli deyir ki, Pənah Hüseynov, sən ayın 1-də Kəlbəcərə gəldin və dedin ki, saqqallını kənarlaşdıraq, hər şey yaxşı olacaq. Bunun qarşılığında Pənah Hüseynov quzu kimi susur və cavab da vermir. Bunlar uydurma deyil, həqiqətdir".
Bu ittihamın dəqiqliyini yoxlamaq üçün həmin kadrın "youtube" sosial şəbəkəsində axtarışını etdik və həqiqətə söykəndiyini gördük. Məhz orada P.Hüseyn "saqqallını uzaqlaşdıracağıq" ifadəsini işlədərək, Elçibəyi nəzərdə tutduğunu açıq-aydın etiraf edir. Amma bunun müqabilində sabiq baş nazir bu ittihamı belə cavablandırıb: "Rəhim Qazıyevin hansı videodan söz açdığını bilmirəm, adımdan elə fikirlər yayıblarsa da, cəfəngiyyatdır və ancaq şər xarakteri daşıyır".
Göründüyü kimi, ortada olan fakt ittiham edilən tərəflərin yaxalarını kənara çəkmələridir. Amma tarix heç nəyi və heç kimi unutmur. Hətta qara ləkə olsa belə, bu ləkənin nədən düşdüyü üzə çıxır. Hər halda irəli sürülən ittihamların arqumentsiz cavabları da bu cür düşünməyə zəmin yaradır.
Rövşən RƏSULOV