Mais Səfərli: "Nə Əli Kərimli, nə də Cəmil Həsənli, bütövlükdə müxalifət adından danışmaq və müxalifəti təmsil etmək hüququna malik deyillər"
Məlum olduğu kimi, "Milli Şura"nın sədri Cəmil Həsənli və şuranın üzvi, AXCP sədri Əli Kərimli bir neçə xarici ölkənin Azərbaycandakı səfirləri ilə görüş keçirib. Görüşdə Ə.Kərimli və C.Həsənli ölkəmizin daxili məsələləri ilə bağlı xəyanətə, satqınlığa əsaslanan ittihamlar, tənqidlər, şər və böhtanlar səsləndiriblər. Maraqlıdır ki, səfirlər satqın xislətli "Milli Şura" təmsilçilərinin mövqelərindən məmnun qaldıqlarını gizlətməyiblər. "Yurddaş" partiyasının sədri Mais Səfərli görüşün keçirlməsini və görüşdə yalana, böhtana daha çox yer verilməsini onların umaclarının şər və böhtan üzərində qurulması ilə əlaqələndirdi: "Bu gün "Milli Şura" deyilən qurum yoxdur və tarixə qovuşub. Demək olar ki, bir vaxtlar "Milli Şura" bir sıra partiyaları birləşdirəndə də, onların nə isə bir yaddaqalan fəaliyyəti olmayıb. "Milli Şura" deyilən qurum AXCP-nin nəzarətində olan bir qurumdur. Nəyə görə Avropa İttifaqı ölkələrinin səfirləri, məhz "Milli Şura" deyilən bu qurumu qəbul edirlər? Düşünürəm ki, hələdə Avropa səfirləri elə hesab edirlər ki, güya "Milli Şura"nın sədri C.Həsənli və şuranın üzvi, AXCP sədri Ə.Kərimli müxalifətin bir birliyidir. Amma əslində isə, onların özləri də çox gözəl başa düşürlər ki, müxalifətin birliyinə ən cox zərbəni elə C.Həsənli və Ə.Kərimli vurur".
M.Səfərlinin sözlərinə görə, xarici ölkə səfirləri Azərbaycanda müxalifət düşərgəsində nə baş verdiyini müxalifətin özündən də yaxşı bilirlər: "Sadəcə olaraq, bəzi Avropa ölkələrində olan qüvvələr Azərbaycana təzyiqlər etmək üçün, məhz bu qüvvələrdən yararlanmağa çalışır və onları ayaqda saxlayaraq, ruh verməyə çalışırlar. Bu gün bəzi xarici qüvvələrin ən çox dəstək verdikləri qüvvə AXCP və onun nəzarətində olan "Milli Şura" deyilən qurumdur. Nə Ə.Kərimli, nə də ki, C.Həsənli, bütövlükdə müxalifət adından danışmaq və müxalifəti təmsil etmək hüququna malik deyillər. Onlar ancaq dağınıq və pərakəndə halda olan qruplarının adından danışa bilərlər".
"Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşən qaçqınlarla görüşməyən, işğal altında olan ərazilərmizlə bağlı heç bir mövqe ifadə etməyən səfirlərin satqınlığa meyil göstərən müxalifət liderləri ilə görüşüb, müxtəlif məsələlər ətrafında müzakirələr aparmaları nədən irəli gəlir" sualına cavabında M.Səfərli bildirdi ki, Azərbaycanın güclü inkişafı bəzi xarici qüvvələri çox narahat edir: "Xaricidə olan bəzi ermənipərəst qüvvələr həzm edə bilmirlər ki, bu gün Azərbaycan regionun böyük bir nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dövləti dünyada sayılıb-seçilən dövlətdir və Prezident İlham Əliyev dünyada ən nüfuzlu siyasətçilərdən biridir. Bu gün həmin dairələr qəbul edə bilmirlər ki, regionla, bölgə ilə, Avropa ilə hər hansı bir məsələ müzakirə olunanda, mütləq Prezident İlham Əliyevin fikirini, rəyini soruşurlar. Həmin xaricdə olan bəzi dairələr çalışırlar ki, Azərbaycanda olan müxalifətdən istifadə edərək, ölkəmizdə xoşagəlməz hallar yaratsınlar. Bu isə mümkün deyil".
"Sizcə, Ə.Kərimli və C.Həsənli xarici qüvvələrlə itirmiş olduqları əlaqələrini səfirlərlə görüşlərində bərpa edə biləcəklərmi" sualına cavabında partiya sədri batan gəmini xilas etməyin mümükün olmadığı kimi, müxalifətin də itirmiş olduğu mövqelərini yenidən bərpa etməsinin mümkün olmadığını bildirdi: "Müxalifət qüvvələri nə etsələr də, yenə də heç bir təsiredici qüvvəyə çevrilə bilməyəcəklər. Çünki müxalifətin heç bir gücü olmayıb və olmayacaq da. Müxalifət itirmiş olduğu əlaqələrini səfirlərlə görüşlərində bərpa edə bilməyəcək. Bu reallığı özləri də çox gözəl başadüşürlər. Sadəcə olaraq, gündəmdə qalaraq adlarının hallanması üçün müxtəlif üsullardan və vasitələrdən istifadə edirlər. Həmin vasitələrdən biri də vaxtaşırı həmin səfirlərlə görüşmək və ölkəmiz haqqında reallığı özündə əks etdirməyən yalan-yalnış məlumatlar verməkdir. Amma müxalifət təmsilçiləri ilə görüşən həmin səfirlər də müxalifətin nəyə qadir olduğunu müxalifətin özündən yaxşı bilirlər. Sadəcə, ölkələrindən verilən tapşırığı yerinə yetirmək məcburiyyətindədirlər".
GÜLYANƏ