PDF Oxu

Müxalifət

  • 2 121

Səxavət Əlisoy kimləri qarınotaran adlanırdı?

image

TƏRS BAXIŞ

ADR rəsmisi sətiraltı təhqirləri ilə ipucu verib

Müxalifətin ənənəvi qanadında kəskin ittihamlar və təhqirlər seriyası sürətlə davam edir. Məsələ ondadır ki, 4 iyun qiyamı ətrafında məlum qarşıdurmalar səngiməmiş, ziddiyyətli məqamlara daha biri də əlavə olunub. Budəfəki mövzu isə bəzi müxalifətçi partiya sədrlərinin imkanlı şəxslər tərəfindən maddiyyatla təmin olunmaları, onların hesabına özlərinə güzəran qurmaları ittihamı ilə bağlıdır. Bu kimi mövzularda ittihamçı rolunda çıxış edən və xüsusi özəlliyi ilə seçilənlərdən biri də Müsavat partiyasının sabiq başqanı İ.Qəmbərin keçmiş müşaviri, hazırda Qubad İbadoğlunun rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) sədr müavini Səxavət Əlisoydur. ADR rəsmisi bu dəfə də öz ənənəsinə sadiq qalaraq, özlərini "müxalifətin liderləri" kimi təqdim edən tərəfləri sərt tənqid, hətta təhqir belə etməkdən çəkinməyib.

Maraqlı məqam isə S.Əlisoyun burada bir güllə ilə bir neçə dovşan vurmaq istədiyini gizlətməməsidir: "Kənddə danaotaran, qarınotaran "lider"dən qat-qat ləyaqətlidir!"

Xüsusilə, mətbuatdan kənar şəkildə, özünün sosial şəbəkədəki profili vasitəsilə fikirlərini bildirən S.Əlisoy deyib ki, bəzi müxalifət liderləri partiyasında təmsil olunan imkanlı şəxslərin hesabına yaşayır. Onun sözlərinə görə, hətta müxalif liderlər ailəsinin maddi problemini də həmin partiya üzvlərinin pulu ilə həll edir. Maraqlı məqam isə Əlisoyun burada bir güllə ilə bir neçə dovşan vurmaq istədiyini gizlətməməsidir. O, daha öncələr də bənzər mövzulara toxunaraq, müxalifət liderlərinin siyasi maraqlarını deyil, bu maraqlar altında şəxsi gün-güzəranlarını yaxşılaşdırdıqlarını iddia etmişdi.

O, bu cür partiya liderlərini qarınotaran adlandırıb. SİTAT: "Azərbaycanda bəzi müxalifət liderləri qarınotarmaya aludə olub. Rəhbərlik etdiyi təşkilatda bir az gəliri olan adamlar sayəsində yeyib-içirlər. Təkcə qarınla iş bitmir, ev-eşiklərinin də maddi problemi o adamların çiyninə yüklənir. Bir "lider" ki, qarnını otardı, vay o təşkilatın halına. Kənddə danaotaran və qarınotaran "lider"dən qat-qat ləyaqətlidir!"

Hədəfdə Arif Hacılı və Əli Kərimlidir!

İlk baxışdan belə qənaətə gəlmək olar ki, ADR rəsmisi konkret ad çəkməsə də, hədəf kimi düşmən hesab etdiyi Müsavat başqanı A.Hacılını və AXCP sədri Ə.Kərimlini götürüb. Çünki düşərgədə, məhz bu iki partiyanın sədrləri "ana müxalifət" rolunda çıxış edərək, öz ciblərinin xeyrini güdməklə məşğuldurlar. O cümlədən, Müsavat-AXCP antipatiyası çərçivəsində siyasi çəkilərini artırmağa çalışır, bunun müqabilində siyasi dividendlərini də güdürlər. Aldadılanlar isə, söz yox ki, onlara inanan və getdikcə sayları azalan sadə və təşkilatda heç bir vəzifə tutmayan partiyadaşlarına olur. Məhz bu səbəbdən demək olar ki, ilin hər rübündə bu partiyalarda istefaların sayı durmadan artır, parçalanmalar, qarşıdurmalar isə intensivləşmiş qaydada davam edir.

Elə S.Əlisoyun təmsil olunduğu ADR hərəkatını, T.Abbaslının təşkilatını, S.Əkbərin partiyasını, R.Nurullayevin və sairələrin partiyalarını götürərsən, onların əksəriyyətinin müsavatdan, cəbhədən getmələrini xatırlayarıq.

Bu səbəbdən, ADR-in sədr müavini növbəti dəfə sərt ifadələrini onlara tərəf yönləndirmiş olub. Ancaq fakt budur ki, partiyalarında yalnız küfr və nifrin sahiblərinə çevrilmiş bu adamlara qarşı daha ağır ifadələr işlədilsə belə, onların tükləri belə tərpənməyəcək. Necə deyərlər, öyrəncəlidirlər...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər