"Əli Kərimli öz mənfəəti üçün hər cür tərbiyəsizliyi etməyə hazırdır"
AXCP sədri Ə.Kərimli zaman-zaman əl atdığı milli-mənəvi dəyərlərimizə zidd addımlarını bu gün də müxtəlif formalarda davam etdirməkdədir. Belə ki, Əli Kərimli mayın 28-də "Respublika Günü" ilə əlaqədar olaraq Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərkən üzərində Azərbaycan bayrağı əks olunan lenti cıraraq cəbhəçilərin ayaqları altına atdırıb. Səbəb isə çox sadədir: Sən demə, alternativ AXCP-nin sədri Razi Nurullayev öz tərəfdarları ilə ondan əvvəl gələrək abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar. Bu isə Ə.Kərimlinin xoşuna gəlməyib və abidə önünə qoyulan əklilin üzərindən Azərbaycan bayrağının əks olunduğu lentləri sökdürərək cəbhəçilərə tapdaladıb.
Məsələ ilə bağlı alternativ AXCP-nin yaydığı bəyanatda deyilir ki, Ə.Kərimlinin bu addımı AXCP-ni bu partiyanın hüquqi təmsilçilərinə uduzmasının cığallığı və bir daha dövlətin rəmzlərinə sayğısızlığının nümayişi idi: "Ə.Kərimli başa düşür ki, bir də heç vaxt bu abidəni AXCP adından ziyarət edə bilməyəcək, qanunvericilik də bu istəklərinə qarşıdır. Nəticədə, cığallıq edir və konfeti əlindən alınmış uşaq kimi öz daxili duyğularını böyüklüyə yaraşmayan tərzdə ifadə edir. Digər tərəfdən onun Azərbaycanın dövlət ideologiyasına xəyanətkar mövqedə dayanması hər kəsə məlumdur".
Bu vaxta qədər Ə.Kərimli haqqında səsləndirilən ittihamaların doğruluğu getdikcə heç bir şəkk-şübhə yaratmır. Zaman-zaman öz liderinə-Elçibəyə qarşı xəyanətdə ittiham olunan Ə.Kərimli bunu inkar etsə də, anormal addımları ilə deyilənləri təsdiq edir. Məsələn, Ə.Kərimli Elçibəyi təhqir edən Nemət Pənahlıya buna görə olan reaksiya qarşısında öz qəzetində özünümüfdafiə imkanı yaratdı. Elçibəyi Pənahlıya təkrar təhqir etdirdi. İndi belə bir adamın Elçibəy və Rəsulzadə ideologiyasından danışması gülüncdür. Sözün həqiqi mənasında, bu gün Ə.Kərimlinin yanında quyruq bulayanlar görəsən "Azadlıq" qəzetinin üfunət qoxan səhifələrində Elçibəyin N.Pənahlı tərəfindən təhqir olunmasına niyə göz yumdular? Axı biz bilirik ki, "Azadlıq" qəzetində yazılan hər bir cümlədən Ə.Kərimlinin xəbəri var, bütün qərəzli, qeyri-obyektiv, anti-dövlət ruhunda yazılmış yazıların da ideya müəllifi odur. Bu xəyanət deyil, bəs nədir?
"SƏS" qəzeti olaraq məsələyə münasibət öyrənmək üçün AXCP sədri Ə.Kərimli ilə əlaqə saxladıq. Lakin cəhdlərimiz boşa çıxdı, o, israrlı zənglərimizə cavab verməkdən yayındı. Daha sonra AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonuna açdığımız zəngə gənc bir qız cavab verdi: "Nurəddin müəllim istirahətdədir". Bundan sonra isə, yenidən əlaqə yaratmaq mümkün olmadı.
Alternativ AXCP-nin mətbuat xidmətindən "SƏS" qəzetinə açıqlama verərək, həqiqətən də belə bir hadisənin baş verdiyini, Ə.Kərimlinin üzərində bayrağımızın əks olunduğu lenti ayaqlar altına atıb tapdalatdığını bildirdilər: "İnsanın inanmağı gəlməsə də, çox təssüflər olsun ki, bu fakt doğrudur. Bu bir daha onu sübut etdi ki, Ə.Kərimli və onun qruplaşmasının fəaliyyəti qaragüruh, təhqir, söyüş, zorakılıq, qarayaxma üzərində qurulub və öz mənfəətləri uğrunda bütün milli-mənəvi dəyərləri taptalamağa hazırdırlar. Onlar hər cür tərbiyəsizliyi etdilər. Əslində, siyasi arenada uduzduq, sonra bu qruplaşmanın bizə, yəni əsl AXCP-yə qarşı bütün əxlaqsız, tərbiyəsiz, qeyri-etik yollara əl atmalarına öyrəşmişik və bu qaragüruhçulara əhəmiyyət belə vermirik. Lakin xalqın, vətənin ən dəyərli şəxsiyyətlərindən birinə qarşı bu mənəviyyatsızlığı etmək yolverilməzdir. Bu, yalnız bizə yox, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı hörmtəsizlikdir. Hadisədən sonra partiya sədrimiz Razi Nurullayev də haqlı olaraq bu mənəviyyatsızlığı edənlər haqqında, əklili ayaqlamaq, bu murdar əməli əmr edənlər, icraçılar və digər barmağı olanlar tərbiyəsiz, qanacağsız adamdırlar və onların damarında qan yox, çirkab axır" demişdi".
Samir