Leyla Yunus bu halı yenə də dəbdə saxlayır
İllərdir özünü "hüquq müdafiəçisi" kimi göstərib, ana dilimizdə yalnız "söyüş söyən" zaman danışan, vətəndaşı olduğu dövlətin maraqlarını maddiyyata satan, ermənilərlə işbirliyini gizlətməyən Yunusların əməlləri faktlarla sübuta yetirilmişdir. Azərbaycanda yaradılan mövcud demokratik mühitdən istədikləri kimi yararlanan bu şəxslərin yenə də növbəti satqınlığı üzə çıxıb. Bu günlərdə Yunusların vəkili Elçin Sadıqov belə bir mövqe sərgiləyib: "Hüquqlarını müdafiə etdiyim şəxslərin müraciətləri barədə məndə dolğun məlumat yoxdur. Amma onu deyə bilərəm ki, onların sığınacaq almaları üçün kifayət qədər əsasları var. Əsassız hesab etdiyimiz izah olunmamış hökmün icrası buna əsas verir."
Maraqlıdır. Azad və demokratik bir cəmiyyətdə yaşaya-yaşaya müxtəlif QHT adları altında qrantlara sahib çıxıb, xarici ölkələrdə özlərinə mülklər alaraq imkanlarını genişləndirən Leyla və Arif Yunuslara bu dövlət nə edib ki, ona bu qədər nifrət bəsləyirlər? Bəlkə tez-tez Ermənistana səfər edib, işğalçı ölkənin QHT-ləri ilə birgə iş quran bu şəxslərə hansısa təzyiqlər göstərilirdi? Xeyr, heç zaman dövlət tərəfindən onların bu səfərlərinə embarqo qoyulmayıb.
Yenə də "xəstəlik" şousu
İctimaiyyət dəfələrlə Leyla və Arif Yunusun "xəstəlik" şoularının şahidi olmuşdular. Bu gün də həmin şəxslər eyni oyunu oynayırlar. Sual yaranır: görəsən, bu insanlarda xəstəlik nə zaman "baş qaldırdı"? Diqqət edin, bu iki şəxs hər həftə təyyarə ilə xaricə gedib-gələrkən, Ermənistanda görüşlər keçirərkən, Bakıda antiazərbaycançı şəbəkələrin bir neçə üzvünü başlarına toplayıb beynəlxalq konfranslarda hay-küy salıb ara qarışdırarkən, heç bir xəstəlikləri yox idi! Ancaq hüquq-mühafizə orqanları tərəfindən yaxalandıqda, azadlığa çıxdıqdan sonra da "xəstəlik" şousundan əl çəkmirlər. "Erməni maşa"sının məqsədi bəllidir. İyrənc hərəkətlərini Azərbaycan daxilində həyata keçirə bilmədiyi üçün, həmişə olduğu kimi, xəstəlik adı ilə "sığınacaq" axtarışına çıxıb. Ancaq Leyla və Arif Yunuslar anlamadılar ki, xəstəlik sağalır, lakin xəstə təxəyyülün, mənəviyyatın sağalması qeyri-mümkündür! Hər kəsə bəllidir ki, bu növbəti şounun düzənlənməsində məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdırsa, bu, mümkün olmayacaq. L.Yunus bilməlidir ki, Azərbaycan xalqına nifrət edən, milli maraqları satan şəxslərin adı tarixin səhifələrinə yalnız xəyanətkar kimi yazılacaq. Onun ermənilərə xas olan əməlləri elə öz başında çatlayacaq. Çünki cəmiyyət bu fikirdə olan nankorları qəbul etmir və etməyəcək də!
Rəfiqə HÜSEYNOVA