"Vahid Azərbaycan Partiyasının 50 min manata alınması ilə bağlı informasiyanı cəmiyyətə İsa Qəmbər buraxıb"
Müxalifət düşərgəsində baş verən hadisələrlə bağlı cəmiyyətimizdə hər gün müxtəlif fikirlər, təlimatlar dolaşır. Müxalifət düşərgəsində baş verənlərlə bağlı yayılan budəfəki məlumat, sözün həqiqi mənasında, anlaşılmaz bir vəziyyət yaradıb. "Ağ blok"un həmtəsisçisi Tural Abbaslının "Vahid Azərbaycan Partiyası"nı 50 min manata alması ilə bağlı yayılan informasiyalar hazırda müxalifətdə ən çox danışılan mövzudur. Bu məsələ müxalifətdə yeni intriqaların da əsasını qoymuş oldu. "Vahid Azərbaycan Partiyası"nın 50 min manata alınması ilə bağlı iddialara T.Abbaslı dərhal reaksiya verərək, bu məlumatın doğru olmadığını öildirib: "Bu partiya siyasi səhnədən silinmək üzrə olan bir partiyadır. Biz də bu partiyanın qalan rəhbərliyi ilə danışıqlar apardıq və ən azından partiyanın siyasi səhnəyə qayıtması onların da marağındadır. Ümumi danışıq və razılıqla biz bu partiyaya üzv olmuşuq. İndi biz də çalışırıq ki, partiyanın fəaliyyətini bərpa edək. Müəyyən dəyişiklərin olması da istisna deyil. Məsələn, partiyanın adı, nizamnaməsi dəyişə bilər. Amma hər bir halda "Vahid Azərbaycan Partiyası"nın aktiv siyasi fəaliyyətə başlamasına çalışacağıq".
Həqiqətən də, partiyanın pulla alınması ilə bağlı "SƏS" qəzeti olaraq araşdırma apardıq. Ortaya çox mühüm məqamlar çıxdı. Əldə etdiyimiz informasiyaya görə, T.Abbaslının 50 min manata partiya alması ilə bağlı məlumatı cəmiyyətə İ.Qəmbər və Müsavat başqanı A.Hacılı buraxıb. Bu məlumatın yayılması ilə T.Abbaslı ilə aralarında olan intriqanı davam etdirməkdə maraqlı olan İ.Qəmbər, hətta "Vahid Azərbaycan Partiyası"nın rəhbərliyi ilə də əlaqə saxlayıb. Belə ki, o, partiyanın 50 min manata alınması ilə bağlı iddianı ortaya atarkən, onların da razılığını alıb. Mənbə bildirir ki, ilk olaraq partiya rəhbərliyi İ.Qəmbərlə razılaşmayıb.
Müsavat partiyasının keçmiş üzvü Səbuhi Məmmədov "Vahid Azərbaycan Partiyası"nın 50 min manata alınması ilə bağlı məsələyə münasibət bildirərkən, qeyd edib ki, bu məsələyə inanmaq da olar, inanmamaq da: "Əvvəla, ona görə inanıram ki, Turalın pulu var. O, bir neçə il bundan öncə plana düşən evinə görə 500 min manata qədər kompensasiya aldı. 150 min manata başqa ev almışdı. Qalan pulu necə xərclədiyini özü bilər. Bu vaxta kimi, o puldan iki qat gəlir də götürə bilər. İkinci bir məsələ isə, "Ağ Blok"un partiyaya çevrilməsi ərəfəsində bu iddianın ortaya atılmasıdır. Hesab edirəm ki, əgər bu informasiya doğru deyilsə və bunu kimsə qəsdən cəmiyyətə yayırsa, deməli, mütləq işin altında İ.Qəmbərin barmağı var".
Azərbaycanda partiyaların alınıb-satılması ilə bağlı təcrübənin mövcud olub-olmaması ilə bağlı sualımızı cavablandırmaq üçün siyasi ekspert Vüqar Əsgərovla əlaqə saxladıq. Ekspert bildirdi ki, Azərbaycan siyasi arenasında partiyaların alınması-satılması təcrübəsi var, zaman-zaman bu hallar olub: "Bu məsələ qanunvericiliklə də qadağan deyil. Lakin əsas məsələ hansı partiyanın kim tərəfindən alınmasıdır. Hesab edirəm ki, T.Abbaslı özünü çətinə salmamaq üçün qeydiyyatdan keçmiş partiyanı alıb. Əgər alıbsa da, ortada itən onun 50 min manat pulu olacaq. Çünki müxalifət düşrəgəsində olan şəxslər, eyni şineldən çıxan adamlar formanı dəyişdirsələr də, məzmun dəyişməyəcək. "Vahid Azərbaycan Partiyası" can verir, müvəqqəti nəfəs vermək olar. Bu da heç nəyi həll etməyəcək".
Samir