Partiya çirkin siyasi girdabda batmaqda davam edir
Hər zaman müxalif partiya yetkililəri arasında satqın axtarışı diqqətçəkən əsas mövzulardan olub. İttiham olunan tərəflər hər vəchlə özlərini müdafiə etməyə cəhd göstərsələr də, bu cəhdlər uğursuz alınıb. Çünki proseslərdən məlumatlı olan şəxslər yeni açıqlamlarla çıxış etməklə, ittiham edilən tərəfləri daha ağır və çıxılmaz vəziyyətə salıblar.
Çirkab içində olan insanlara şər-böhtan atmaqda, insanları qaralamaqda ad çıxarmış Ə.Kərimli artıq o "titula" sahib olub. Bu "titul" tərəfdarları sosial şəbəkələrdə onlara qarşı çıxanların üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçirlər. AXCP sədrini tənqid edən istənilən şəxs cəbhəçilərin gözündə xain və satqın olur. Ən yaxın dostlar belə... Kərimli tərəfdarları "nə edirsən et, bircə Kərimliyə toxunma" prizmasından çıxış edirlər.
Cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər
BQP-nin sədri, millət vəkili Fazil Mustafa da "facebook" profilində məsələyə münasibət bildirərkən Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Ə.Kərimlinin dayandığını bildirib: "Satqın, riyakar olan Ə.Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Sosial şəbəkələrdə Ə.Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 20 ildən artıqdır ki, bu proses gedir. Çoxsaylı saxta profillər arxasında gizlənən cəbhəçilər sosial şəbəkələri söyüş məkanına çeviriblər".
AXCP-nin Nərimanov rayon təşkilatının keçmiş sədri Şirvan Qasımov Ə.Kərimlini ittiham edərək bildirir ki, "Yurd" şefi onun adını çəkənlərə qarşı əxlaqı aşınmış şəxslər vasitəsilə çirkin kampaniyaya rəhbərlik edir: "Elə bu səbədən də Ə.Kərimlinin yanında özünə hörmət edən adamlardan kimsə qalmayıb. Ə.Kərimlinin işi sosial şəbəkələrdə saxta profillər açaraq, insanlara şər və böhtanla qara yaxmaq olub. "Facebook"a saxta profillər ənənəsini Ə.Kərimli gətirib. Əminliklə deyə bilərəm ki, bu insanın ətrafında onun haqqında bir kəlmə müsbət fikir söyləyə biləcək heç bir kəs yoxdur. Partiya daxilində özünə monarxiya quran Ə.Kərimlinin artıq partiyanı siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə etdiyini gördüm və buna səssiz qala bilmədim".
Sərdar Cəlaloğlu: "Əli Kərimlinin özü dedi ki, adı satqın kimi çıxıb"
AXCP üzvlərinin sosial şəbəkələrdə və mətbu orqanlarında qəzəbinə ADP sədri Sərdar Cəlaloğlu da tuş gəlib və təhqir dolu ifadələr işlətmələrinə cavab verib, özü də necə cavab verib. Bir qöv Ə.Kərimlini yıxıb-sürüyüb: "Ə.Kərimli deyir ki, Elçibəy liderimdir. Ancaq ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. A bala, sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı Ə.Kərimlidir. 2003-cü ildə İ.Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Demişdi ki, adım satqın kimi çıxdığına görə sən bütün qüvvələrin İ.Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İsa Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bax, sən busan".
Ü.ƏSGƏROV