Keçmişini unutmaq, əlbəttə ki, hər bir xalqın gələcəyinin təhlükə altına düşməsi deməkdir. Xalqın sərvətini talamış şəxslərin 20 il sonra yenidən həmin xalqın qarşısına çıxaraq, yalan danışması və absurd iddialar irəli sürməsi təəccüb dağurmaqla yanaşı siyasi riyakarlıqdan başqa bir şey deyil. Dağıdıcı müxalifət vaxt ötdükcə, xalqın onlardan üz döndərdiyini dərk etmədiyini hələ də başa düşə bilmir və siyasi meydanı da tərk etmək istəmir. Yəni anlaşılan odur ki, radikal müxalifət sivil siyasi mübarizə metodlarından istifadə etmək imkanlarını tükədib və çıxış yolu kimi xəyanəti seçib.
Bu gün xalq özlərini "ana", "ata" müxalifət adlandıran Ə.Kərimli, İ.Qəmbər kimi xəyanətkarların dəfələrlə Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, ermənilərlə gizli sazişlər bağladığını və s. çox görüb. Ə.Kərimli, İ.Qəmbər, Leyla Yunus, Xədicə İsmayıl kimi xəyanətkar və riyakarların Azərbaycanın maraqlarına zərbə vurmaları heç də yeni hal deyil.
Xüsusilə, AXCP sədri Ə.Kərimlinin cəbhə xəttində baş verən erməni təxribatından sonra ermənilərin maraqlarına xidmət edən mətbuat orqanlarına müsahibələr verməsi, yalanlar uydurması bir daha onun satqınlığını təsdiqləyir. Bu, həm də təəccüb doğurmur. Çünki xəmiri satqınlıq mayası ilə yoğrulub.
Qeyd etmək lazımdır ki, 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında o zamankı Prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə, deyilənlər bir daha öz təsdiqini tapır və AXC-Müsavat iqtidarının xalq və dövlət qarşısında xəyanətləri, səriştəsizliyi təsdiq edilmiş olur. Həmin müşavirədə çıxış edən Prezident Əbülfəz Elçibəy deyir ki, "biz bir ildən çoxdur hakimiyyətdəyik. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi, yerinə yetirə bilmirik".
O, zaman dövlət katibi vəzifəsini tutmuş Ə.Kərimli də öz dililə satqınlığını və riyakarlığını təsdiqləyir: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilib. Biz bunu etiraf etməliyik. Ona görə də, bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".
Göründüyü kimi, satqınlığı, rüşvəti və cinayətkarlığı dövlət siyasətinə çevirmiş Ə.Kərimli, İ.Qəmbər və bu kimi digər şəxslər bu gün mediada populist çıxışlar etməklə nəinki keçmişdə baş verənləri unutdurmağa çalışırlar, hətta yuxarıdakı faktlara görə özlərinə bəraət qazandırmağa da çalışırlar.
Xəyanətin sonu fiaskodur
Nə üçün dağıdıcı müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib? Çünki ortadaxaricdən aldıqları qrantlar faktoru var. Ümumiyyətlə, "siyasi fəaliyyətini" bütünlüklə anti-Azərbaycan istiqaməti üzrə müəyyənləşdirmiş dağıdıcı müxalifət düşərgəsi bu gün artıq "siyasi iflic" durumundadır. Son bir neçə həftə ərzində radikal müxalifət düşərgəsinin nümayəndələrinin söylədiyi fikirlər, xarici qərəzli dairələrin mətbuat orqanlarına verdiyi müsahibələr və irəli sürdükləri absurd iddialar bir daha bu cür arzuolunmaz mövzuya qayıtmağı və reallığı olduğu kimi təsvir etməyi labüdləşdirir. Bu xəyanətlərin arasında AXCP daxilində baş verənlər, xüsusilə diqqət çəkəndir. Belə demək mümkündürsə, xəyanət serialını xatırladan bu partiyada baş verənlərin cəmiyyətə açıqlamasında əsas rol elə düşərgə təmsilçilərinə aiddir. Dağıdıcı düşərgədə xəyanətləri dillərdə dastan olmuş partiya sədrlərindən sayılan Ə.Kərimli haqqında öz keçmiş partiyadaşları, indiki "şura"daşları da analoji fikirdədirlər.
Bu, real faktdır ki, xalqına və dövlətinə qarşı xəyanətkar mövqe tutmuş hər bir qüvvənin sonu fiaskodur. Çünki xalqın dəstək vermədiyi bir hərəkət gerçəkliyə çevrilə bilməz. Düşünürük ki, Ə.Kərimlinin və İ.Qəmbərin xəyanətkar və destruktiv əməlləri yenə də fiaskoya uğrayacaq və lazımi qiymətini alacaq.
Rəfiqə HÜSEYNOVA