PDF Oxu

Müxalifət

  • 2 262

Tural Abbaslı keçmiş partiyadaşlarını qıcıqlandırdı

image

TƏRS BAXIŞ

"Gəlsələr lap yaxşı, gəlməsələr..."

Müsavatın sabiq divan üzvü, "Ag Blok"un həmtəsisçisi Tural Abbaslı adıçəkilən qurumu partiyaya çevirmək niyyətini bəyan etdikdən sonra, müvəqqəti olaraq siyasi fəaliyyətinin bir qismini Vahid Azərbaycan Partiyası (VAP) daxilində həyata keçirir. Məhz VAP-ın qurultayını keçirməklə onun adını "Ağ Partiya"ya dəyişəcəyini, özünün isə sədr seçiləcəyini planlaşdıran sabiq müsavatçı funksioner artıq tədbirin vaxtını və yerini də müəyyənləşdirib. Qurultay həftə sonunda Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçiriləcək.

Abbaslı bu dəfə onların bostanlarına, necə deyərlər, "daş atıb"

Lakin Tural Abbaslının mətbuata verdiyi açıqlamaları və həmin açıqlamaları çərçivəsində sabiq partiyadaşlarını hədəfə alması da nəzərdən yayınmayıb. Məsələn, "Ağ Blok" həmtəsisçisi qurultayın bu vaxta qədər gecikdirilməsinin səbəblərini izah edərkən, bu dəfə tədbirin keçiriləcəyini və həmin tədbirə müxalifətdə olan bütün siyasi partiyaları dəvət edəcəyini deyib. O cümlədən, Müsavatın keçmiş və hazırkı başqanlarını, başqan müavinlərni də dəvət edəcəyini deyən Abbaslı bu dəfə onların bostanlarına, necə deyərlər, "daş atıb". Bilavasitə, İ.Qəmbərin və A.Hacılının adlarını çəkən müxalifətçi funksioner deyib ki, onun fikri ənənəvi müxalifətdə olan digər siyasi partiyalarla düşmənçilik etmək niyyəti yoxdur: "...Bizim rəqabət aparmaq niyyətimiz var, düşmənçilik aparmaq fikrindən uzağıq. Yəni şəxsi ədavət yoxdur".

Heç bir partiya ilə ədavətdə olmaq istəmədiyini deyən Abbaslı buna baxmayaraq, Müsavat rəhbərliyini qıcıqlandırıb. Sitat: "İ.Qəmbər və A.Hacılı dəvət ediləcək. Gələrlər lap yaxşı, gəlməzlər? Bu da öz qərarları olacaq. Biz heç bir partiya ilə düşmən münasibətdə deyilik".

Belə olan təqdirdə, növbəti müxalifət partiyasının yaradılması onun ciddi uğurlar əldə etməsini şübhə altına alır

Beləliklə, azmış kimi, ölkədə daha bir müxalifət partiyası yaranmaq ərəfəsindədir. Lakin ictimai rəy bu günə qədər yaradılan bir çox siyasi müxalifət partiyalarının ya qısa zaman kəsimində fəaliyyətini dayandırdığını, ya da proseslərə heç bir təsir etmək gücündə olmadığını görməkdədir. Belə olan təqdirdə, növbəti müxalifət partiyasının yaradılması onun ciddi uğurlar əldə etməsini şübhə altına alır.

Başqa tərəfdən, heç bir partiya ilə ədavət aparmaq fikrində olmadığını deyən T.Abbaslı, hətta partiyasını təsis etməmiş, artıq ədavətin başlanğıcını qoyur desək, yanılmarıq. Çünki bəri başdan bəllidir ki, nə İ.Qəmbər, nə də ki, A.Hacılı onun partiya təsisetmə tədbirinə qatılmayacaqlar. Səbəbləri isə bəllidir. T.Abbaslı hələ İ.Qəmbərin başqanlığı dönəmində Müsavatın gənclər təşkilatı sədrliyindən divana keçərkən, özündən sonra ciddi qarşıdurmalar yaratdı, A.Hacılı ilə münasibətlərinin pozulması isə Müsavatın qurultaysonrası məlum qarşıdurmaları ilə əlaqəlidir. Bu zaman əminliklə demək olar ki, Abbaslının dəvətinə rəğmən, nə Qəmbər, nə də Hacılı oraya getməyəcəklər. Onlar getməyəcəklərsə, demək, Müsavatın digər rəhbər təmsilçiləri də orada olmayacaqlar.

Hətta belə bir proqnoz irəli sürmək olar ki, Abbaslının qıcıqlandırıcı atmacalar atması qarşı tərəfin sərt ifadələri ilə davam edə, bu isə yeni müxalifətdaxili qarşıdurmanın yaranmasına səbəb ola bilər.

Rövşən RƏSULOV

Digər xəbərlər