Bütün bunlar 2003-ci ilin 15-16 oktyabr hadisələrindəki oyunbazlığını xatırladır
İqbal Ağazadə Ağdaşda Milli Məclisə Ağdaşda təkrar keçirilən seçkilərdə qatılsa da, seçilmədi. Seçicilər onun daha öncəki deputatlıq fəaliyyətini araşdıraraq, növbəti dəfə millət vəkili adına layiq olmadığını bir daha dəqiqləşdirdilər. Yəni bu dəqiqləşdirmə hələ ötən ilin noyabrında keçirilən parlament seçkilərində baş vermişdi. Sadəcə, "Ümid" partiyasının sədri onda da haray-şivən saldı ki, həmin vaxt digər müxalifət partiyasının sədri sosial-demokrat Araz Əlizadə "qeyri-demokratik" şəkildə deputat olub. Bəli, artıq ictimai rəy Ağazadənin bu cür səs-küylü manevrlərinə adətkərdədir və bu dəfə də eyni hal təkrarlandı.
Ağazadənin "Azadlıq" meydanında vaxtilə bolşeviklərin rəhbəri Vladimir İliç Leninin şərəfinə ucaldılan abidəsinin pyedestalına dırmaşıb, əlini irəliyə doğru uzatmasını xatırlatmaq yetər
Məsələ ondadır ki, "Ümid" sədrinin bənzər davranışları onun meydan təfəkkürlü insan olmasını hələ də nümayiş etdirməkdədir. Məsələn, təkcə 2003-cü ilin prezident seçkilərindən sonra baş verən məlum 15-16 oktyabr hadisələrində Ağazadənin "Azadlıq" meydanında vaxtilə bolşeviklərin rəhbəri Vladimir İliç Leninin şərəfinə ucaldılan abidəsinin pyedestalına dırmaşaraq, əlini irəliyə doğru uzatmasını xatırlatmaq yetər. Yeri gəlmişkən, elə Lenin də həmin bu Ağazadə kimi haray-şivənliklə bolşevikləri hakimiyyətə gətirmişdi. Görünür, Ağazadə də elə düşünüb ki, Leninin pyedestalı onun üçün düşərli olacaq. Amma olmadı...
Ortaya heç bir fakt qoyulmayıb, sadəcə, boş bir iddia...
Bu səbəbdən, seçicilərin Ağazadəyə deyil, YAP-ın namizədinə səs vermələri onun yenidən pyedestal nostalgiyasını canlandırdı. Demək, İ.Ağazadənin fikrincə, guya təkrar seçkilərdə saxtakarlıqlar edilib və o da namizəd kimi qəsdən uduzdurulub (?-R.N.). Amma ortaya heç bir fakt qoyulmayıb, sadəcə, boş bir iddia...
Ona görə də YAP-ı ittiham edən Ağazadəyə hakim partiyanın rəsmisi - İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən cavab verilib. Mətbuatdan da bildiyimiz kimi, YAP rəsmisi Ağazadənin səs-küyünə cavab olaraq deyib ki, adətən, ciddi siyasətçilər seçkiyə ciddi yanaşırlar. Yəni namizədliklərini verdikləri dairədə əvvəlcədən araşdırma aparır ki, seçilə bilər və ya bilməz, seçicilər onu tanıyır ya tanımır. Qeyri-ciddi siyasətçilər isə elə hansı dairə boşaldı, orda namizədliyini verir ki, tutar tutar, tutmazsa şər-böhtana əl atsın, seçkiyə kölgə salsın, ləkə yaxsın, məğlubiyyətini səs-küy salmaqla ört-basdır etsin.
Əqidədaşlarını satan siyasi debil
Çox doğru bir yanaşmadır və əgər Ağazadə seçkilərdə əsas strategiya kimi nəzərdə tutulan bu sadə amili bilmirsə, yaxud da qəbul etmirsə, elə onun deputat olmaması daha məqsədəuyğundur. Bu baxımdan, Siyavuş Novruzov İ.Ağazadənin Leninin pyedestalına çıxıb, 13-14 il öncəki nostalgiyasını xatırlamasına yerində münasibət bildirib: "İqbal Ağazadə 2003-cü ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub, onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də, onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb mətbuata təqdim edəcəyik".
Görünən budur ki, İ.Ağazadə ən yaxşı halda əqidədaşlarını satan siyasi debilliyə layiq olan fərddir.
Yaxşı olardı Ağazadə ona dəyən şillə-təpiklər zamanı hansı əqidədaşlarını satdığını etiraf etsin, biz də bilək
Əslində, söz tapa bilməyərək, hər hansı bir təsadüfi ifadəni əlində bayraq edib opponentinə qarşı yönəltməyin özü ən böyük əxalqsızlıqdır! Yəqin buna görə də İ.Ağazadə uzağı iki dəfə haray-şivənlə deputat seçildiyinə görə, üçüncü dəfə də eyni halın baş verəcəyini düşünüb. Amma yanılıb. Yaxşı olardı Ağazadə ona dəyən şillə-təpiklər zamanı hansı əqidədaşlarını satdığını etiraf etsin, biz də bilək. Ən azından xalqı düşünən adam xalqa həqiqətləri deməlidir. Gözləməməlidir ki, haradansa onun ifşası xəbəri gəlsin.
Ümumiyyətlə, İ.Ağazadənin ətrafı "Ümid"də sürətlə boşalmaqdadır. Belə olan vəziyyətdə onun özünü növbəti dəfə belə ucuz tutması, pyedestal həvəsinə düşməsi, Leninlik eşqi ilə alışıb-yanması anlaşılan deyil.
Rövşən NURƏDDİNOĞLU