Aydın Mirzəzadə: "YAP-ın namizədinin favorit olacağı bəlli idi"
"Ümid" partiyasının sədri İqbal Ağazadə Ağdaşda Milli Məclisə təkrar keçirilən seçkilərlə qatılsa da, seçilmədi. Seçicilər onun daha öncəki deputatlıq fəaliyyətini araşdıraraq, növbəti dəfə millət vəkili adına layiq olmadığını bir daha dəqiqləşdirdilər. Ancaq İ.Ağazadə seçicilərin bu seçimini qəbul etmədiyini, yenə də seçkilərin saxta keçiriməsi ilə bağlı böhtanlı çıxışlar etməyə başlayıb. Bu, heç də təəccüb doğurmur. Çünki bu dəqiqləşdirmə hələ ötən ilin noyabrında keçirilən parlament seçkilərində də baş vermişdi. "Ümid" sədri onda da haray-şivən salmışdı və bildirmişdi ki, həmin vaxt digər müxalifət partiyasının sədri - sosial-demokrat Araz Əlizadə "qeyri-demokratik" şəkildə deputat olub. Bəli, artıq ictimai rəy Ağazadənin bu cür səs-küylü manevrlərinə alışıqdır və bu dəfə də eyni hal təkrarlandı. Həmçinin, İ.Ağazadə seçkilərdə iştirakına hər vəchlə maneçiliklərin törədildiyi barədə bəyanatlar verməkdədir.
Aydın Mirzəzadə: "Seçkilərdə İqbal Ağazadəyə seçicilər etimad göstərmədi"
Ancaq YAP tərəfindən İ.Ağazadənin bu böhtanları cavabsız qalmayıb. YAP-ın şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, İ.Ağazadə özünün proqramını irəli sürmək, seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışmaq əvəzinə, diqqəti başqa məsələyə yönəldir: "Təəssüf ki, o, kampaniyasını ona qarşı olan təqiblər üzərində qurmaq istəyir. Özünün bir yazıq, döyülən, əzilən obrazını yaratmağa çalışır. Siyasətçi öz proqramını irəli sürməlidir və görəcəyi işləri ilə seçiciləri məlumatlandırmalıdır. İ.Ağazadə Ağdaş seçki dairəsində seçki prosesinə qoşulduğu vaxtdan indiyə qədər bütün informasiyaları guya ona qarşı təqiblərlə bağlıdır. Bildirmək istəyirəm ki, İ.Ağazadə YAP üçün ciddi bir rəqib deyil".
A.Mirzəzadə onu da əlavə edib ki, YAP-ın 90 saylı Ağdaş seçki dairəsində irəli sürülmüş namizədi partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov kifayət qədər təcrübəli, rayonda tanınan, partiya təşkilatının nüfuzunun qaldırmasında xidməti olan bir şəxsdir: "Onun seçiləcəyinə biz əminik. Onun təbliğatı da Seçki Məcəlləsinə uyğun olaraq aparılır. Biz İ.Ağazadəni, nə də digərlərini öz namizədimizə ciddi və problem yaradacaq bir rəqib kimi görmürük. İ.Ağazadənin belə hərəkət etməsi gələcəkdə öz məğlubiyyətini ört-basdır etmək məqsədi daşıyır".
YAP rəsmisinin sözlərinə görə, Ağdaşda YAP-ın çox güclü rayon təşkilatı var: "Təşkilatın sədri özünü partiya işində, ictimai işlərdə tanıtmış, nüfuz qazanmış bir şəxsdir. İ.Ağazadəyə gəlincə, ötən il seçkilərdə məğlub olmuş bir nəfərin tanımadığı bir yerdən namizədliyini verməsi böyük risk idi və heç də özünü doğrultmadı. İ.Ağazadə Azərbaycanda azsaylı kiçik müxalifət partiyasının lideridir. O, parlamentdə olduğu dövrdə özünün radikal çıxışları ilə tanınırdı. Məhz bu baxımdan, ötən seçkidə ona etimad göstərilmədi. Onun öz platformasından danışmaq, seçiləcəyi təqdirdə, ölkə və rayon üçün görəcəyi işlərdən danışmaq əvəzinə, bütün təbliğatını guya ona qarşı təzyiq edilməsi "faktlar"ı üzərində qurması onun ən böyük səhvindən biri sayıla bilər. Hesab edirəm ki, cəmiyyət bu gün bu kimi əsassız çıxışlara etinasızdır".
Beləliklə, İ.Ağazadə bilməlidir ki, "xalqın gözü tərəzidir", yaxşı olar ki, xalqa yalan danışanın heç yerdə yeri yoxdur. Necə ki, adını "Ümid" qoyduqda da yerin yoxdur, çünki "Ümid" sürətlə boşalmaqdadır. Belə olan vəziyyətdə, partiyasının düşdüyü ağır vəziyyət haqqında düşünsün.
Rəfiqə HÜSEYNOVA