PDF Oxu

Müxalifət

  • 2 019

Müxalifət yay yuxusuna gedib

image

Düşərgədə olan partiyalar fəaliyyətsiz olduqları barədə deyilənləri qəbul etmirlər

Bu gün müxalif partiyaların hansısa fəaliyyəti hiss olunmur. Görünür, hər fəsildə yuxuya getməyə adət etdikləri kimi, bu gün yay yuxusuna gediblər. Hətta siyasi durğunluq o həddə çatıb ki, elə bil Azərbaycanda artıq müxalifət yoxdur. Bəs bu acınacaqlı durum nədən qaynaqlanır və nə vaxta qədər davam edəcək?

Özünü "güclü" müxalifət adlandıran AXCP-Müsavat partiyaları çıxış yolunu mitinq keçirməkdə görürülər. Bu yerdə atalar demişkən, "bişmiş toyuğun da gülməyi gəlir" söyü yerində deyilib. 20 ildən çoxdur ki, müxalifət çıxış yolunu mitinq keçirməkdə görür, nəticəsi isə göz qabağındadır. Artıq nəinki ictimaiyyət, hətta müxalifət liderləri də bu ab-havadan bezdiklərini bildirirlər.

Siyavuş Novruzov: "...Müxalifət partiyaları ancaq qəzet səhifələrində fəaliyyət göstəriblər"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son dövrlərdə müxalifət düşərgəsində yaranan siyasi durğunluqla bağlı bildirib ki, ümumiyyətlə, müxalifət düşərgəsində həmişə durğunluq olub: "Sadəcə, seçki vaxtı bir az ayrı-ayrı dövlətlərin, ayrı-ayrı təşkilatların qızışdırması ilə aranı qatmaq istəyiblər, qalan bütün hallarda, müxalifət partiyaları ancaq qəzet səhifələrində fəaliyyət göstəriblər".

S.Novruzovun sözlərinə görə, siyasi partiyaların funksiyası çoxdur, bunlardan biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir: "Amma digər hallarda, siyasi partiyalar cəmiyyəti maraqlandıran məsələlərlə məşğul olmalı, ayrı-ayrı təkliflər hazırlamalı, o cümlədən alternativ təkliflər verməlidir, lakin müxalifətin heç sosial bazası, elektoratı olmadığına görə, bunların düşüncə tərzində seçki dövründə ara qatmaq və bir də mitinq deyib qışqırmaqdır. Bunların heç zaman real fəaliyyəti olmayıb".

Sərdar Cəlaloğlu: "Müxalif partiyalar və təşkilat liderləri şəxsi qrup maraqlarından çıxış edirlər"

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi maneələr vətəndaşların da müxalifət partiyalarına marağını azaldıb: "Bu isə müxalifət düşərgəsində susqunluğun hökm sürməsinin subyektiv və obyektiv səbəblərinin olduğuna dəlalət edir. Ya xalqda fəallıq olmalıdır ki, müxalifət xalqın önünə çıxa bilsin, ya da ortaya bir alternativlik qoysun. Həmçinin, vətəndaşların da siyasi partiyalara marağı azalıb".

S. Cəlaloğlu əlavə edib ki, digər tərəfdən, bir çox siyasi partiyalar və təşkilat liderləri şəxsi qrup maraqlarından çıxış edirlər: "Bəzi liderlər hadisələrin mahiyyətinə vara bilmədiklərindən müxalifətin bir araya gəlməsinə və yaxud vahid gücün formalaşdırılmasına maraq nümayiş etdirmir".

Mirmahmud Mirəlioğlu: "Mitinq keçirmək çıxış yolu deyil"

KAXCP sədri Mirmahmud Mirəlioğlu isə bəzi müxalif partiyaların düşərgədə baş verən duruğunluğu mitinq keçirməkdə görməsini çıxış yolu hesab etmir: "Mitinq keçirmək çıxış yolu deyil, bu, məni maraqlandırmır. Hesab edirəm ki, özləri nə qiymət verirlərsə, versinlər. Mitinqdə prezidentdən, iqtidardan, həmçinin ayrı-ayrı nazirliklərdən danışırlar. Bu isə, o deməkdir ki, mitinqə görə düşərgədə olan siyasi partiyalar yaxın vaxtlarda birdəfəlik siyasi meydandan silinəcəklər. Beləliklə, aydın olur ki, birlik ovqatı nə qədər çox qabarıq görünsə də, əslində, müxalifət düşərgəsində bir parçalanma ab-havası hiss olunur. Xatırladaq ki, əksər seçkilərdə müxalifətin hədəfi elə bir-birləri ilə savaş aparmaq olur".

Tahir Kərimli: " Bu gün müxalifətdə qəbiristanlıq sükunəti var"

"Vəhdət" Partiyasının sədri, millət vəkili Tahir Kərimli də bu gün müxalifət düşərgəsində bir susqunluğun müşahidə edildiyini bildirib: "Təbii ki, bu susqunluğun səbəbini müxalifət liderləri çox yaxşı bilsələr də, bundan heç bir nəticə çıxarmırlar. Ona görə də, müxalifətçilər fürsət axtarırlar ki, özlərini gözə soxmaqla reklam etsinlər. Demək olar ki, bu gün müxalifət tamamilə parçalanmış bir vəziyyətdədir. Bunun da səbəbi dağıdıcı müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyə malik olmaması və bir-biri ilə yola getməməsidır. Qətiyyətlə demək olar ki, müxalifət partiya rəhbərləri tamamilə sosial bazadan məhrum olublar. Əgər müxalifət təmsilçiləri düşdükləri bu ağır vəziyyətindən cıxmaq üçün səylər göstərməsələr, onları arxiv gözləyir".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər