Sabiq "Ümid"çi: "İlahi ədalət deyirəm..."
İqbal Ağazadənin deputat olmaq iddiasının reallaşmaması, hətta onun partiyadaşlarını da sevindirib. Məsələ ondadır ki, ötən ilin noyabrında keçirilən parlament seçkilərində "Ümid" sədrinin digər müxalifət partiyasının sədri Araz Əlizadəyə uduzmasının ardınca, o, bir müddət səs-küy salsa da, nəticələri öz xeyrinə dəyişdirə bilmədi. Yəni fakt bu oldu ki, seçiciləri İ.Ağazadəyə bu dəfə etimad göstərməyərək, onun deputatlıq fəaliyyətinə girişməsinə razı olmadılar.
Daha çox ədalətsiz partiya sədri kimi tanınan İ.Ağazadə siyasi təşkilatında gedən istefaların qarşısını almağı da bacarmırdı
Lakin bir çox müxalifət namizədlərində olduğu kimi, Ağazadə guya ona qarşı ədalətsizliyin baş verdiyini iddia edərək, bu dəfə Ağdaşda keçirilən seçkilərə, yəni boş qalmış dairədən deputatlığa namizədliyini irəli sürdü. Maraqlıdır ki, İ.Ağazadənin bugünə qədər "Ümid"ə sədrliyi dövründə onun siyasi fəaliyyəti kifayət qədər partiyadaşları tərəfiindən tənqid edilirdi. Daha çox ədalətsiz partiya sədri kimi tanınan Ağazadə siyasi təşkilatında gedən istefaların qarşısını da almağı bacarmırdı. Belə istefalardan biri də partiyanın sədr müavini postundan istefaya getmiş Həcər Abbaslıdır.
Həcər Abbaslı: "Mən nəticənin belə olacağını İqbal Ağazadəyə deyib istefa verdim"
Məhz H.Abbaslı iddia edib ki, İ.Ağazadənin ard-arda uduzması və siyasi səhnədə uğursuzluq qazanmasının amillərindən biri də onun partiyadaşlarına etdiyi pisliklərin nəticəsidir. Sitat: "İlahi dalət deyirəm. Başqa heç nə demirəm. Demək də istəmirəm. Mən nəticənin belə olacağını İqbal Ağazadəyə deyib istefa verdim".
H.Abbaslı qeyd edib ki, elə o zaman, məhz təkrar seçkilər səbəbindən "Ümid" partiyasından getməsi doğru qərar imiş: "Mövqeyimi ifadə etdim və bu partiyanı tərk etdim. Bəli, çox düzgün qərar vermişəm. Əslində, uzun danışmağa da ehtiyac yoxdur. Danışmaq gümüşdürsə, susmaq qızıldır".
Onu da qeyd edək ki, H.Abbaslının istefaya getməsinin səbəblərindən biri də onun namizəd kimi seçkilərə qatılmasına qarşı İ.Ağazadənin etiraz etməsi olub.
Göründüyü kimi, artıq Ağazadənin siyasi sonu formalaşıb və bu sonluq onun lazımsızlığını kifayət qədər sübuta yetirib. Nəticə, necə deyərlər, göz qabağındadır. Artıq "Ümid"də növbəti istefalar dalğası da başlanmaq ərəfəsindədir. Qəzetimizə sızan xəbərlərə görə, Ağazadə ilə uzun müddət çiyin-çiyinə müxalifətçilik etmiş şəxslər ondan uzaqlaşmaq qərarına gəliblər. Söz yox ki, bu da baş verərsə, artıq Ağazadə "era"sının sonunu indidən təsəvvürümüzdə canlandıra bilərik.
R.RƏSULOV