Sürətlə növbəti fiaskolara doğru
Bu gün siyasi müxalifət arenasında fəaliyyət göstərən, lakin ictimai-siyasi proseslərə heç bir təsir edə bilməyən daha bir birliyin - "Müxalifətin Antiböhran Koalisiyası"nın fəaliyyətini dayandırması heç də təəccüb doğurmur. Çünki "Güc birlikdədir" kimi ibrətverici atalar sözlərini qulaqardına vuraraq tamamilə başqa, eləcə də anlaşılmaz "birliklərdən" dəm vuran dağıdıcı müxalifət "liderləri"nin yaratdıqları "birliklər"in aqibəti belə də olmalıdır. Çünki onlar cəmiyyət qarşısında səmimi görünmürlər. Məhz bu səbəbdən də, cəmiyyət onları heç vaxt qəbul etməyib və bu gün də etmir. Bu nəzərəçarpan amil isə özünü hər zaman göstərmişdir. Məsələn, Rüstəm İbrahimbəyovun "Milli Şurası", Eldar Namazovun "EL"-i, bir neçə müxalifət partiyasının "birləşdiyi" "Məşvərət Məclisi", iki düşmən partiyanın monopoliyasında fəaliyyəti dayanmaq üzrə olan "İctimai Palata" və s. Bir sözlə, görünən odur ki, post-seçki dövrü siyasi dividend qazanmaq xatirinə "birlik" ideyaları ilə çıxış edən müxalifət "liderləri" belə uğursuz addımları ilə özlərini onsuz da onlara inanmayan xalqdan təcrid etməkdədirlər.
Xarici siyasi dairələr faktoruna söykənən "birliklər"
Bu gün dağıdıcı müxalifətin ən çox müzakirə etdiyi, daha dəqiq desək, saqqız kimi çeynənilən, cəmiyyəti usandıran mövzulardan biri, bəlkə də birincisi, yuxarıda qeyd etdiyimiz kimi, "birlik" çağırışlarıdır. Əgər ötən dövrlərə nəzər salsaq, görərik ki, 1993-cü ildən başlayaraq, yəni son 23 ildə "birlik" çağırışları, demək olar ki, hər seçkilər ərəfəsində aparılıb. Bir də bu "birləşmənin" məqsədi-məramı nədən ibarətdir ki, "birliyi" bu qədər vacib faktor hesab edirlər? Söz yox ki, burada daha bir qaçılmaz amil dayanıb - xarici siyasi dairələr faktoru dayanır. Əgər ortada xarici amil mövcuddursa, təbii ki, burada Azərbaycanda olan siyasi-iqtisadi maraqlardır və bu maraqları təmin etmək isə xarici dairələrə hava-su kimi lazımdır. Ona görə də əllərinə keçirdikləri "liderlərə" tapşırıqlarını verməklə, həmin xarici dairələr həm də öz aralarında mübarizə aparmış olurlar. Nəticədə, "birlik" çağırışlarının səmimiyyətsizliyi kifayət qədər ortaya çıxmış olur. Demək, "liderlərin" birlik istəyi yalandan başqa heç bir şey deyil. Cəmiyyət də bunu gözəl hiss edir.
Bu yerdə belə bir sual ortaya çıxır: əgər bu "liderlərə" "birlik" belə vacibdirsə, niyə vaxtilə böyük siyasi gücə malik Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün niyə ortada yoxdur..? Məgər BAXCP-nin, DİP-in, BQP-nin, KXCP-nin, "Aydınlar" partiyasının, eləcə də digər çoxsaylı qurumların bu gün bir dam altında - AXCP-də fəaliyyət göstərməməsinin əsas baiskarı kimdir? Çox qəribədir ki, "birlik" istəyən "liderlər" özləri də yaxşı bilir ki, baiskar kimdir və cavab da verirlər ki, Əli Kərimli. Əgər Ə.Kərimli baiskar deyilsə, haradadır vaxtilə AXCP rəhbərliyinə daxil olan şəxslər..?
Məsələn, nəyə görə Ə.Kərimlinin beynəlxalq məsələlər üzrə müavini Asim Mollazadə onun yanında deyil? Nəyə görə AXCP ali məclisinin sədri Qulamhüseyn Əlibəyli "Aydınlar" partiyasının, AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fazil Mustafa BQP-nin sədridir? AXCP-nin sədr müavini Zəlimxan Məmmədli bu gün nəyə görə Ə.Kərimli ilə birgə "siyasi mübarizəyə" qoşulmayıb? AXCP-nin sədr müavini Mirmahmud Mirəlioğlu hansı səbəblərdən dolayı KXCP sədrinə çevrilib? Eləcə də hanı Qüdrət Həsənquliyev? Hanı Ə.Kərimlinin sağ əli Əli Məsimli? Fuad Mustafayev, Tahir Kərimli, Tofiq Qasımov..?
Göründüyü kimi, adları çəkilənlərin və çəkilməyənlərin heç biri AXCP-də yoxdur. Çünki Elçibəy faktorunun yoxluğunun əsas günahkarı da, məhz Ə.Kərimlidir!
Bu gün də "Müxalifətin Antiböhran Koalisiyası"nın fəaliyyətini dayandırması baş verən hal idi. Artıq adıçəkilən "birliyin" sıralarını tərk edən partiyalar da var ki, onlar bir sıra etirafları ilə yadda qalmaqdadırlar.
Sərdar Cəlaloğlu: "Nəticə əldə etməyi bacarmayan koalisiyada qalmaq faydasızdır"
Bu qurumun sıralarını tərk edən ADP sədri Sərdar Cəlaloğlu ciddi nəticə əldə etməyi bacarmayan koalisiyada qalmağın faydasız olduğunu vurğulayıb: "Bir halda ki, bir neçə müxalifət partiyası Antiböhran Koalisiyası"nda qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədisə, demək həmin birliyin fəaliyyətinə ehtiyac da görmürəm. Çünki oradakı partiyaların əksəriyyəti siyasi səhnədə gözə görünməkdən ötrü ora toplaşmışdılar. Yəni onların məqsədləri heç də böhrandan çıxış yolunu tapmaq olmayıb".
Əhməd Oruc: "Koalisiya ictimai rəydə maraq doğurmayıb və aktuallığını itirib"
"Azadlıq" partiyasının sədri Əhməd Oruc isə "Antiböhran Koalisiyası"ndan çıxacağını bəyan edib və partiyadaşları ilə fikir mübadiləsi apararaq deyib ki, koalisiya ictimai rəydə maraq doğurmayıb və aktuallığını itirib: "Faktiki böhran siyasi səhnədən çıxıb. Böhranla bağlı artıq cəmiyyətdə heç bir gözlənti yoxdur. "Antiböhran Koalisiyası"nın bu məsələləri ortadan götürmək istiqamətində heç bir addımı yoxdur. Nə bir mitinq keçirir, nə millətin diqqətini cəlb edən ideyalar ortaya qoyur".
Beləliklə, düşərgədə artıq sayı itirilmiş növbəti birlik fiaskoya uğrayır. İndi oradakı müxalifət qurumları siyasi səhnədən silinməməkdən ötrü yeni siyasi gedişləri barədə fikirləşməyə başlayıblar.
Rəfiqə HÜSEYNOVA