Tahir Kərimli: "Heç vaxt Əli Kərimli, Cəmil Həsənli öz arzu və istəklərini reallaşdıra bilməyəcəklər"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, bir zaman müxalifət düşərgəsində səs-küyləri ilə seçilən Eldar Namazov, Etibar Məmmədov, Rüstəm İbrahimbəyov və bu kimi digər şəxslər sanki hazırda yoxdurlar. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün, bütövlükdə sankı müxalifət yoxdur. Müxalifət təmsilçilərinin yeganə məkanları mətbuat səhifələri idi. Son vaxtlar onlar mətbuat səhifələrində də görünmürlər. Ümumiyyətlə, müxalifət təmsilçiləri bu günə qədər o qədər vədlər veriblər ki, bu vədlərin heç birisini yerinə yetirə bilməyiblər. Bir sözlə, müxalifət təmsilçiləri siyasətə biznes kimi yanaşdılar. Yəni müxalifət düşərgəsində olan şəxslər, şəxsi ambisiyaları və yaxud hansısa dairələrin ssenarisində rol almaq kimi mühüm bir funksiyanı yerinə yetiriblər. Bu baxımdan da, bu cür hərəkətləri ilə hər kəsin gözündən düşürlər. Həm də heç bir sosial bazaya malik olmayandan sonra, təbii ki, bu insanlar mətbuat səhifələrində də görünmürlər. Çünki bunların artıq sözləri qalmayıb.
- Bir zaman fəallığı ilə seçilən, ancaq indi susmağa üstünlük verən müxalifət simalarının gözə görünməmələrini onların müxalifətin uğurlu bir qüvvə olmadığını özlərinin inamsızlığı ilə əlaqələndirmək olarmı?
- Müxalifətin öz uğursuzluğunu dərk etmək söhbəti daha inandırıcıdır. Düzdür, bəzi müxalifət təmsilçiləri uğursuzluqlarını dərk edirlər. Ancaq bəzisi isə heç dərk etmir. Çünki nifrət gözlərini elə tutub ki, onlar özlərində olan nöqsanları görmürlər. Ümumiyyətlə, müxalifətin bu cür hala düşməsinin səbəbləri də, məhz özləri ilə bağlıdır. Belə olan halda da, onlar acız bir durumdadırlar.
- "Milli Şura" müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa çalışır. Sizcə, Ə.Kərimli, C.Həsənli birliyi buna nail ola biləcək?
- Düşünmürəm ki, "Milli Şura" müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa cəhd etsin. Yəni heç vaxt Ə.Kərimli, C.Həsənli öz arzu və istəklərini reallaşdıra bilməzlər. Çünki cəmiyyət onları qətiyyətlə rədd edirlər.
GÜLYANƏ