Bu günlərdə Ermənistanda fəaliyyət göstərən "ru.1in.am" saytı yenidən AXCP sədri Ə.Kərimlinin çıxışından sitat gətirərək, manşet yazısı verib. Yazının başlığı belədir: "Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi - Azərbaycan müxalifəti"
Xəbərdə bildirilir ki, Azərbaycanın əsas müxalifət partiyası olan AXCP-nin lideri Ə.Kərimli silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun 100 nəfərə yaxın itki verməməli olduğunu deyib. Erməni saytı, həmçinin bu sözlərin "Azadlıq" qəzetində yazıldığını da qeyd edib.
Sayt yazır: "Ə.Kərimli itkiləri əks etdirən gerçək rəqəmlərin xalqdan gizlədilməsindən narazılığını bildirib və qeyd edib ki, onlar bu rəqəmləri sosial şəbəkələrin və jurnalistlərin məlumatlarından dəqiqləşdirməyə məcburdurlar".
Bu, Ə.Kərimlinin üzüdür, özü də sürtülmüş… Çünki AXCP sədrinin bütün fəaliyyəti boyu irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu, bir aksiomaya çevrilib. Çünki uzun müddətdir ki, AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, "Azadlıq" qəzeti, eləcə də sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Ə.Kərimlinin sifarişlərinə uyğun olaraq, ölkə və xalq üçün hər an, hər dəqiqə ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər və düşmən də bundan yararlanır.
Ancaq Ə.Kərimli və onun ətrafında toplaşan məlum qrup bilməlidir ki, beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib. Azərbaycanın şanlı və rəşadətli silahlı qüvvələri işğalçı, həm də təcavüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurub və bundan sonra da Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirəcək.
Ancaq AXCP sədrinin bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, reallığı doğru-dürüst qiymətləndirmək əvəzinə, Ə.Kərimlinin tamamilə əks-mövqedə dayanıb erməni dəyirmanına su tökməsi isə, sadəcə millətə, xalqa və dövlətə xəyanət kimi dəyərləndirilə bilər.
Ona görə də, nəhayət, minlərlə Azərbaycan gəncinin qanına susamış əsl Vətən xaini, cani olan Ə.Kərimlinin ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Çünki cəzasızlıq şəraiti onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur. O, həbs olunmalı, layiqli cəzasını almalı və ən yaxşı halda isə ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!
Rəfiqə HÜSEYNOVA