Təhmasib Novruzov: "İsa Qəmbər, Əli Kərimli və digərləri reallıq hissini itirmiş bir qrup toplumdan ibarətdirlər"
Müxalifətin dağılması fonunda diqqətçəkən məqam partiya funksionerlərinin də siyasətdən uzaqlaşması prosesində baş verməsidir. Xüsusilə də, bir zaman müxalifətin önündə olub, fəaliyyətləri ilə ən azı mətbuatın diqqət mərkəzində olanlar hazırda tamamilə siyasətdən uzaqlaşıblar. Buna misal oalraq Eldar Namazovu, Etibar Məmmədovu, Rüstəm İbrahimbəyovu və digərlərini göstərmək olar. Sözügedən şəxslər artıq siyasətdə yoxdurlar. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, adları çəkilən şəxsləri vaxtilə danışdıran müəyyən siyasi ambisiyaları olub: "İndiki məqamda susmalarını ağıllı bir addım kimi dəyərləndirirəm Çünki müxalifətin boş-boş danışmağındandsa, susması daha yaxşıdır. Demək olar ki, artıq onlar özləri də qəbul etmək məcburiyyətində qaldırlar ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Yəni Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin də apardığı siyasətin alternativi yoxdur. Bu da ən düzgün və doğru siyasətdir. Müxalifət nə zaman güclü söz sahibi ola bilər? Hakimiyyət səhv addımlar ataraq, səhv siyasət yürüdəndə. Hakimiyyət xalqın maraqlarını deyil, hansısa kənar qüvvələrin maraqlarını güdüb, o maraqlar yönümündə addımlar atanda. Bu cür məqamlar müxalifətin əlinə faktlar verir ki, o faktları şişirtsinlər və özlərinin siyasi ambisiyalarını ortaya qoysunlar. Amma bu gün ölkəmizdə müxalifətin arzu etdiyi faktlar yoxdur. Yəni bu gün Azərbaycanın uğurlu inkişafı hər kəs tərəfindən etiraf olunur".
"Əvvəllər fəallığı ilə seçilən, ancaq indi susmağa üstünlük verən müxalif simaların gözə görünməmələrini onların özlərinə inamsızlığı ilə əlaqələndirmək olarmı" sualına cavab olaraq T.Novruzov bildirdi ki, hər zaman müxalifət daxilində biri-birlərinə qarşı inamsızlıqlar olub: "Onların bir-birinə heç bir inamı yoxdur. İnamsızlıq olan yerdə isə hansısa uğurdan söhbət gedə bilməz. Ümumiyyətlə, müxalifətin nə etməsindən asılı olmayaraq, onlar irəliyə doğru heç bir addım ata, uğur əldə edə bilməyəcəklər".
"Milli Şura" müxalifət düşərgəsində mövcud olan durğunluqdan istifadə edərək, önə çıxmağa çalışır. Sizcə, Ə.Kərimli, C.Həsənli birliyi buna nail ola biləcəkmi" sualına cavab olaraq T.Novruzov qeyd etdi ki, Ə.Kərimli, C.Həsənli birliyi heç nəyə nail ola bilməyəcək: "Demək olar ki, bu gün müxalifətdə təmsil olunan Ə.Kərimli, C.Həsənli, İ.Qəmbər və onlara bərabər digərləri hələ də reallığı qəbul etməyi özlərinə sığışdırmırlar. Digər tərəfdə isə reallığı daxilən qəbul etsələr də, xaricdən aldıqları maliyyə maraqları bunları məcbur edir ki, bu yöndə müəyyən addımlar atsınlar. İ.Qəmbər, Ə.Kərimli və digərləri reallıq hissini itirmiş bir qrup toplumdan ibarətdirlər".
GÜLYANƏ