PDF Oxu

Müxalifət

  • 1 970

Müsavatın gizli və aşkar AXCP planları

image

TƏRS BAXIŞ

Arif Hacılı düşərgədaxili situasiyanı öz xeyrinə dəyişməyə çalışacaq

"Milli Şura"da aparıcılıq funksiyasını yerinə yetirən AXCP artıq onunla bir yerdə olmayan Müsavat partiyası tərəfindən hücuma məruz qalmaq ərəfəsindədir. Bu barədə ənənəvi müxalifət partiyalarına yaxın mənbədən qəzetimizə kifayət qədər əsaslı məlumatlar daxil olub. Məlumata görə, son vaxtlar Ə.Kərimlinin sosial şəbəkələr vasitəsilə özünə tərəfdar yğımağa, bu vasitəylə "ana müxalifətçilik" obrazını qazanmağa çalışması başqan seçildikdən sonra heç bir ciddi uğura imza ata bilməyən A.Hacılını hərəkətə gətirib. O, bilavasitə Kərimlinin ambisiyalarını darmadağın etməyi planlaşdırıb və bu işdə ona ən yaxın dəstəyi, məhz Müsavatın sabiq başqanı İ.Qəmbər göstərir.

Bunun üçün İsa Qəmbər hətta Müsavatda baş vermiş kütləvi etirazları, istefaları da gözə almışdı

Əslində, mənbənin fikirlərində həqiqətin olmadığını düşünmək ədalətsizlik olardı. Çünki bəri başdan məlumdur ki, İ.Qəmbər hələ Müsavatın qurultayı zamanı səsvermələrin nəticələrinə məhəl qoymadan, eləcə də səsvermə zamanı ciddi pozuntulara gedib, hər kəsi Hacılıya səs verməyə çağırmışdı. Bu baxımdan, uzun illərdir düşmənçilik etdiyi Ə.Kərimliyə zərbəsini məhz A.Hacılı vasitəsilə vuracağını düşünən sabiq başqan indi tam vəziyyətdə hərəkətə keçmək üzrədir. Bunun üçün o, hətta Müsavatda baş vermiş kütləvi etirazları, istefaları da gözə almışdı. Təki İ.Qəmbər öz əzəli düşməni Ə.Kərimlidən qisasını alsın...

Düzdür, A.Hacılı başqan seçilər-seçilməz müxalifət cameəsində görüntü yaratmaqdan ötrü bir neçə dəfə Ə.Kərimlinin ayağına gedərək, barışıq təklifləri ilə çıxış etmişdi. Ancaq cəbhə sədri bu addımlara məhəl qoymadan Hacılının təkliflərini, bildiyimiz kimi, rədd etmişdi. Ona görə də indi İ.Qəmbər qədər, elə A.Hacılı da Ə.Kərimlidən qisas almaq üçün alışıb-yanır. Belə olan vəziyyətdə, o, İ.Qəmbərə hər cür dəstək göstərəcəyini də gizlətmir. Bu baxımdan, qəzetimizə informasiya sızdıran mənbənin məlumatlarında həqiqətin olduğunu danmaq olmaz. Artıq Müsavat başqanı sabiq başqana dəstək olması üçün öz tərəfdarlarına bu istiqamətdə müəyyən tapşırıqlar verib.

Əgər Əli Kərimli bu plana əlac qıla bilməsə, vəziyyəti Müsavatın hazırkı durumundan da pis olacaq

O da bəllidir ki, İ.Qəmbər siyasi arenadan tam olaraq silinməmək və siyasətçi mövqeyini qoruyub-saxlamaq üçün "MSDM" - "Milli-Strateji Düşüncə Mərkəzi" vasitəsilə də hərəkət göstərir. Beləliklə, AXCP sədri Ə.Kərimlinin potoloji nifrət göstərdiyi İ.Qəmbər AXCP-ni sıradan çıxarmaq üçün öz addımlarını atmaqda davam etmək ərəfəsindədir.

Məhz bu baxımdan, sabiq başqanın tərəfdarları bu istiqamətdə çıxışlar edir, mətbuatda yeniliklərin və yerdəyişmələrin olacağı ətrafında anonslar verirlər. Məsələn, Gülağa Aslanlı bildirib ki, müxalifət bütövlükdə yeni qurum ətrafında birləşməlidir. O, bununla eyham vurub ki, Kərimlinin birbaşa nəzarətində və sərəncamında olan "Milli Şura" öz limitini tükəndirib, onun yerinə isə, məhz Müsavatın təşkil etdiyi yeni qurumda uğur qazanmaq olar: "Burada təəccüblü bir şey yoxdur"-deyə qeyd edən Aslanlı, əslində deyilənləri təkzib etməyib.

Göründüyü kimi, artıq Müsavat partiyası bir müddətlik durğunluqdan sonra əsas rəqibi AXCP-ni çıxdaş etmək ərəfəsindədir. Bu amil ən uzağı 2018-ci ilin prezident seçkilərinə qədər reallaşdırıla və ənənəvi düşərgədə AXCP ilə Müsavatın yerdəyişməsi baş verə bilər. Əgər Ə.Kərimli bu plana əlac qıla bilməsə, vəziyyəti Müsavatın hazırkı durumundan da pis olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər