Elşad Musayev: "Söyüş və təhqirlə danışan Əli Kərimliyə cavab verməyəndə, o, daha da azğınlaşır"
Məlum olduğu kimi, bir neçə müxalifət partiyasının cəmləşdiyi "Antiböhran Koalisiyası"nın son toplantısında baş verən gərginlik Müsavatla AXCP-nin oraya dəvət olunmasından sonra baş verib. Koalisiyada təmsil olunan KXCP, AXP, ADP, VİP, AzDP, ALDP, BAP, Azadlıq Partiyası, "GAP", "AG Blok" və digər müxalifyönlü təşkilatlar, QHT-lər buna etirazlarını bildirərək Müsavatla AXCP-nin intiriqalar mərkəzi adlandırdılar.
ADP sədri Sərdar Cəlaloğlu da Musavatla AXCP-ni intiriqalar mərkəzi hesab etdiyini vurğulayıb: "Müsavat partiyası müxtəlif bəhanələrlə həmin dəvətlərdən yayınır, bununla da konstruktivlik və dialoq tərəfdarı olmadığını dolayısı ilə sübuta yetirmiş olur. Bu barədə müxtəlif mülahizələr irəli sürülsə də, görünən budur ki, A.Hacılının başqanı olduğu siyasi təşkilat adıçəkilən qurumun işinə qatılmaq marağında deyil. Əgər belə olmasaydı, daha öncə verilən eyni təkliflərə müsbət cavab verilmiş olardı. Əslində, məsələnin daha bir tərəfi də var ki, bu da Müsavat partiyasının radikallıq prizmasından çıxış etmək imkanlarının məhdudlaşdırılmaması ilə bağlıdır. Daha dəqiq desək, Müsavat partiyası əzəli rəqibi AXCP-nin radikalizm siyasətindən geridə qalmaması, "ana müxalifət" partiyası olduğunu iddia etməsi üçün digər müxalifət partiyalarını özündən kiçik görməyə çalışır və bununla da işini bitmiş hesab edir."
S.Cəlaloğlunun sözlərinə görə, Müsavatın "Antoböhran Koalisiyası"nda təmsil olunmamasının səbəbi partiyanın sabiq başqanı İ.Qəmbərin "Milli-Strateji Düşüncə Mərkəzi" adlı qurum yaratması və ona sədrlik etməsidir: "İ.Qəmbər bu vasitə ilə 2018-ci ilə qədər ayaqda qalmağa və prezident seçkilərinə qatılmaq üçün əlində olan ən son şansını istifadə etməyə cəhd göstərir. Ona görə də Müsavatın "Antoböhran Koalisiyası" ilə əməkdaşlığı qətiyyən mümkün görünmür".
Əli Kərimli "siyasətinin" aşkar sifəti
Göndərilən dəvət təklifinə AXCP sədri Ə.Kərimli "Antiböhran Koalisiyası"na yuxarıdan aşağıya baxaraq, gülünc qurumun müraciətini qəbul etmədiklərini və orada toplaşanları özlərinə layiq görmədiklərini bildirib: "Fəaliyyətində böhranlı olan adamların "Antiböhran Koalisiyası" yaratmasının özü gülüncdür".
Göründüyü kimi, AXCP-nin rədd cavabının Müsavatdan daha radikal, təhqiredici fonda səsləndirilməsi Ə.Kərimli "siyasətinin" aşkar sifətini növbəti dəfə tərənnüm edib. Bu isə qarşı tərəfin kəskin reaksiyası ilə müşahidə olunub.
Elşad Musayev: "Söyüş və təhqirlə danışan Əli Kərimliyə cavab verməyəndə, o, daha da azğınlaşır"
Bir vaxtlar "Milli Şura"da da təmsil olunmuş, lakin sonradan bu qurumun xarici dairələr tərəfindən idarə edildiyini öyrəndikdən sonra istefaya getən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev AXCP və Müsavata təkliflər göndərməsinin əleyhinə olduğunu deyib və dəvət göndərmələri faktını qınayıb: "Əli Kərimli kimi korporativ maraqları əsas tutan səviyəsizlə bir masa arxasında oturmaq onun səviyyəsində olmaq deməkdir. Çünki Ə.Kərimlinin xəmiri tərbiyəsizlik üzərində yoğrulub. Tərbiyəsiz ritorika ilə danışmaq ayıbdır. Açığı, bu qaragüruhun səviyyəsinə enmək istəməzdim. Bunların səviyyəsi sosial şəbəkələrdən görünür. Siyasətdə hər kəsin öz yolu, xətti var. Bütün addım və düşüncələrə hörmətlə yanaşılmalıdır. Daha təhqir etmək, şərləmək həmin qaragüruhun ənənəsinə çevrilib, onların xarakterinin tərkib hissəsidir. Onların təhqirlərinə, adətən, cavab verilmir. Cavab verilməyəndə isə, daha da azğınlaşırlar. Ona görə də, hesab edirəm ki, hər adamla öz dilində danışmaq lazımdır".
E.Musayev Ə.Kərimlinin tərbiyəsizlik səviyyəsinə enmək istəmədiyini də vurğulayıb: "Cəmiyyətdə abır-həyalarını qoruyan şəxslər AXCP-dəki qaragüruha cavab vermək istəmirlər. Çünki tərbiyə var. Onlar da abırlarını qoruduqca, qaragüruh daha da azğınlaşır."
Göründüyü kimi, baş verən proseslər onu deməyə səas verir ki, "Antiböhran Koalisiyası"nı qəbul edənlərlə etməyənlər arasında hələ çox söyüşlər və ittihamlar baş verəcək. Nəticədə, ittihamların artması, müxalifətdaxili vəziyyətin get-gedə daha da mürəkkəbləşməsi sonda hər hansı birinin tamamilə məhv olması ilə nəticələnəcək. Həmişə olduğu kimi.
Rəfiqə HÜSEYNOVA