Mütəllim Rəhimli: "Siyasi riyakarlıqdan və bağışlanması mümkün olmayan günahdan başqa bir şey deyil"
Müsahibimiz Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimlidir
- Mütəllim bəy, AXCP sədri Ə.Kərimlinin müavini Fuad Qəhrəmanlıdan imtina etdiyi bəyan edilir. Bu üzüdönüklüyü nə ilə izah etmək olar?
- Bu, çox ciddi məsələdir. Siyasi riyakarlıqdan və bağışlanması mümkün olmayan günahdan başqa bir şey deyil. Bu cür mövqe tutan şəxsə, o cümlədən Ə.Kərimliyə heç bir halda haqq qazandırmaq olmaz. Təbii ki, həbsdə olan hər bir şəxs təmsil etdiyi siyasi qüvvə tərəfindən dəstək gözləyir. Yəni hüquqlarının müdafiəsi üçün addım atılacaqına ümid bəsləyir. Belə bir vaxtda Ə.Kərimlinin müavini F.Qəhramanlıdan imtina etməsi düzgün deyil. Bu da siyasi partiya üçün yaxşı heç nə vəd etmir. F.Qəhrəmanlı Ə.Kərimlinin AXCP- də tətbiq etdiyi siyasi qaydalara görə həbs olunub. Bu baxımdan, bu partiya və lideri başda olmaqla F.Qəhrəmanlının arxasında olmalı idilər. Əgər bundan imtina edilirsə, Ə.Kərimli qınağa və ittihama layiqdir.
- Müsavatın keçmiş başqanı İ.Qəmbərdə dəfələrlə öz əqidə dostlarından və yoldaşlarından üz çevirib. Ümumiyyətlə, bu liderlərin öz ətrafında olan insanlardan çətin məqamda imtina etmələri nədən irəli gəlir?
- Təəssüflər olsun ki, bəzən bir çox hallarda siyasi mübarizənin ideoloji əsaslarla getdiyini müşahidə etmirik. Mübarizə liderlərin ətrafında aparılır və liderlərin fikirlərinə söykənir. Bu da sonda ona gətirib çıxarır ki, liderlər öz ətraflarında olanlara ideoloji müstəvidə yox, şəsxi prizmadan yanaşırlar. Belə hallarda onlar bu və ya digər şəsxləri öz baxışlarına görə ya uzqalaşdırırlar, ya da yaxınlaşdırırlar. Amma ideoloji əsaslarla bu mübarizə qurulsaydı, burada söhbət ideya bağlılığından və hamıya bərabər münasibətlərdən gedə bilərdi. Amma təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Belə hallar baş verdiyinə görə, artıq Müsavatda baş verən parçalanmalar və dağılmalar göz önündədir. İ.Qəmbər başqanlıqdan getdi və 20 ildə artıq müxalifətçilik dövründə uğurlu heç nəyə nail ola bilmədi. Əksinə, tərəfdarlarını itirdi və sosial bazalarından məhrum oldular. Beləliklə də, artıq Müsavat partiyası ölkədə siyasi təsir imkanlarını itirib. Öz əqidə dostlarına və yoldaşlarına qarşı biganə münasibət ancaq buna gətirib çıxarır.
- Sizcə, nəyə görə ancaq parçalanmalar, qopmalar A.Hacılının, İ.Qəmbərin, Ə.Kərimlinin rəhbərlik etdiyi təşkilatlarda müşayiət olunur?
- Artıq 1990-cı illər deyil, meydan hərəkatı da getmir. Yəni siyasi mübarizədə yeni forma və metodlar tətbiq olunmalıdır. Hansı partiyalar ki, müasir yenilikləri edə bilmir və onun siyasətində təsdiq etdirməyi bacarmırlar, onda o partiyalar parçalanmaya və dağılmaya məhkumdurlar. Məhz buna görə həmin partiyalar da bu cür hadisələr baş verir. Bir sözlə, ən böyük günah bu partiyalara rəhbərlik edən şəxslərdədir. Çünki şəxsi ambisiyalarını partiya maraqlarından daha üstün tuturlar.
GÜLYANƏ