Yadigar Sadıqov: "Böhtançı Xədicədən böhtan xarakterli açıqlamalar gözlənilən idi"
Bu günlərdə qondarma jurnalist Xədicə İsmayılın Müsavat partiyasının etdiyi manevrləri anlamadığını və bunun amalına xəyinət olduğunu deməsi müsavatçıların hiddətinə səbəb olub. Məsələyə münasibət bildirən Müsavat başqanın müavini Gülağa Aslanlı X.İsmayılın Müsavat partiyası haqda dediklərinin həqiqətə uyğun olmadığını, yenə də köhnə vərdişlərindən əl çəkmədiyini bildirib. G.Aslanlının sözlərinə görə, həqiqətə uyğun olmayan fikirləri X.İsmayılın həqiqi simasını nümayiş etdirdi: "Çünki Müsavat partiyasının "Yeni Müsavat" qəzeti ilə heç bir əlaqəsi yoxdur. Partiyamız hər hansısa qəzetin və hansısa partiyanın diqtəsi ilə hərəkət etməyib".
Müsavat başqanının müavini Y.Sadıqov da X.İsmayılın Müsavat haqqında fikirlərini şərh edərkən deyib ki, həmişə olduğu kimi, yenə də böhtançı xanım Müsavata qarşı qərəzlidir. Onun sözlərinə görə, "Babam mənə kor deyib, gəlib-gedəni vur deyib" yolu ilə öz köhnə peşəsini davam etdirən "jurnalist"in proseslərdən xəbərdar olmaması, bilavasitə proseslərin içində olan birisi haqda belə iddiada bulunması heyrət doğurur".
Y.Sadıqov Müsavat partiyasını "Yeni Müsavat"ın təsiri altında olmaqda ittihamın konkret olmadığını bildirib, bununla bərabər jurnalistə bəzi faktları xatırladıb: "Özü də bu iddia "Müsavat partiyasının siyasi kursuna "Yeni Müsavat" qəzetinin təsiri bu gün də, fikrimcə, yüksək olaraq qalır" kimi qeyri-konkret şəkildə deyiləndə, onu təkzib etmək üçün arqumentlər gətirmək də çətin olur. Yalnız onu xatırlatmaq istəyirəm ki, Müsavat partiyası artıq çoxdan adıçəkilən qəzetdən tədricən uzaqlaşmaq xəttini tutmuşdu. 2009-cu ildə İ.Qəmbərin qəzetin formal təsisçiliyindən imtina etməsi də buna sübutdur. Düzdür, partiya körpüləri tam yandırmırdı, "Yeni Müsavat"ın partiyaya yaxın yeganə tribuna olduğunu nəzərə almaq məcburiyyətində idi. Bununla belə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sırf qəzetçiliklə məşğul idi, Müsavat üzvü olaraq qalsa da, partiyada heç bir vəzifə tutmurdu".
Bu kontekstdə xatırlatmaq gərəkir ki, məhz AXCP rəhbərliyinin təklifi və israrı nəticəsində R.Arifoğlu Qənimət Zahidlə birlikdə "İctimai Palata"nın koordinasiya şurasına seçilmişdi. Yəni əsas müxalifət təşkilatının rəhbərliyinə gətirilmişdi. Buna etiraz edənlərin əksəriyyəti isə müsavatçılar olmuşdu. Məsələn, partiyanın məclis üzvü Mustafa Hacıbəyli çox kəskin çıxış etmişdi. Daha sonra isə xatırladım ki, mən də məhz "Yeni Müsavat"da gedən bir məqaləyə etiraz olaraq "İP"-dən istefa vermişdim. Artıq bir ildir ki, R.Arifoğlu partiyanın üzvü deyil, Müsavatla qəzeti heç bir şey bağlamır".
Haqqı, ədaləti basdırmaq olmaz
Bu yerdə Y.Sadıqova çatdırmaq yerinə düşərdi ki, bir növ adətkərdə olan X.İsmayılın kimliyini bir də vərəqləsin. Uzun illər X.İsmayıl erməni dəyirmanına su tökdüyünü, erməni maraqlarına xidmət etdiyini, ümumiyyətlə, ermənilərə Azərbaycanı "vurmaları" üçün hansı istiqamət lazımdırsa, məhz həmin istiqamətdən çıxış etməsi barədə yazır, ittiham edir, onu dövlətə və xalqa xəyanət etməkdə suçlayırıq. Belə olan halda, ölkənin milli maraqlarını satan X.İsmayılın "doğru yeri" Avropa Məhkəməs olubsa, o zaman bu deyilənlərə gərginləşmək də lazım deyil.
Beləliklə, maraqlıdır ki, müxalifət onlara qarşı daima böhtan çıxışlar edən və bu gün də əsl simasını nümayiş etdirən X.İsmayılı bunda sonra müdafiə edəcəklərmi?
R.HÜSEYNOVA