TƏRS BAXIŞ
Yaxud Əli Kərimli niyə sevinir?
Həbsdən azad edildikdən sonra yenidən siyasi gündəmə çıxan Xəcicə İsmayıl bu dəfə də, necə deyərlər, siyasi şeytançılıq əməllərindən əl çəkmir, dağıdıcı düşərgədə qaynayan qazanın altına odun qoymaqda davam edir. Uzun müddətdir ki, AXCP və Müsavat arasında davam edən kəskin qarşıdurmalar səngiməmiş, X.İsmayıl çox yəqin ki, simpatiya bəslədiyi cəbhə sədri Ə.Kərimlinin göstərişlərinə qeyd-şərtsiz əməl edir. Bu baxımdan, Müsavat partiyası ilə bağlı işlətdyi məlum fikirləri üzərindəki qarşıdurma xarakterli polemikalarda X.İsmayılın adı Ə.Kərimli ilə eyni çəkilir.
Xədicə İsmayılla Əli Kərimlini birləşdirən tellər
Digər tərəfdən, o da sirr deyil ki, X.İsmayılın qadın olmasına baxmayaraq, Ə.Kərimlinin "siyasi stilinə" kifayət qədər bənzərliyi var. Hətta belə də deyə bilərik ki, Ə.Kərimli kişi cinsinə malik olsa da, onun X.İsmayılla kifayət qədər üst-üstə düşən xasiyyətləri mövcuddur. "Bizdən olmayan düşməndir" prinsipindən tutmuş siyasi şantajlara, sətiraltı həqarətlərə və s. oxşar amillərə söykənən "prinsip" onların hər ikisində mövcuddur. Ancaq bir neçə fərqlər istisna olmaqla. Məsələn, X.İsmayıl müxtəlif tipli yazılarında öz imzasını qoysa da, Ə.Kərimli sosial şəbəkədə, gizli baş redaktoru olan "Azadlıq" qəzetində saxta imzalarla çıxış edir. Bunu isə yalnız biz demirik.
Vaqif Hacıbəyli: "Hamı saxta profillərdən imtina edib öz imzası ilə yazmağı öyrəndi, bir Əli Kərimlidən başqa"
Məsələn, "Əhrar" partiyasının sədri, Müsavat başqanı A.Hacılının qardaşı Vaqif Hacıbəyli növbəti dəfə AXCP sədri Ə.Kərimlini ittiham edərkən bu amilə toxunub. Hacıbəyli iddia edib ki, Kərimli sosial şəbəkədə saxta hesabdan istifadə edərək nələrsə yazır. SİTAT: "Hamı saxta profillərdən imtina edib öz imzası ilə yazmağı öyrəndi, bir Ə.Kərimlidən başqa".
Təbii ki, burada da X.İsmayılın Müsavat haqqında səsləndirdiyi müəyyən fikirlərin rolu var. V.Hacıbəyli isə aşkar şəkildə rəhbəri odluğu partiyasının Müsavatın bir qolu kimi fəaliyyət göstərdiyini heç vaxt nə inkar, nə də təsdiq etməyib. Daha doğrusu, "Əhrar" Müsavatın şöbələrindən biridir. Ona görə də V.Hacıbəyli dərhal X.İsmayılın Müsavata yönəlmiş ittihamlarına cavab verib.
Çingiz Əli: "Əli Kərimli Elçibəyin başına oyun açıb"
Lakin bu, o demək deyil ki, AXCP sədri Ə.Kərimlinin sevincinə səbəb olan X.İsmayıl ittihamları müsavatmeyillilər tərəfindən cavablandırılıb. Elə Müsavatın rəhbərliyi də Ə.Kərimliyə onun çoxsaylı xəyanətləri, xüsusilə AXC-nin mərhum lideri Əbülfəz Elçibəyə qarşı oynadığı çirkablı oyunları xatırladıb.
"Əbülfəz Elçibəy hakimiyyətinin çökməsinin səbəblərindən biri də "Yurd" birliyinin özünü buraxmaması, AXC daxilində gizli fəaliyyət göstərməsi olub". Bunu isə Müsavat partiyasının məclisinin üzvü Ç.Əli sosial şəbəkədə yazdığı statusunda qeyd edib. Belə ki, Ç.Əli feysbukda daha sonra qeyd edib ki, "yurdçular" hakimiyyətin yüksək eşalonunda təmsil olunan 16 nəfərdən ibarət, onlarla birlikdə olmayan adamların adlarını şərti adı "politbiro" olan bir siyahıda cəmləyərək, birmənalı şəkildə onların işdən uzaqlaşdırılması və "yurdçularla" əvəzlənməsinə çalışırdılar: "Bunun üçün hər şey-şantaj, ələalma, gözdənsalma kimi vasitələrdən istifadə olunurdu. Axırda da Elçibəyin özünün başına bu oyunları açmağa başladılar".
Göründüyü kimi, X.İsmayılı, həqiqətən də, qazan qaynadıb və bu hal onsuz da gərgin olan AXCP-Müsvat münasibətlərinə öz təsirini göstərib və əslində, bunu Ə.Kərimlinin sifarişi kimi də qiymətləndirmək olar. Çünki X.İsmayıl hər zaman AXCP-nin qeyri-rəsmi işçisi olaraq, lazım olan anda Kərimlinin düşmənlərinə qarşı qısqırdılıb. Görünür, bu dəfə də eyni vəziyyət yaşanır...
Rövşən RƏSULOV
P.S. Biz də başımızı sındırırıq ki, görəsən, Əli Kərimli son zamanlar çiçəyi çırtlamışlar kimi niyə belə sevincli görünür? Sən demə...