TƏRS BAXIŞ
Qərbin erməni lobbisi uzun illərdir ki, ABŞ konqresmenini yemləməklə məşğuldur
Sirr deyil ki, hələ müstəqilliyimizi yenicə əldə etdiyimiz zaman ABŞ konqresimeni Kristofer Smit "907-ci düzəliş"in əsas müəlliflərindən biri kimi çıxış edərək, erməni lobbisinin syasi sifarişini reallaşdıran şəxslərdən biri və birincisi olub. Daha dəqiq desək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ilk günlərdən dəstəkləyən bu şəxs hazırkı məqamda da aşkar düşmən rolunu oynamaqda davam edir. Lakin maraqlı məqamlardan biri də budur ki, daim ölkəmizin, xalqımızın maraqlarını erməni baxışı prizmasından tapdamağa çalışan amerikalı konqresmen həmin azğınlığını çərçivədən çıxan həyasızlıqla nümayiş etdirir.
Artıq o da bəllidir ki, Smit ənənəvi ampluasından çıxış edərək, Azərbaycana qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı barədə də çıxış edib və yenə də yemləndiyi erməni lobbisinin sifarişi əsasında!
Görünür, ermənilərin Smitə xərclədiyi 100 minlərlə dollar korrupsiya pulları onun gözlərini əməlli-başlı kor edib
Beləliklə, tam şəkildə qənaətə gəlmək olar ki, ABŞ konqresmeni Kristofer Smitin sonuncu bəyanatı onun Azərbaycan dövlətinə və onun xalqına nifrət etməsindən qaynaqlanır. "Demokratiyanın, söz və ifadə azadlığının pozulması"ndan tutmuş digər ütəkbulandırıcı böhtanlara qədər 20 ildən artıq müddətdə ölkəmizi şantaj etməyə çalışan bu ermənipərəst konqresmen, əlbəttə ki, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən atılan çoxsaylı demokratik, humanizm prinsiplərinə söykənən addımları "unudur", ya da "görmür". Görünür, ermənilərin Smitə xərclədiyi 100 minlərlə dollar korrupsiya pulları onun gözlərini əməlli-başlı kor edib.
Məsələn, may ayında Cənab Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamını "görməyən" Smit bundan öncə İnsan Hüquqlarına dair İşçi Qrupunun fəaliyyətini də "görməzlikdən" gəlib. Elə isə, ona bəzi xatırlatmalar edək. Məsələn, bu qurumda ölkənin dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyətinin aparıcı nümayəndələri də təmsil olunurlar. Hətta onların arasında müxalifyönlü düşüncəlilər çoxluq təşkil edirlər. Məhz bu işçi qrupunun əfv komissiyasına təqdim etdiyi 24 nəfərlik siyahısı sayəsində ölkə başçısının may ayında verdiyi məlum Əfv Sərəncamı ilə böyük əksəriyyəti, 20 nəfəri əfv edilib azadlığa qovuşdu. Təbii ki, dövlət rəhbərimiz Onda formalaşmış böyük humanizm prinsiplərinə söykənərək, bu addımı atdı.
250 minlik rüşvət!
Lakin may ayından öncə həmin bu Kristofer Smit Azərbaycanda Leyla və Arıf Yunusun, Xədicə İsmayılın, İntiqam Əliyevin, Anar Məmmədlinin və digərlərinin həbsdə olmasını müxtəlif tribunalardan bağıraraq, Azərbaycanın əleyhinə qanun layihəsi hazırlayıb Konqresə təqdim etmişdi. Apardığımız və bir sıra informasiya mənbələrindən dəqiqləşdirdiyimiz araşdırmalardan sonra bəlli olmuşdu ki, Ermənistanın böyük dostu kimi tərənnüm edilən Smitə həmin işinə görə 250 min ABŞ dollarında rüşvət (!-R.N.) verilib.
Daha bir fakta diqqət yetirək. Smitin yuxarıda adları sadalanan adamlar azadlığa çıxdıqdan sonra səsi yenə də kəsilmir. Ona görə də qeyd edə bilərik ki, ermənipərəst amerikalı konqresmen üçün bu adamlar sadəcə bir bəhanə idi.
"İtpayı kimlərə düşür?"
Artıq bu adam bəhanəsiz də Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymaqdadır. Təəssüfedici məqam isə özlərini müxalifət adlandıran bir sıra siyasətbazların konqresmenə aşkar şəkildə yalmanmalarıdır. Çünki Smit Azərbaycana qarşı şər və böhtan kampaniyasının aparılması üçün informasiya məlumatlarını, məhz Azərbaycanın radikal, dağıdıcı və xəyanətkar müxalifəti ilə əməkdaşlıq etməsində görür. Sirr deyil ki, ona xərclənən yüz minlərlə dollarlardan radikal müxalifət liderlərinə də "itpayı" düşür.
Smit erməniləri və ermənilər də Smiti nə qədər çox sevirlərsə, Azərbaycanın radikal müxalifəti də onları qarşılıqlı olaraq sevir. Qısaca xatırlatma edək. Həmin bu radikallar 2013-cü il prezident seçkilərindən öncə dəfələrlə həmin addımlarını təsdiq ediblər. Məsələn, Almaniyanın təkidi ilə Müsavat partiyasının o zamankı başqanı İ.Qəmbəri Gürcüstanda ermənilərlə Qafqazda demokratiya quracağına dair sənədə imza atdırdı. O, öhdəlik götürmüşdü ki, ermənilərlə birgə əməkdaşlıq etməkdə heç bir problem yoxdur. AXCP sədri Ə.Kərimli isə, öz liderini və dostlarını satan mənəviyyatsızlar qrupuna liderlik edir. O, Azərbaycan siyasətinin xəyanət simvoludur.
Rövşən NURƏDDİNOĞLU
P.S. Bu isə açıq-aşkar smitsevərlər klubunun lideri anlamını da daşıya bilər. Ancaq bütün mənalarda belə nəticəyə də gəlmək olar ki, Kristofer Smitin addımları yalnız özünüifşaya yönəlib və əgər sabah, birigün ABŞ-ın Federal Təhqiqatlar Bürosu Smiti külli miqdarda korrupsuya əməllərinə bulaşma ittihamı ilə həbs edərsə, bu məsələdən qətiyyən təəccüblənməyə dəyməz.