Həbsdən azad edildikdən sonra yenidən siyasi gündəmə çıxan Xəcicə İsmayıl bu dəfə də, necə deyərlər, siyasi şeytançılıq əməllərindən əl çəkmir, dağıdıcı düşərgədə qaynayan qazanın altına odun atmaqda davam edir. Uzun müddətdir ki, AXCP və Müsavat arasında davam edən qarşıdurmalar səngiməmiş, X.İsmayıl Müsavat partiyası ilə bağlı işlətdyi məlum fikirləri qarşıdurma xarakterli polemikalar yaratmanla yanaşı, "Feysbuk"da yenə Müsavatın "bostanına daş atır".
Statusda jurnalist bir etirafda bulunub: "Bir etiraf edim. Həbsxanada ikən mən də "Darıxıram" şeiri yazmışdım. Təcridxanadan həbsxanaya köçdükdən sonra dəftərlərimi evə göndərdim və bərk-bərk tapşırdım ki, şeirimi yaymasınlar".
X.İsmayıl onu da bildirir ki, tək A.Hacılı "şair" deyil, "şair olanlar" da var. Bunu deməklə X.İsmayıl məsələnin maraqlı tərəfini də ortaya qoyur. Belə ki, bir neçə il öncə Müsavat partiyasının başqanı A.Hacılı həbsxanada "Darıxıram" şeiri yazmışdı. Həmin şeir "Yeni Müsavat" qəzetində çap olunmuşdu. Sonradan bu şeirə görə A.Hacılı "İctimai Palata"da birgə fəaliyyət göstərdikləri AXCP-nin fəalları tərəfindən ciddi tənqidə məruz qalmışdı.
Bu dəfə də sözügedən statusun altında AXCP fəalları şərhlər yazıb və A.Hacılını xatırladaraq deyiblər ki, X.İsmayıldan fərqli olaraq Müsavat başqanı yazdığı şeiri ictimailəşdirib. Qeyd edək ki, bu yaxınlarda jurnalist X.İsmayılın verdiyi müsahibədə Müsavat partiyası haqqında səsləndirdiyi fikirlər bu partiyanın funksionerləri və fəalları tərəfindən ciddi tənqid edilmişdi.
Yadigar Sadıqov: "Bütünlüklə şər-böhtançı Xədicə İsmayıldan hər cür böhtanlar gözləmək olar"
Müsavat başqanının müavini Yadigar Sadıqov da X.İsmayılın Müsavat haqqında fikirlərini şərh edərkən bildirib ki, həmişə olduğu kimi, yenə də böhtançı xanım Müsavata qarşı qərəzlidir: " Bütünlüklə şər-böhtançı X.İsmayıldan hər cür böhtanlar gözləmək olar".
Bu yerdə Y.Sadıqova çatdırmaq yerinə düşərdi ki, bir növ adətkar olan X.İsmayılın kimliyini bir də vərəqləsin. Çünki uzun illər X.İsmayılın erməni dəyirmanına su tökdüyünü, erməni maraqlarına xidmət etdiyini, ümumiyyətlə, ermənilərə Azərbaycanı "vurmaları" üçün hansı istiqamət lazımdırsa, məhz həmin istiqamətdən çıxış etməsi aydın görünür. Bunun da səbəbi bəllidir. "Bizdən olmayan düşməndir" prinsipindən tutmuş siyasi şantajlara, sətiraltı həqarətlərə və s. oxşar amillərə söykənən "prinsip" həm X.İsmayılda, həm də Ə.Kərimlidə mövcuddur. Ancaq bəzi fərqlər istisna olmaqla.
Göründüyü kimi, X.İsmayılı, həqiqətən də qazan qaynadıb və bu hal onsuz da gərgin olan AXCP-Müsavat münasibətlərinə öz təsirini göstərib və əslində, bu günə kimi olanları Ə.Kərimlinin sifarişi kimi də qiymətləndirmək olar. Çünki X.İsmayıl hər zaman AXCP-nin qeyri-rəsmi işçisi olaraq, lazım olan anda Ə.Kərimlinin düşmənlərinə qarşı qısqırdılıb. Görünür, bu vəziyyət hələ çox yaşanacaq...
Rəfiqə HÜSEYNOVA