PDF Oxu

Müxalifət

  • 1 989

Qəbirin belə düzəldə bilməyəcəyi qozbel müxalifət

image

SİYASİ RAKURS

Mövcud faktlar məhz belə nəticəyə gəlməyə zəmin yaradır

Artıq uzun müddətdir ki, Azərbaycan müxalifətində, əsasən, radikal düşərgədə daimi müşahidə olunan bir tendensiya ictimai rəyin diqqətindən kənarda qalmır. Bu tendensiya müxalifətdəki birliklərin qısamüddətli olması ənənəsidir və təbii ki, bütün bunların səbəbi var. Məsələn, hər hansı bir ölkədaxili siyasi proseslər zamanı - seçkilərdə və s. böyük səs-küylə, eyforiyalarla müşahidə olunan birliklər yaranır, siyasi proseslər başa çatdıqdan sonra bu birliklər dağılır. Bir müddət sakitlik hökm sürür, ardınca isə növbəti siyasi proseslərdə yeni birliklər eynilə öncəkilər kimi yaradılır və beləcə, 20 ildən artıqdır davam edir. Xüsusilə, bu faktor müxalifətin radikal qanadında öz təsdiqini tapır. Bu qanada mənsub AXCP, Müsavat və s. bənzər tipli partiyalar fəaliyyətlərinin zəifliyi barədə baş sındırmaları yerinə, yeni birliklər yaratmağı daha üstün tuturlar. Amma nəticələri də göz qabağındadır...

Belə ki, illərdir eyni adamlar, eyni siyasi təşkilatlar heç nəyi dəyişmədən, sadəcə, eyni birlikdə təmsil olunurlar, lakin ortada bir uğur olmayıb, indi də yoxdur.

Siyasi partiyalar marginallaşıblar, kiçik qrupun maraqlarının ifadəçisindən uzağa gedə bilmirlər

Bu məsələyə Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevin də maraqlı münasibəti var. Onun sözlərinə görə, siyasi partiyalar mövsümi şəkildə fəallaşırlar və bu fəallıq, əsasən, seçki ərəfəsində baş verir: "Dünyada da belədir, amma qonşu ölkələrə baxsaq, məsələn, Türkiyədə seçki aktivliyini ilboyu müşahidə edirik. Daimi görüşlər, əlaqələr həyata keçirilir. Azərbaycanda partiyaların əksəriyyətinin resursları yetərincə deyil. Uzun müddətdir ki, siyasi partiyalar eyni şeyləri vəd etməklə məşğuldur. Ona görə də istər-istəməz insanlarda siyasi partiyalara qarşı biganəlik var. Siyasi partiyalar marginallaşıblar, kiçik qrupun maraqlarının ifadəçisindən uzağa gedə bilmirlər. Şübhəsiz ki, seçki ərəfəsindən başqa fəallaşmaq imkanları yoxdur. Nə maliyyə resursları, nə də insan resursları kifayət qədər deyil. Buna görə də elektoratı hərəkətə gətirmək gücünə malik deyillər".

Lakin daha bir amil də mövcuddur. Belə ki, siyasi partiyalar bir-birinə münasibətdə düşmənçilikləri, yəni siyasi rəqib olmaqdan daha çox barışmaz tərəflər kimi görünmələri davam edir. Partiyaların bir-birini ittiham etməsi isə, şübhəsiz ki, elektoratın inamını zədələyir. Zədələnmiş etibarın daha da zədələnməsi və hər seçkidən sonra bunun geniş miqyas alması, ümidlərin doğrulmaması siyasi partiyaların passivləşməsinə gətirib çıxarır. Nəticədə, onlar nə cəmiyyətdə nüfuz qazana bilir, nə də siyasi proseslərə təsiredici impulslar verə bilmirlər. Çünki siyasi-ictimai rəy də eyni simaları görməkdən də yorulub.

Müsavatda Arif Hacılının İsa Qəmbəri dəyişməsi heç nəyi dəyişmədiyi kimi, AXCP-də də Əli Kərimlinin qurultay keçirib özünü sədr seçdirməsi daha rüsvayçı durumu sərgiləmiş oldu

Fakt budur ki, radikal müxalifət partiyalarında yeniləşmə prosesləri getmir. Hətta nəsillərin dəyişməsi prosesi belə yeni qüvvələrin gəlməsi ilə müşayiət olunmur. Daha çox mexaniki dəyişmə baş verir, alternativlər isə yox səviyyəsindədir. Məsələn, Müsavatda A.Hacılının İ.Qəmbəri dəyişməsi heç nəyi dəyişmədiyi kimi, AXCP-də də Ə.Kərimlinin qurultay keçirib özünü sədr seçdirməsi daha rüsvayçı durumu sərgiləmiş oldu. Bütün bunlar isə belə deməyə zəmin yaradır ki, partiyadaxili demokratiya amili radikallarda, ümumiyyətlə mövcud deyil.

Maraqlıdır ki, sözügedən faktların mövcudluğunu uzun illər radikal müxalifət partiyası kimi fəaliyyət göstərən, lakin sonradan konstruktivliyə meyillənən ADP-nin rəhbərliyi də təsdiq edir. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, hazırda müxalif qüvvələr demokratik dəyərlərdən uzaqlaşıblar və birliklərin, siyasi blokların bu şəkildə qısamüddətli olması, dağılması bununla əlaqədardır.

ADP sədri qeyd edib ki, Azərbaycanda bloklar yaranandan sonra, bura daxil olan partiyalar həmin blokları öz təsirində saxlamaq, hegemonluq etmək niyyəti güdür: "Bloka daxil olan partiyalardan biri digərlərini öz təsiri altına almağa və həmin qurumda üstünlük əldə etməyə çalışır. Həmin qurumlarda maraqları sıxışdırılan partiyalar məcbur olurlar ki, həmin blokların əleyhinə iş aparsınlar və kənarda da yeni birliklərin yaranmasına cəhd etsinlər. Əgər irəli sürülən yeni təşəbbüs də hər hansı partiyanın maraqlarına xidmət edəcəksə, onun da taleyi digər birliklərin taleyi kimi olacaq. Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər".

"Milli Şura" müxalifəti parçalayan başlıca qurumdur

Daha bir sabiq radikal müxalifətçi, BAP sədri və "Milli Şura"nın sabiq üzvü Elşad Musayev deyib ki, ölkədə müxalifətin daxilində kifayət qədər problemlər var və "Milli Şura" müxalifəti parçalayan başlıca qurumdur: "Görünən budur ki, müxalifətdə olan bəzi dostlarımız hələ tam demokrat olaraq yetişməyiblər. Ona görə də bir-birilərini ittiham edirlər. Məsələn, bir partiya hansısa təşkilatdan çıxıbsa, buna görə ittiham olunmamalıdır. Çünki bu, həmin partiyanın hüququdur. Amma biz görürük ki, bir partiya hansısa birlikdən çıxıb gedən kimi başlayırlar onu söyməyə. Fikrimcə, bu bizim demokratik qüvvə kimi tam yetişməməyimizin səbəbindəndir. Mən çox səmimi deyim ki, Azərbaycan müxalifətinin içində çoxlu sayda insan var ki, demokratik dəyərləri əxz edə bilməyib. Bu, belədir. Siyasətçiliyi də bir-birini gözdən salmaqda, "mən güclüyəm" deməkdə görürlər. Ancaq fakt odur ki, Azərbaycanda güclü müxalifətdə yoxdur. Situasiyanı dəyişmək gücündə olan müxalifət yoxdursa, deməli, güclü müxalifət yoxdur. Odur ki, heç kim deməsin ki, mən güclüyəm".

Göründüyü kimi, nəninki sadə ictimai rəy, eləcə də müxalif düşüncəli insanlar da qeyd edilən faktları təsdiq edirlər. Ancaq bütün mənalarda görünən həm də budur ki, qozbeli qəbir düzəldər. Bu müxalifət artıq o qədər qozbelləşib və naftalin qoxusu verməyə başlayıb ki, onları heç qəbir də düzəldə bilməz...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər