Bu faktor özünü dəfələrlə sübuta yetirib...
Müxalifətin siyasi mənfəət, yaxud siyasi dividend axtarışlarından doğan tərzlərinə nəzər salarkən, bir daha bəlli olur ki, əslində, bu kimi davranışlar arxasında şişirdilmiş "siyasət" motivi normal düşüncəli cəmiyyət arasında daha çox nəzərə çarpır. Söz yox ki, vətəndaş cəmiyyətinin quruculuğunda müxalifətçilik amilinin dayanması həm də demokratik plüralizmin göstəricisidir. Yəni normal, sivil dəyərlərə əsaslanan, məntiqi siyasi gedişlər edən müxalifətçiliyin bir müddətdən sonra iqtidarda olmaq şansları hər zaman mövcud olub. Bunu müasir dünyanın siyasi həyatında cərəyan edən hadisələrdən də görmək mümkündür. Xüsusilə, Qərb ölkələrində bu kimi tendensiyalara daha çox rast gəlinir.
Ucuz populizm xətti
Elə də uzağa getməyərək, bir neçə il öncə bəzi post-sovet ölkələri məkanında baş verən siyasi mühiti bir daha xatırlada bilərik. Gürcüstanda və Ukraynada müxalifətçiliyin tamamilə başqa istiqamətdə olduğunu görərik. Düzdür, bu ölkələrdə müxalifətçilər müəyyən yollarla hakimiyyətə gəlsələr də, sonradan siyasi üstünlüyü ələ alanların heç də ölkəni idarə etmək bacarıqlarının 100%-lik həddə olmadığının şahidi olarıq. Yəni onlarda da heç nə ideal deyil.
Azərbaycan müxalifətinin, xüsusilə özlərini "ənənəvi müxalifətin liderləri" adlandıran fərdlərin bu və ya digər şəkildə ən kiçik hadisələrə belə, dar düşüncə müstəvisində yanaşma xətti tutmaları özündə ucuz populizmdən başqa heç nəyi əks etdirmir. Bu kimi olaylara bir çox məsələləri aid etmək mümkündür.
Ani baxış dəyişiklikləri
Onu da xatırlatmaq olar ki, bir vaxtlar AXCP və Müsavat kimi partiyalar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi, keçmiş səhiyyə naziri Əli İnsanovu, demək olar ki, buraxılışlarında, mütəmadi olaraq müxtəlif məsələlərdə ittiham edir, onların fəaliyyətlətini tənqid atəşinə tuturdular. Ancaq həmin adamların məlum dövləti cinayət əməlləri faş olduqdan sonra, sözügedən mətbuatın onlara qarşı baxışları anidən dəyişikliyə məruz qaldı. Nəticədə, həm F.Əliyev, həm də Ə.İnsanov nədənsə radikal müxalifətin "qəhrəmanlıq obrazlarına" çevrildilər və əlbəttə ki, belə gedişlərin arxasında adları çəkilən mətbuata, bilavasitə nəzarət edən AXCP sədri Ə.Kərimlinin, eləcə də, Müsavatın sabiq başqanı İ.Qəmbərin siyasi mənfəət güdmələri dayanmışdı. Bu gün də həmin şişirdilmiş "siyasət" "liderlər" tərəfindən yürüdülməkdədir.
Məhz bu xüsusda, ictimaiyyətə "ənənəvi müxalifət" kimi sırınmağa cəhdlər edən, lakin həmin cəhdlərində daim rəzillik və cılızlıq təsiri bağışlayan "liderlər"in şişirdilmiş "siyasətləri" imitasiyadan başqa heç bir obrazı canlandırmır. Belə müxalifətin isə iqtidara gəlmək şansı bütün hesablamalar çərçivəsində, əlbəttə ki, sıfıra bərabərdir. Bu faktor artıq özünü dəfələrlə sübuta yetirib.
Afət TAHİRQIZI