Ekspert: "Dağıdıcı müxalifətin boşboğazlığına heç kim baş qoşmaz"
Bəzi dünya ölkələrində baş verən xoşagəlməz hallardan, çaxnaşmalardan və vətəndaş qırğınlarından istifadə etməyə çalışan Azərbaycanın dağıdıcı müxalifəti xalqı kütləvi etiraz aksiyaları keçirməyə çağırır. Heç bir sosial bazası olmayan dağıdıcı müxalifətin belə bir çağırışlar etməsi heç kimin marağında deyil. Ən əsası, kütləvi aksiyaların keçirilməsi üçün heç bir sosial sifariş yoxdur. Baxın, Fransada terror hadisəsindən dərhal sonra AXCP sədri Əli Kərimli Azərbaycan iqtidarına qarşı zorakı üsullardan istifadə etmək üçün çağırışlar etdi. Terror hara, sivil siyasi mübarizə hara? Görəsən Ə.Kərimlini nə üçün dünyada baş verən sivil qaydalar deyil, məhz terror hadisələri belə vəcdə gətirir? Səbəbi çox sadədidir: bu insanın xisləti budur. Necə ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi döyüş meydanına çevirmişdilər, kriminal durum pik həddə çatmışdı. Hətta ölkənin eks-naziri İsgəndər Həmidov Milli Məclisdə silah çıxarıb, hər kəsi hədələyirdi. İyun ayının 15-də Türkiyədə baş verən xoşagəlməz olaylardan sonra AXCP sədri müxtəlif çıxışlarla kimlərəsə "yarınmağa" çalışsa da heç bir nəticəsi olmadı. Bu adam, həqiqətən nə etdiyini bilirmi? "NİDA" üzvləri vasitəsilə özünü gündəmdə saxlamağa çalışan AXCP sədrinin özü də verdiyi bəyanatların nə dərəcədə yüngül təsir bağışladığının fərqində deyil. Guya elektrik enerjisinin satış qiymətinin 1 qəpik qalxması xalqda böyük narazılıq yaradıb. Belə bir sərsəm iddiaların sahibi olan Ə.Kərimli başa düşürmü ki, fürsətcil olmaq insan alnını dabana dirəyir. Xalqın adından istifadə edərək, insanları təxribata səsləməyin elə də yaxşı bir adı yoxdur. Başa düşürük, sən hakimiyyətə gəlmək üçün ermənilərlə də işbirliyinə hazırsan. Ancaq bura sənin arzuladığın Ermənistan deyil.
Belə bir durumda dağıdıcı müxalifətin xalqı etiraza səsləməsi nə dərəcədə doğrudur? Suala cavab verən ASDP sədri, millət vəkili Araz Əlizadə bildirib ki, dağıdıcı müxalifət hər zaman hər cür narazılıq və uğursuzluqdan faydalanmağa çalışıb: "Burada qanun pozuntusu yoxdur, lakin əxlaqsızlıq elementləri var. Bizim qəribə radikal müxalifətimiz var. Sabah Allah eləməsin, ermənilər hücuma keçib, gəlib Yevlaxa çatsalar, radikal müxalifət üçün bayram olacaq. Necə ki, onlar 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qarabağda hər bir məğlubiyyətdən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar, indi də bu cür şeylərdən istifadə edib, hakimiyyətə gəlmək istəyirlər. Lakin onların arzuları ürəklərində qalacaq. Artıq Azərbaycan oturuşmuş və sabit dövlətdir. Gəda-güdələr bir daha hakimiyyətə gələ bilməyəcəklər".
Ekspert Vüqar Əsgərov da dağıdıcı müxalifətin çağırışlarının heç bir əhəmiyyətə malik olmadığını bildirərək, qeyd edib ki, müxalifətin heç vaxt konkret proqramı olmayıb: "Həmişə xarici ölkələrdə baş verən hadisələrdən özlərinə "dərs" götürməyə çalışıblar. Bir ara narıncı köynəklər geyinib, boyunlarına eyni rəngdə qalstuklar bağlayıb, çevrilişə hazırlaşırdılar. Daha sonra "məxməri inqilab", "sarı inqilab" eşqinə düşdülər. Boşboğazlıq edənlərə heç kim baş qoşmaz".
Samir