Rəsul Quliyev: "Bu səviyyədə düşüncəsiz və səviyyəsiz müxalifət görməmişəm"
Eks-spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev son günlər müxalifət düşərgəsində hər partiya sədrinin "liderlik" iddiasında olmağından əsəbləşərək, onları səviyyəsiz adlandırıb: "Səviyyəsiz düşüncəyə malik olan kəslərdən bundan savayı nə eşitmək olar? Bu, o müxalifətdir ki, öz siyasi istəklərini həyata keçirmək və məqsədləinə çatmaq üçün hər cür alçala bilirlər. Çünki onlar 24 ildir ki, yaramazlıqlar "ideologiyası"na söykənib, eyni çirki əməllərini davam etdirirlər.
R.Quliyev müxalifətin çirkin məqsədlərini bir-bir xatırladaraq, "Ə.Kərimli qədər satqınlıq şinelindən çıxmışlar" adlandırmışdır: "Elə bunun nəticəsidir ki, onların müxalifətçilik imkanları sıfıra bərabərdir. İnsanlar artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymurlar. Bu səviyyədə düşüncəsiz və səviyyəsiz müxalifət görmədim. Elə buna görə də müxalifətin Azərbaycanın həyatında dəyişikliyə nail olmaq potensialı sıfıra yaxın bir səviyyədədir".
R.Quliyev daha sonra bildirib ki, İ.Qəmbər və Ə.Kərimlinin hansı məqsədə qulluq elədiklərini özlərindən başqa heç kim bilə bilməz: "Belə nəticə çıxartmaq lazımdır ki, müxalifət hesab edilmək üçün gərək heç bir işlə məşğul olmayasan, hərdənbir azadlıq qışqırıb, tufeyli həyat sürəsən. Əgər müxalifətçiliyi özünə peşə seçmisənsə, istənilən bir qurumda ömrünün axırına qədər oturacaqsan. Əgər məqsədin ölkədə demokratiyaya nail olmaqdırsa, bu, artıq peşə deyildir, mövqedir, qələbə çalana qədər cəhdlərinin müxtəlif variantlar və vasitələrlə baş verməsi təbiidir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə elementar anlayışları başa düşən müxalifət yoxdur. Onlar bu kimi vasitələrlə onsuz da xalqdan təcrid olunublar. Nə yaxşı ki, onlarla deyiləm".
Eks-spiker, həmçinin bəzi müxalifət nümayəndələrinin Azərbaycanda dəbdə olan "Rəsul Quliyev artıq siyasi meyitdir" frazalarından istifadə etmələrinə də münasibətini bildirib: "Görünür, onlar bundan xoşallanıb "növbəti düşmənimizi məhv etdik" düşünürlər. Ancaq anlamırlar ki, müxalifət düşərgəsində olanlar çoxdan meyit olaraq arxivə atılıblar".
Rəfiqə HÜSEYNOVA