PDF Oxu

Müxalifət

  • 2 035

Müsavat növbəti qalmaqalını saldı

image

Arif Hacılı: "Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərin heç bir faydası yoxdur"

Bütün dövrlərdəki acı seçki məğlubiyyətlərindən sonra bir-birlərni xəyanətlərdə, uğursuzluqda günahlandıran ənənəvi müxalifət "liderləri" həmin vasitələrlə özlərini təmizə çıxarmağa, məğlub kimi əsl səbəbkar olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Əlbəttə ki, bu kimi vasitələrlə növbəti seçkilərə qədər ayaqda qalmağa cəhd edən partiyalar, əslində cəmyyətdə heç bir nüfuz əldə edə bilmirlər. Bu səbəbdən də, bir-birlərini ittiham etməklə işlərini bitmiş hesab edirlər. Buna misal kimi "Milli Şura" yaradılarkən, az qala dünyanın ən "monolit" və "möhtəşəm" müxalifət birliyi qismində təqdim olan siyasi təşkilat "liderləri"nin qurumla bağlı pafoslu bəyanatlarını xatırlamaq olar. Ancaq həmin bəyanatların bu gün tamamilə tərs istiqamətdə yer alması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq "Milli Şura" adlı qurum yox səviyyəsindədir.

"Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır"

Bu arada məğlubiyyət günahlarını digər partiya "liderləri"nə - keçmiş eks-spiker Rəsul Quliyevə və ALP "lideri" Lalə Şövkət Hacıyevaya minnət tonunda ünvanlayan Müsavat başqanı Arif Hacılı öz ittihamlarında bildirib ki, belə fərdlərlə əməkdaşlıq etmək səmərəsizliklə nəticələnib. A.Hacılı bildirib ki, Müsavat partiyası zamanında çox güzəştlərə gedib: "...Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman R.Quliyev, L.Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi...Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır..."

A.Hacılının minnət və ittihamlar fonunda L.Ş.Hacıyeva ilə R.Quliyevi şübhəli keçmişdə günahlandırması istər-istəməz belə bir sual yaradır - Əgər Müsavat rəhbərliyi hər iki şəxsin şübhəli keçmişlərindən xəbərdar idisə, nəyə görə "Milli Şura" təsis olunarkən "liderləri" həmin quruma dəvət edərək onlarla əməkdaşlıq etdilər? Məgər həmin vaxt onların şübhəli keçmişləri yox idimi?

Məhz bütün bunlardan sonra ittiham atəşinə tutulan R.Quliyev və L.Şövkət son vaxtlar Müsavat partiyasının hədəfinə tuş gəlməyə başlayıb. Ancaq görünən budur ki, sonradan atılan daş topuğa dəyər. Necə ki, A.Hacılı hələ də öz günahlarını aşqalarının üzərinə atmağa cəhd edir. Görünür, Rəsul-Arif qarşıdurması hələ çox mətləbləri üzə çıxaracaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər