Fərdi maraqların müxalifəti
Deyəndə ki, müxalifətin xəstəliyi əlacsızdır, ağız büzürlər. Görünür, müxalifət nəyə ağız büzdüyünü yaxşı bilir- satqınçılıqla aldıqları qrantların artırılmasını istəyirlər. Bu gün vətəndaş cəmiyyətinin formalaşması üçün ayrılan qrantların elə dağıdıcı təmayüllü müxalifətçilər tərəfindən mənimsənilməsi kifayət qədər hər şeyi ortaya qoyur. Hazırkı məqamda düşərgədə siyasi proseslər sıfır həddindədir və həmin tərəfdə durğunluq hiss olunur. Bu siyasi proseslərin passiv olmasının səbəblərindən birincisi düşərgənin yetərli qədər güc sahibi olmaması, elektorat sıxıntı çəkən əks- düşərgənin bir başqa problemdə cəmiyyətdə böyük inamsızlıq sindromu yaratmasıdır. 1993-cü ildən bəri dəyişməyən, yenilənməyən, güclənməyən və ən əsası cəmiyyətə adaptasiya olmayan müxalifət, təbii ki, indiki vəziyyətə düşməlidir.
Müxalifət niyə zəifdir?
Bəllidir ki, istənilən bir ölkədə müxalifətin varlığı çox mühüm şərtdir. Ancaq Azərbaycan müxalifəti tamamilə əks-qütbdə dayanıb. Məsələn, beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasiləşmiş QHT-lərin formalaşması üçün hər il külli miqdarda qrantlar ayırır. Həmin vəsaitləri alanların böyük bir qisminə diqqət yetirsəniz, açıq şəkildə görərsiniz ki, onlar müxalifət funksionerləri və ya bu düşərgənin təmsilçiləridir. Əslində, kənardan baxıldıqda mənzərə belə görünür ki, beynəlxalq təşkilatlar hazırkı məqamda elə bu qüvvələrlə işləmək zorundadır. Ən əsası isə qrant almış müxalifət nümayəndələri həmin pulların böyük bir qismini şəxsi maraqları üçün sərf edirlər. Belə olan təqdirdə, təbii ki, ölkədə siyasi proseslərin aktivləşməsindən danışmağa dəyməz. Çünki bu təşkilatların məqsədinin siyasi prosesləri passivləşdirərək, bu yolla daha artıq qazanc əldə etməkdən başqa heç bir niyyətlərinin olmadığı göz önündə canlanır. Sual olunur ki, müxalifət niyə zəifdir? Cavab aydındır - çünki hakimiyyət güclüdür. Eyni zamanda, müxalifət bu günə qədər tutarlı bir iş görmək qabiliyyətində də olmayıb. İnsanları meydanlara səsləyən "liderlərin" özləri xalqın önündə olmadısa, o zaman nə danışılsa belə, boşunadır. Tarixdə indiyə qədər eşitmisinizmi ki, sərkərdə arxada qalsın, qoşun öndə gedib, bu döyüşdə qalib gəlsin?
Digər bir məqam isə, müxalifət "birlikdən" çox danışır, ancaq birləşə bilmir. Səbəb bəllidir - birləşə bilməməsi heç də siyasi maraqların fərqli olmasından və ya üst-üstə düşməməsindən deyil, məhz yenə də şəxsi maraqlar və bunun müqabilində qrant qazanmaqdır. Elə götürək AXCP sədri Ə.Kərimli və keçmiş Müsavat başqanı İ.Qəmbəri. Nə onlar, nə də bir başqası onların biri ilə yola getmir. Elə buna görədir ki, "biləşmək" adı altında yaradılmış blokların taleyi də uğursuz olur. Belə ki, 2005-ci ildə yaradılmış "Azadlıq" bloku parçalandı, "Qarabağ və Respublika Uğrunda Hərəkat" blokunda hərc-mərclik hökm sürür, "İctimai Palata", arxasınca isə ölü qurum olan "Milli Şura" heç bir səmərə verməyərək, fəaliyyətini sıfıra endirdi. Orada kimsə kimsəni dinləmir. Bütün bunlardan sonra cəmiyyət bu siyasi birliyi necə qəbul etsin?
Beləliklə, müxalifət özü-özünə quyu qazmaqda davam edir. Çünki müxalifətin sıradan çıxması üçün hakimiyyətə əlavə resurs cəlb etmək lazım deyil. Zatən, əks-düşərgə özü-özünü içindən didib-parçalayır.
Rəfiqə KAMALQIZI