PDF Oxu

Müxalifət

  • 1 954

Müxalifət üçün yeni bəhanə - referendum mövzusu

image

TƏRS BAXIŞ

Və ya iqtidara gəlmək reallığı onların heç birinin alnına yazılmayıb!

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi haqqında imzaladığı Sərəncamdan sonra uzun müddətdir ki, dərin yuxuya gedib passivləşən, qeyb olan ənənəvi müxalifət "liderləri" yenidən ortaya çıxaraq "varlıqlarını" sübut etməyə başlayıblar. Ümumiyyətlə, ölkədə istənilən ictimai-siyasi hadisələr ərəfəsində üzə çıxan "liderlər" bu dəfə də əllərinə düşən bəhanədən maksimum yararlanmağa çalışırlar. Referendum mövzusu gündəmə gəldikdən sonra deyilənlər bir daha öz təsdiqini tapmaqdadır. Hətta bir-birlərinə düşmən kəsilmiş, barışmaz mövqelərdə olan, ayrı-ayrı qurumlarda təmsil olunub, məhz öz təşkilatlarını "real müxalifət" kimi ictimai rəyə sırımağa çalışanlar belə, bu məsələdə "həmfikir" olmağa başlayıblar. Çünki ortada daha bir məsələ var - DÖVLƏTİN NÖVBƏTİ İNKİŞAF MƏRHƏLƏSİ!

23 ildir ki, itirə-itirə, səfləri pozula-pozula parçalanan və dağılan müxalifətin belə bir vəziyyətdə hər hansı bir layihəyə qarşı çıxmasının özü gülünc və istehzadoğurucudur

Demokratik prinsiplərə söykənən Referendum Aktı layihəsi nədənsə həmin müxalifətin "birlik" məsələsini gündəmə gətirib. Necə ki, prezident və parlament seçkilərində dağıdıcı müxalifət dəfələrlə "birləşib", sonradan isə ən qatı düşmənlərə çevrilməklə bir-birlərinə qatı rəqib olublar.

Bunları narahat edən məsələlərdən biri də konstitusiyada prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılmasıdır. Guya bunlar hakimiyyətə gəlməyə o qədər yaxındırlar ki, ölkə rəhbərliyi müddətinin 2 il artırılması onların "hakimiyyətə gəlmək" planlarını pozur (?-R.N.). 23 ildir ki, itirə-itirə, səfləri pozula-pozula parçalanan, dağılan müxalifətin belə bir vəziyyətdə hər hansı bir layihəyə qarşı çıxmasının özü gülünc və istehzadoğurucudur. Çünki xalq bunlardan soruşa bilər ki, axı sən hansı üzlə "hakimiyyətə yiyələnəcəyini" düşünürsən?!

Onları özlərindən başqa eşidən varmı?

AXCP sədri Ə.Kərimli hər zamankı kimi sosial şəbəkədə ortalığa düşüb üz-gözünü, saç-birçəyini yolur, əlaltıları da ona bu işdə enerji verirlər. A.Hacılı İqbal Ağazadə və sairləri də eyni vəziyyətdə vay-şivən salır, dərhal təşəbbüs qrupları yaradıb Referendum Aktını boykot etmək üçün çağırışlar edirlər. Amma kimə..? Hara..? Onları özlərindən başqa eşidən varmı? Bu barədə düşünüblərmi ki, 23 il müddətində dəfələrlə seçkiləri və referendumları boykot etmələrinə rəğmən, özlərini daha pis duruma sürükləyiblər? Əlbəttə ki, bu barədə düşünmək, nəticə çıxarmaq onlara sərf etmir. Onlara sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında "varlıqlarını" sübut etməyə çalışsınlar.

Əbəs yerə özlərini yorurlar. Çünki onlar siyasi ömürlərini sürünə-sürünə yaşaya bilsələr ildən-ilə 24 ilin, 25 ilin 50, ilin, hətta 100 ilin müxalifətinə çevriləcəklər. Çünki "İQTİDARA GƏLMƏK" reallığı onların heç birinin alnına yazılmayıb!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər