PDF Oxu

Müxalifət

  • 2 021

AMİP sədr böhranından çıxa biləcəkmi?

image

İddialılar olsa da, cürət edib irəli çıxan yoxdur

Hələ ötən ilin parlament seçkiləri ərəfəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədrliyindən gözlənilməz şəkildə istefa verən Yusif Bağırzadə ciddi ittihamlarla üz-üzə qalıb və hazırda da eyni vəziyyət davam etməkdədir. Artıq 9 aya yaxındır ki, sədrsiz qalan AMİP, demək olar ki, ölkədəki bir sıra siyasi hadisələrdən də kənar qalmaqdadır. Düzdür, rəhbərlik bildirir ki, partiya yeni sədrin seçilməsi üçün qurultay keçirməyə hazırlaşır və bunun üçün yerlərdə konfranslar da keçirilir. Amma görünən budur ki, baş verənlər, sadəcə ictimai rəydə AMİP-in "işlək" partiya görüntüsünü yaratmasına hesablanıb. Əslində isə, sədr böhranı daxildən daha da böyüməyə başlayıb.

Daha bir diqqətçəkici məqamlardan biri də sədrliyə konkret iddialıların olmadığını deyən milli istiqlalçı funksionerlərin daxili çəkişmələri gizlətmək cəhdləridir.

AMİP-çilərin gözləntiləri özünü doğrultmur

Növbəti vacib olay partiyanın qurucusu və ilk sədri, o cümlədən hazırkı lideri Etibar Məmmədovun sözügedən vəziyyətə müdaxilə etməməsi, yaxasını kənara çəkməsidir. Halbuki AMİP sıralarında təmsil olunan bir çoxları bu böhrandan çıxmaq üçün, məhz E.Məmmədovun müdaxiləsini gözlədiklərini deyirlər. Ancaq onların gözləntiləri özünü doğrultmur. Məmmədov hələ də susqunluq sərgiləməklə partiyadaxili ağır vəziyyəti öz axarına buraxdığını nümayiş etdirir.

Sirr deyil ki, AMİP sədrliyinə real iddialılar sırasında baş katib Arzuxan Əlizadənin, partiyanın mərkəzi şurasının təmsilçisi Əli Orucovun və təşkilat sədrinin xarici əlaqələr üzə müavini Elşən Mustafayevin adları daha çox hallanır. Lakin onlar da mətbuata verdikləri açıqlamalarında konkret nəticənin hasil olmadığını deyir, AMİP-in qurultaya hazırlaşdığını bildirərək, öz yaxalarını kənara çəkirlər. Söz yox ki, bu cür addımlar partiyanın durumunu daha da ağırlaşdırır. Necə deyərlər, "örtülü bazar" prinsipi artıq partiyadaxili narazılıqların yaranmasını sürətləndirir.

Etibar Məmmədov sədrliyə iddialı olanlara hansı qadağanı qoyub?

Digər tərəfdən, adıçəkilən hər üç funksioner uzun illərdir bu partiyada təmsil olunmaqla yanaşı, onların hər biri, bilavasitə E.Məmmədova xüsusi yaxınlıqları ilə seçilirlər. Hazırda AMİP-ə qeyri-rəsmi rəhbərliyi A.Əlizadə etsə də, digər iki şəxs də idarəçilik funksiyası istiqamətində hərəkət etməkdədirlər. Onlar Y.Bağırzadənin istefasından sonra mətbuat vasitəsilə verdikləri açıqlamalarında aşkar olmasa da, sətiraltı şəkildə AMİP-in sədr postu uğrunda iddia irəli sürəcəklərini gizlətməmişdilər. Ancaq bir müddət sonra iddia məsələsinə birdəfəlik son qooyuldu. Daha bir nüans isə AMİP-də maliyyələşmə məsələsidir. Bildiyimiz kimi, istənilən siyasi təşkilatın ayaqda saxlanılması, müxtəlif proseslərə sirayət etməsi üçün maliyyə resursunun olması vacibdir. Y.Bağıırzadədə bu imkanlar var idi. Çünki onun sədrliyi dövründə AMİP bir neçə beynəlxalq tədbirlərdə iştirak etmiş, partiyanın fəaliyyətində müəyyən nəzərəçarpacaq məqamlar gözə dəymişdi. Söz yox ki, burada siyasi fəaliyyətdən əlavə biznes fəaliyyətinin olması da sirr deyil. Məhz həmin biznesdən əldə edilən gəlirlər vasitəsilə sabiq sədr AMİP-i siyasi arenadan silinməsinə imkan vermirdi. İndi isə bu, baş vermir. Mövcud vəziyyət isə əksinədir. İddialıların heç biri AMİP-in fəaliyyəti üçün maliyyə bazalarını işə salmırlar. Halbuki onların hər biri yaxşı bilirlər ki, AMİP sədrinin kürsüsündə əyləşəcək siyasinin maliyyə qaynaqlarının olması şərtdir. Maliyyə resursu olmadığı halda, AMİP nəinki mərkəzi aparatını, heç aşağı strukturlarını belə idarə edə bilməyəcək. Görünür, bu səbəbdəndir ki, AMİP-in konfransları və qurultay tarixi hər dəfə təxirə salınmaqla ayrı vaxtlara təyin olunur.

Siyasi böhran isə öz işini görür

AMİP-də böhranlı vəziyyətdən çıxış istiqamətində formalaşan fikirlərdən biri də E.Məmmədovun yenidən sədr postuna qayıtması ehtimalıdır. Əgər bu da olmasa, o, əvvəl-axır yuxarıda adları çəkilən üç iddialı şəxs arasında yekun seçim etməli, onlardan birinə maliyyə yardımı göstərməli, nəticədə, sədr kürsüsündə əyləşdirməlidir. Amma bu, baş verərsə, AMİP növbəti böhranlı vəziyyətə düşə bilər. Partiyada narazılıq, parçalanma hadisələri reallaşar və AMİP-in bütövlüyünə ciddi xələl vurular. Çünki AMİP bir dəfə eyni vəziyyəti yaşayıb. Çox yəqin ki, bir dəfə parçalanaraq VİP-ə (Vətəndaş və İnkşaf Partiyası, sədr Əli Əliyevdir-R.N.) ayrılan təşkilat bu dəfə də eyni aqibətini yaşaya bilər. Hər halda, qurultay gecikdikcə, AMİP-in problemləri böyüyür, siyasi böhran isə öz işini görür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər