İyul ayının 25-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu partiyanın üzvü olan bir neçə gənclə görüş keçirib. Müxalifət mətbuatı KXCP-nin iclasında guya xeyli sayda gəncin iştirak etdiyini iddia etsə də, əlimizdə olan fotolar isə bunun əksini sübut edir. Hətta cəmi 7-8 nəfər gəncin iştirakı ilə keçirilən KXCP-nin iclasında dava da düşüb. Əldə olunan informasiyalara görə, KXCP-nin qərargahında baş tutan görüş zamanı, əsasən, təhsil və sosial problemlərdən danışan M.Mirəlioğlu gənclər tərəfindən böyük qınağa tuş gəlib. Belə ki, Seymur adlı KXCP üzvü olan gənc fəal ayağa qalxaraq, partiya sədrinin ünvanına sərt ifadələr işlədib. KXCP sədrinin müavini Xəzər Teyyublu gəncin üzərinə hücum çəkib və bundan sonra vəziyyət daha da gərginləşib. Məlum olub ki, uzun müddətdir KXCP-nin üzvü olan gənc M.Mirəlioğlu ilə dəfələrlə görüşməyə cəhd etsə də, imkan verilməyib. İttihamlar qarşısında susmağa üstünlük verən M.Mirəlioğlunun işarəsi ilə gənc zaldan çıxarılıb.
Daha sonra Türkiyədə baş verən hadisələrə toxunan M.Mirəlioğlu bu istiqamətdə fikirlərini açıqlayıb. Beləliklə, iclasda növbəti qarşıdurma yaranıb. Buna səbəb partiya sədrinin Türkiyədəki hadisələrə münasibət bildirərkən səsləndirdiyi ziddiyyətli fikirlər olub. Gənclərdən biri partiya sədrinə "Milli Şura"nın xalqın iradəsinə qarşı çıxaraq, referendum əleyhinə mitinqlər təşkil edəcəyi təqdirdə, KXCP bu mitinqlərdə iştirak edəcəkmi" sualına isə konkret cavab verən tapılmayıb.
KXCP-nin iclasında narazılıqlar bununla bitməyib. İclasdan sonra sosial şəbəkələrdə M.Mirəlioğlunun fikirləri ətrafında müzakirələr aparan "KXCP-çilər," fikirlərinin nəzərə alınmayacağı təqdirdə kütləvi şəkildə istefa verəcəklərini də açıqlayıblar. Məsələn, Nahid Əliyev adlı gənc yazır: "İldə bir dəfə bizi qərargaha yığıb, öz planlarından danışırlar. Ancaq o vaxta qədər də heç bir prosesdən xəbərimiz olmayıb. Əgər "Milli Şura" mitinq keçirsə, biz bu mitinqlərdə yoxuq. Mirmahmud istəyirsə, gedib özü iştirak edər". Partiya haqqında yazılanlara müdaxilə edən Xəzər Teyyublunun "tərbiyəniz olsun, gənclər" şəklində gəncləri təqhir etməsi heç də onlar üçün ürəkaçan nəticəyə gətirib çıxarmayıb. Belə ki, KXCP-nin iki gün öncəki iclasından sonra artıq 5 nəfər gənc partiyadan istefa verib. İstefa verənlərin Aqşin İmanov, Əlövsət Qəmbərli, Vəfadar İslamov, Nahid Əliyev və Mirəli Mirhəşimli olduğu bildirilir.
Samir