İndi də referendum...
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi, uzun müddətdir ki, qış yuxusunda olan müxalifət "liderləri"nin canına yaman vicvicə salıb. Hətta bir-birilərinə düşmən kəsilənlər bir "araya" gəldiklərini və guya ki, bu məsələdə "həmfikir" olmağa çalışdıqları görüntüsünü yaratmağa başlayıblar. Səbəb də bəllidir - Azərbaycan uğurlu inkişaf yolundadır. Bunu isə dağıdıcı müxalifət 23 ildir görmür. Çünki özləri bu 23 ildə itirə-itirə, parçalanıb dağılaraq yoxa çıxıblar. Görəsən, dağılan müxalifətin belə bir vəziyyətdə hər hansı bir layihəyə qarşı çıxmasının özü "badbaxtlıq" deyilmi?
Əli Kərimli-İsa Qəmbər - yaramaz xislətlilərin nümunəsi
Ənənəvi ampluasında çıxış edən müxalifətin dağıdıcı qanadı olan Müsavat və AXCP partiyaları başladılar həşir-şivən qoparmağa. Bu da anlaşılandır. Çünki bu siyasilərin demokratik dəyişiklikləri qəbul edə bilməsi onların yaramaz xislətlərindən və müstəqil qərarlar qəbul edə bilməmələrindən irəli gəldiyini bir daha sübut edir.
Dəyişiklik zamanın tələbidir, ancaq müxalifətin dağıdıcı qanadı buna qarşı çıxır. Xüsusilə də, AXCP, Müsavat partiyası, "Milli Şura" heç bir əsas olmadan dəyişikliklər barədə arqumentsiz səs-küy salmağa başlayıblar. Bu da təəccüb doğurmur. Çünki onlar istənilən yeniliklərə qarşı çıxdığından narazılıqlarda nəsə ciddi arqument axtarmağa dəyməz.
Millət vəkili Elşən Musayev hesab edir ki, bu, müxalifətin çoxdankı ənənəsidir: "Ümumiyyətlə, iqtidar bu günə qədər hansı addımı atıbsa, dağıdıcı müxalifət də ona boş arqumentlərlə qarşılıq verib və heç bir əsası olmayan fərziyyələrlə, fikirlərlə iqtidarın üstünə gəliblər. Biz buna vərdiş etmişik, yəni normal hadisədir. İkincisi də, konstitusiyada yeniliklər olmalıdır. Bu, dünya siyasətinə inteqrasiya ilə bağlı olan məsələdir. Bu günə qədər olan konstitusiya dəyişikliyində hər zaman Azərbaycan xalqının mənafeyi öndə tutulub. İndi də elə olacaq. Azərbaycan xalqı həmişə öz Prezidentinin yanındadır. Azərbaycan Prezidentinin tövsiyələri Azərbaycan xalqı üçün məqbuldur".
Ömürlük məğlubiyyətə məhkum olmuşlar
Millət vəkili onu da bildirib ki, müxalifət özlüyündə narahatdır: "Onlar uzun müddətdir uğursuzluq həlqəsindən çıxa bilmirlər. Amma müxalifət üçün bu dəyişikliklərin nə fərqi var? Hansı ki, bunlar da təklifdir və xalqın səsverməsi ilə müəyyən olunacaq. Onsuz da müxalifətdəkilər ömürlük məğlubiyyətə məhkum olmuş adamlardır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə bildirib ki, müxalifətin intellektual potensialı imkan vermir ki, refendumda yer alan müddəaları şərh edə bilsinlər: "Onların hansı məqamlardan qaynaqlandığını, mövcud vəziyyətdə Azərbaycan dövlətinin maraqları üçün hansı əhəmiyyət kəsb etdiyini dərk edə bilmirlər. Bu, onların intellektual imkanlarının yetəcəyi sərhəd deyil. O baxımdan təəccüblü məqam yoxdur. Bu günə qədər milli maraqlarımızın müdafiəsi ilə bağlı hansı addımlar atılıbsa, bu adamlar həmin addımların əleyhinə çıxış ediblər. İndi də eyni vəziyyət yaşanır".
Beləliklə, 23 ildir ki, dəfələrlə seçkiləri və referendumları boykot etməyə cəhd edən dağıdıcı müxalifət bundan sonra nə əldə edəcək? Qaldı ki, iqtidara gəlmək istəkləri isə onların heç birinin alnına yazılmayıb və bundan sonra da olmayacaq.
Rəfiqə HÜSEYNOVA