AXCP və "Milli Şura" təkləndi
Sentyabrın 26-da keçiriləcək Referendumla bağlı bir müddət səs-küy salan, müxalifət partiyalarını isə birləşərək "xalq hərəkatı" adı altında küçələrə çıxıb, radikallıq nümayiş etdirməyə çağıran AXCP sədri Əli Kərimli, eləcə də "Milli Şura" rəhbərliyi bu dəfə də istədiyini ala bilmədi. Cəbhə sədri sosial şəbəkədə "Milli Şura"da təmsil olunmayan siyasi təşkilatları onlarla birləşərək Referendum Aktı layihəsinə qarşı çıxmağa səsləyib. Ancaq onun yalnız şəxsi mənafeyinə xidmət etdiyini yaxşı bilən müxalifət partiyaları, ümumiyyətlə, bu kimi çağırışlara əhəmiyyət verməyiblər.
6 partiya rəhbəri keçirdikləri toplantıda radikal çağırışlara əhəmiyyət verməməyi qərara alıb
Müxtəlif qurum və hərəkatlarda əməkdaşlıq edən müxalifət partiyaları ya ayrı-ayrılıqda, ya da birgə şəkildə Referendum Aktı layihəsi ilə bağlı toplantılar keçirir, müzakirələr aparırlar. Belə birliklərdən biri də "SPƏM" - "Azadlıq" Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzidir. Bu birlikdə "Azadlıq", "Aydınlar", ALDP, BAP, KXCP, VİP partiyaları təmsil olunurlar. Məhz keçirilən növbəti yığıncağı da sözügedən məsələyə aid edən 6 partiya rəhbəri həmin toplantıda radikal çağırışlara əhəmiyyət verməməyi qərara alaraq, Referendum Aktı layihəsiə dəstək verəcəklərini qeyd ediblər. Beləliklə, qərara alınıb ki, "SPƏM"-də toplaşan siyasi təşkilatlar Referendum prosesində fəal iştirak etmək, üzvlərini bu işdə maarifləndirmək barədə ümumi razılığa gəliblər.
Kərimlinin budəfəki arzusu da reallaşmamış qaldı
Adıçəkilən mərkəz, eyni zamanda onlarla birgə təmsil olunmayan digər müxalifət partiyaları ilə vahid mövqedən çıxış etməyi məqsədəuyğun saymaqla yanaşı, sözgedən çərçivədə əməkdaşlığa hazır olduqlarını da bildiriblər.
Onu da xatırlatmaq yerinə düşərdi ki, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı", Müsavat, AMİP və s. müxalifət partiyaları da Referendum Aktı layihəsi ilə bağlı müzakirələr apardıqlarını bəyan etməklə yanaşı, Referendumda iştirak edəcəklərini də istisna etməyiblər.
Buradan isə, belə qənaətə gəlmək olar ki, ənənəvi müxalifət partiyaları Ə.Kərimlinin radikal çağırışını boykot edir və bu addımları ilə AXCP və "Milli Şura"nı təkləyirlər. Daha dəqiq desək, Ə.Kərimlinin budəfəki arzusu da reallaşmamış qaldı.
Afət TAHİRQIZI