Səbuhi Məmmədli: "Məni Müsavatdan İsa Qəmbəri sevmədiyimə görə qovdular"
Müsavat partiyasının qurultayından xeyli müddət keçsə də, istefa verənlərin, eləcə də İsa Qəmbər tərəfindən şərlə partiyadan çıxarılan şəxslərin ona qarşı ittihamları səngimək bilmir. Bu dəfə, ADR-in təsisçilərindən olan, keçmiş müsavatçı Hüseyn Məlik İ.Qəmbər haqqında sərt ifadələr işlədərək, onu qorxaqlıqda ittiham etdi. Müsavatdan istefa verməsinin səbəblərindən danışan H.Məlik bildirib ki, Arif Hacılının bütün alternativləri Müsavatdan bu və ya digər formada uzaqlaşdırıldılar: "Düzdür, mən Müsavatdan istefa verdiyimə görə peşman deyiləm." ADR sədri Qubad İbadoğlu çağdaş siyasətimizdə əxlaqı, mənəviyyatı və ləyaqəti ilə nümunə olan bir adamdır. Müsavat partiyasının MNTK-sı Qubad bəyi Müsavat partiyasından kənarlaşdıran gün mən MNTK-nın qərarına etiraz edərək, Müsavat partiyasından istefa verdim. Bu gün də istefamla bağlı verdiyim qərarı düzgün hesab edirəm. Bildiyiniz kimi, mən qurultaya qədər Müsavat başqanının müşaviri idim. Qurultaya 1 ay qalmış başqanlığa namizəd Q.İbadoğlunu dəstəklədiyim üçün o zamankı başqan İ.Qəmbər məni sərəncamla müşavirlikdən çıxarmışdı. Keçmiş müsavatçı, partiyanın gənclər birliyinin üzvü Səbuhi Məmmədli "SƏS" qəzetinə açıqlamasında partiyadan uzaqlaşdırılmasının səbəblərini açıqlayıb. S.Məmmədli qeyd edib ki, qurultay ərəfəsində, başqanlığa seçkilər vaxtı bizə mesaj göndərildi ki, əgər kimsə İ.Qəmbərin iradəsinə qarşı çıxsa, onun namizədini-A.Hacılını dəstəkləməsə, partiyadan qovulacaqlar: "İlk olaraq bu bizə ciddi görünmədi. Hətta seçkilərdən bir gün əvvəl A.Hacılı partiyanın qərargahına daxil olarkən, bilmədən ona salam verməyən gəncləri belə özünə rəqib gördü və şərləyərək, partiyadan uzaqlaşdırdı. Mənə təəccüblü gələn bu idi ki, İ.Qəmbər iclasda demokratiyadan, söz azadlığından, sərbəst seçimdən danışırdı, iqtidarı da yeri gəldi-gəlmədi, tənqid edirdi. Ancaq iclasdan sonra bizə qadağalar qoyulurdu. Bunun özü sübut edir ki, o, bitmiş siyasətçidir, sadəcə, insanları müxalifət adı altında aldatmaqla məşğuldur. Mənim Müsavatdan çıxarılmağım isə, lap gülünc şəkildə baş verdi. İ.Qəmbərin quyruğuna çevrilən Səxavət Soltanlı məni çağırdı və dedi ki, İsa bəy səni partiyada görmək istəmir. Səbəbini soruşduqda, bu cavabı aldım: sənin ona sevgin yoxdur... Görün, necə gülünc bir məsələdir. O kimdir ki, ona sevgim olsun!? Bu, o demək idi ki, İ.Qəmbər partiyada diktatorluq edir. Kim onun kimi düşünmürsə, onu sevmirsə, deməli, düşməndir."
Samir