PDF Oxu

Müxalifət

  • 4 049

Dağıdıcı müxalifətin "kütləvi aksiya" vədi reallaşacaqmı?

image

Politoloq: "Xalq bu qurumu dəstəkləmirsə, o zaman bunlar hansı kütləvi aksiyalardan danışırlar?"

Uzun illərdir ki, "kütləvi aksiyalar" adı altında cəmi 100-150 nəfərlik adamın iştirak etdiyi kiçik piketlərlə gündəmdə qalmağa çalışan dağıdıcı müxalifət yenidən "kütləvi" aksiya keçirmək qərarına gəlib. "Milli Şura" bəyan edib ki, Referendum əleyhinə kütləvi aksiyalar keçirmək üçün hazırlıqlara başlayıblar. AXCP sədri Əli Kərimlinin "bu dəfə daha izdihamlı mitinq olacaq" pafosunun nə dərəcədə "ciddi" qəbul olunduğu da hər kəsə bəllidir. Bəs bu mitinqlərə, lap elə "Milli şura"nın dili ilə desək, kütləvi aksiyalara ehtiyac varmı? Ümumiyyətlə, dağıdıcı müxalifətin kütləvi aksiyalar keçirməyə gücü varmı?

Bu mövzuda suallarımıza cavab olaraq BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, dağıdıcı müxalifətin ölkədə və ya regionda baş verən hər hansı bir hadisədən təsirlənib, "kütləvi" aksiyalar vəd etməsi onların köhnə peşəsidir: "Azərbaycanda nə baş verirsə, xalqın xeyrinə baş verir. Referendum günün tələbidir və inanıram ki, xalq öz seçimini bu dəfə də düzgün edəcək. Bunu müxalifət liderləri də çox gözəl anlayırlar. Ancaq onlar "suda boğulanın saman çöpündən yapışmaq" prinsipdən əl çəkmək istəmirlər. Burada bir neçə nüans var. "Milli Şura" kütləvi aksiyalar keçirə bilərmi? Əvvəla, hər kəs bilir ki, bu qurumun bazası yalnız bir neçə üzvdən ibarətdir və heç bir böyük sosial bazaya malik deyil. Bu qurumda xalqın içərisində olan heç bir təbəqənin nümayəndəsi təmsil olunmur. Aksiyaları kütləvi edən isə xalqdır. Xalq bu qurumda yoxdursa, o zaman bunlar hansı kütləvi aksiyalardan danışırlar!? Bunun özü başadüşülən deyil. Bundan başqa, "Milli Şura", xüsusilə də, Ə.Kərimlinin simasında AXCP gündəmdə qalmaq üçün zaman-zaman mitinq metodlarına əl atır. Unutmamısınızsa, AXCP uzun müddətdir ki, mitinq keçirə bilmir. Bu nüans da öz rolunu oynayır. Digər tərəfdən, adıçəkilən bu iki qurumda daxili çəkişmələr o həddə çatıb ki, onların bir yerə cəmlənməsi müşkül məsələdir. Son istefaları gözünüzün önünə gətirin. Guya bu partiyanın 100 min üzvü var. Axı bu boyda yalan olmaz. 100 min üzvü olan partiyanın keçirdiyi mitinqdə 100 adam iştirak edərmi? Həmçinin dağıdıcı müxalifət özünü Qərbmeyillikimi göstərmək üçün bundan sonra bu cür vədlərlə çox çıxış edəcək. Artıq dünyanın siyasi xəritəsində çox ciddi dəyişikliklər baş verir. Hər kəs bunu dəyərləndirməyi bacarmalıdır. Silahlı yolla, zorla, zorakı üsullarla hakimiyyətə gəlmək qeyri-mümkündür. Hətta Türkiyədə hərbi çevriliş təcrübəsi olsa da, aksiya bu dəfə baş tutmadı. Çünki bu üsullar artıq keçərli deyil. Eyni zamanda, köhnə simalarla da heç bir perspektiv mümkün deyil. Radikal müxalifət 25 ildir ki, eyni simalarla qələbə qazanmağa ümid edir. Bu, həm də Azərbaycanda normal və sivil müxalifətçiliyin yaranmasına mane olur. Artıq başa düşməlidirlər ki, onların heç bir şansı yoxdur. Nə xarici kəşfiyyata, nə də kiminsə dəstəyinə ümid olmaq lazım deyil. Çünki Azərbaycanda son sözü xalq deyir, bundan sonra da belə olacaq."

Samir

Digər xəbərlər