Bəlli olduğu kimi, sentyabrın 26-na təyin olunan Referenduma münasibət bildirən müxalif qüvvələrin əksəriyəti konstitusiyaya təklif edilən əlavə və düzəlişləri qəbul edərək, ölkədə aparılan uğurlu inkişafın müsbət nəticəsi kimi dəyərlədiriblər. Dağıdıcı müxalifət partiyaları isə necə deyərlər, "daş atıb-başlarını tuturlar" ki, sən demə, sözügedən qərar "demokratiya maraqlarını boğur" və s. Beləliklə, qeyd eydiyimiz kimi, xalq tərəfindən dəstəklənmədiklərini yaxşı bilən siyasətbazlar toplumunun qarşısında "yeni mövzu" peyda olub və bu "mövzu da" müxalifət arasında yaranmış ziddiyyətlərin daha da kəskinləşməsinə gətirib çıxarıb.
Arif Hacılı: "Əli Kərimlinin Müsavata qarşı münasibəti elə əvvəlki kimi qalır"
Müsavat başqanı A.Hacılı referendumdla bağlı AXCP sədri Ə.Kərimlinin "birlik" nümayiş etdirmək təklifini qəbul etməyib. A.Hacılı bildirib ki, Ə.Kərimlinin "birlik" adlı təşəbbüsü boş sözdür: "Görünür, istəyinə çatmadığı üçün indi də "boykot" çağırışı edir. Bu gün müxalifət düşərgəsində hamı bilir ki, müxalifətin dağılmasının səbəbkarı Ə.Kərimlidir. Belə olan halda, AXCP sədri hansı "birlikdən" danışa bilər? Qaldı ki, "boykot" çağırışına, bu da Ə.Kərimlinin növbəti oyunudur".
Görünür, elə bu səbədən də bu günlərdə Müsavat başqanı A.Hacılı ilə AXCP sədri Ə.Kərimli arasında növbəti ziddiyyət baş verib. A.Hacılı onu da bildirib ki, Ə.Kərimli onun partiyasına və şəxsiyyətinə qarşı münasibəti dəyişməzdir, elə əvvəlki tək də qalmaqda davam edir.
İqbal Ağazadə: "Əli Kərimli hələ də yenilənməyib"
"Ümid" partiyasının sədri İ.Ağazadə "Milli Şura"nın "boykot" çağırışına münasibət bildirərkən, vurğulayıb ki, istər seçkilərdə, istərsə də referendum ərəfəsi Ə.Kərimli elə köhnə üsulla hərəkət edir: "Bu da ondan irəli gəlir ki, Ə.Kərimli hələ də yenilənməyib. Bu gün xalqı meydana etiraza çağırmaqdan daha çox təşkilatçılığın üzərində dayanılmalıdır. Siyasi institutlar təşkilatlanandan, mövqe ifadə edəndən sonra vətəndaşlarla işləməyin mexanizmi tapılmalıdır, nəinki vətəndaşa müraciət etmək".
Arzuxan Əlizadə: "AXCP sədrinin "boykot" çağırışı, bugünkü mövcud reallıqlar fonunda müxalifətin referendum üzrə təşviqat qrupunun bir əhəmiyyət daşıyacağına inanmıram"
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə də hesab edir ki, referenduma çıxarılacaq məsələlərə hüquqi müstəvidə münasibət bildirmək, bunu televiziya və digər KİV-lər vasitəsilə ictimaiyyətə çatdırmaq baxımından referendum üzrə təşviqat qruplarının yaradılmasına ehtiyac var: "Müxalifət bu imkandan Seçki Məcəlləsi ilə təsbit olunmuş müddəalar əsasında yararlana bilər. 2002 və 2009-cu illərdə keçirilmiş referendumlarda həm müxalifət, həm də iqtidar tərəfindən belə təşviqat qrupları formalaşdırılmışdı. Amma AXCP sədrinin "boykot" çağırışı, düzü, bugünkü mövcud reallıqlar fonunda real müxalifətin referendum üzrə təşviqat qrupunun bir əhəmiyyət daşıyacağına inanmıram. Bir də son illər ərzində "Milli Şura" tərəfindən belə çağırışlar dəfələrlə olub. Amma reallıq odur ki, nəticə etibarilə meydana çox az sayda insanın çıxdığının şahidi olmuşuq. Xalqa meydanlara çıxmaq çağırışları eləmələri heç bir nəticə verməyib. Yenə də verməyəcək. Gülünc vəziyyətdə qalacaqlar"
Rəfiqə HÜSEYNOVA