PDF Oxu

Müxalifət

  • 3 412

"Yeni Müsavatı"n baş redaktoru Müsavat başqanını yıxıb-sürüdü

image

Rauf Arifoğlu: "Arif Hacılı, onlar sizinlə məzələnirlər"

Müsavat partiyası ilə "Yeni Müsavat" qəzeti arasında uzun illərdir davam edən soyuq müharibə bu gün yeni müstəviyə qədəm qoyub. Düzdür, İsa Qəmbərin başqanlığı dönəmində partiya ilə qəzet arasındakı soyuqluq, hətta düşmənçilik açıq müstəviyə köçürülmürdüsə, bu gün artıq hər kəs bilir ki, Müsavat partiyası ilə "Yeni Müsavat" qəzeti arasında dərin bir uçurum var. Bəli, Arif Hacılının Əvəz Zeynallının "Qaynar qazan" rubrikasına verdiyi müsahibə isə bu uçurumu daha da dərinləşdirdi, heç vaxt birləşməyən çatlar yaratdı. A.Hacılı müsahibəsində "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu haqqında kifayət qədər açıq şəkildə ittihamlar səsləndirir, onu satqınlıqda, xəyanətdə, riyakarlıqda ittiham edir. Müsahibədə A.Hacılının R.Arifoğluna qarşı qəzəbi, kini açıq şəkildə hiss olunur. A.Hacılı suallardan birinə cavabında qeyd edir ki, "Yeni Müsavat"ın Müsavat partiyasına heç bir dəxli yoxdur, bu qəzet kursunu dəyişib.

A.Hacılının müsahibədə səsləndirdiyi ittihamlara da R.Arifoğlunun cavabı özünü çox gecikdirmir. R.Arifoğlu yazır: "İlk baxışdan görünür ki, həddindən artıq canfəşanlıq etmisiniz. Guya Xədicə, ya da Əvəz Zeynallı bilmirlər ki, "Yeni Müsavat"ın Müsavat partiyasına heç bir dəxli yoxdur? Bunu illər öncədən yaxşı bilirlər. Sadəcə, sizinlə məzələnirlər, xarakterinizi bildikləri üçün belə bir iddia irəli sürüb, sizi heç bir əsas olmadan mənim üstümə yönləndirirlər. Onları və bu qəbildən olan "əbədi xeyirxahlarımı" mənimlə heç bir əlaqənizin olmadığına inandırmanız üçün müsahibənizdə bircə mənim var-yoxuma söyməyiniz qalıb, sağ olun ki, onu da etməmisiniz. Sizdən sitat: "Mən lap 2008-ci ilə gedirəm. 2008-ci ildə İctimai Palatanın rəhbərliyi, koordinasiya şurası seçilərkən orada ciddi prosedur pozuntularına yol verildi- seçki komissiyası yaradılmadı, səslər sayılmadı, namizədlər özlərini təqdim etmədi, səhv etmirəmsə, heç səsvermə də keçirilmədən bir çox adamlar oordinasiya şurasının üzvü elan olundu və o cümlədən Rauf Arifoğlu koordinasiya urasının üzvü elan olundu. Bu, 2008-ci il fevralın 27-də oldu. Oldumu bu? "İctimai Palata" 2010-cu ilin sonlarında yaranıb, 2008-də mən oraya necə seçilə bilərəm ki? Sizi Əvəz necə təntidibsə, ili-ayı belə səhv salmısınız... Daha sonra davam edərək, iddia edirsiniz ki, 2008-ci ildən bu yana bizim qəzet kursunu dəyişib və o zamandan bizimlə heç bir əlaqəniz yoxdur... Sizdən sitat: "2008-ci ildən bu üzə mən "Yeni Müsavat" qəzetinin kursunu Müsavat Partiyasının kursuna uyğun gəlməyən siyasi kurs hesab edirəm və bunu açıq şəkildə dəfələrlə bəyan etmişəm. Bu da yalan. Heç bir bəyanat yoxdur. Amma bunun əksi olanlar var. Arif Hacılı, unudursuz ki, 2010-da mən Müsavatın siyahısından deputatlığa namizəd idim, sizinlə bərabər eyni kampaniyanı aparırdıq və mən də tam təmənnasız sizin seçki kampaniyanızı "kursu sizə uyğun gəlməyən "Yeni Müsavat" qəzetində işıqlandırırdım. 2013-cü ildə də sizin dəstəklədiyiniz namizədi dəstəkləyirdim, sizinlə bərabər, onun rəsmi vəkili idim; saytda canlı yayım, qəzetdə məqalələr, reportajlar verirdim... Hər iki seçkidə Müsavatın, müxalifətin əsas ruporu kimi çıxış edirdim. Və sizə də hər gün meydan, dəstək, yer və s. verirdim.

R.Arifoğlu Müsavat başqanını riyakarlıqda ittiham edərək ondan etdiyi xahişlərin siyahısını çıxaracağını da bəyan edir: "Sizin dəftəriniz ancaq Qara dəftərmi, Arif Hacılı? Bunları yazmamışsınızmı? Sizdə heç insaf və ədalət qrafası yoxmu? Yaddaşınız bu qədərəmi qısalıb? 2015-ci ilə qədər bərabər olduğumuzu, mən partiyadan gedəndən sonra da isti münasibətlərimizin qaldığını, 2015 seçkilərində mənim arzuladığım dairədən Müsavatın namizəd irəli sürməyəcəyini şəxsən söyləməyinizi, yazmağınızı nə tez unutdunuz? Sizin Qara dəftərinizdən başqa dəftərlər də var, Arif Hacılı. Markın dəftərləri. Feys yazışmalarımız, sənin xahişlərin, mənim "okey"lərim... "2008-dən bu yana münasibətlərimiz yoxdu"nu necə deyə bilərsiniz axı? Bir kitablıq yazışmalarımız var və onlar sizi amansızcasına yalanlayır".

"Tofiq Yaqublunun pulunu kəsməyimi sən məndən istədin"

R.Arifoğlu daha sonra yazır: "Bir ştrix! Arif Hacılı portretinin kölgəsindəki gerçək simasını göstərəcək bir detal... Yadınızda, il 2015 idi, partiyaya son gəlişimdi, sizinlə danışırdıq. Siz Tofiq Yaqubludan qəzəbli idiniz; həm içəridən verdiyi açıqlamalarından, həm də "Azadlıq" qəzetinə maliyyə dəstəyi verməsindən. Mənə dediniz ki, kəs onun pulunu, aylığını vermə...Sən ona dəstək verirsən, o da sənin pulunu aparıb "Azadlıq" qəzetinə verir... Əvəzin "Qaynar qazan"ında bişən Arif məhz bu rakursdan özünə baxırmı heç? Baxsa, bu Arif o Arifə desin ki, "Yeni Müsavat" və Rauf Arifoğlu sənə etmədiyi yaxşılıqlar qalmayıb, tək onların biri qarşıdakına bir ömür borclu olmağa yetər. İnsanlıq deyilən bir şey var; siyasəti də insanlar və insanlıq üçün yapırlar. Heç Əli Kərimli qədər də siyasətçi olammamısınız! Sizi bir jurnalist salır "Qaynar"a və həm bişirir, həm bitirir... Mən əslində sizlərlə bağlı bütün gözləntilərimə təslim olmuşam. Bunca qara niyyətli, kinli, nifrin dolu, həsədçi, becəriksiz, heç bir perspektivi qalmayan, mənim ikinci böyük layihəmi batıran, darmadağın edən adamlarla daha bir yerdə olmaq istəməmişəm. Minlərlə müsavatçının haqqını yeyən, onları aldadan, onlara böhtan atan, canını qoyduğu partiyasından onları qovan, şərləyən, onların sayəsində "lider" olub, özünü siyasətçi sayan uğursuz macərapərəstlərdən digər layihəmi- "Yeni Müsavat"ı ayırmışam. Ki, onu da batırmayasınız. Çünki sizdən heç nə olası deyil!".

R.Arifoğlunun sərt ittihamları qarşısında tab gətirə bilməyən A.Hacılı da xəbər saytlarına açıqlama verərək aşağıdakı sözləri deyib: "O, mənim haqqımda əfsanələr uydurur. Mən də onun haqqında həqiqəti demişəm".

Əldə olunan infofmasiyalara görə, A.Hacılı ilə R.Arifoğlu arasında yaranmış gərgin vəziyyət İsa Qəmbəri narahat edib və o Müsavat başqanını yanına çağıraraq hələki ehtiyatlı olmağı tövsiyə edib. İ.Qəmbər bildirib ki, R.Arifoğlunun rəhbərlik etdiyi qəzet hələki tribuna kimi bizə lazımdır, zamanın yetişməyini gözləmək lazımdır. Bəli, elə bu fikirlərdən İ.Qəmbərin də R.Arifoğluna olan münasibəti açıq-aşkar görünür. Görünən odur ki, hər iki tərəf araaındakı dava-dalaş bundan sonra səngiməyəcək, əksinə daha səs-küylü olayların şahidi olacağıq.

Samir

Digər xəbərlər