"Arif Hacılının son açıqlamaları bizi pis vəziyyətə qoydu"
Müsavat başqanı Arif Hacılının Əvəz Zeynallının "Qaynar qazan" rubrikasına verdiyi müsahibə partiyada böyük səs-küyə səbəb olub. A.Hacılının Rauf Arifoğlu haqqında dedikləri müxalifət düşrəgəsində sözün həqiqi mənasında əsl gərginlik yaradıb. Hətta bu müsahibədən dərhal sonra bir neçə nəfər Müsavatdan istefa verəcəkləri ilə bağlı bəyanat yaydılar. Bu öz yerində. Amma istefa verənlərin arasında 21 ildir Müsavat partiyasının üzvü olan, tanınmış yazar Elşad Paşasoyun adı çəkilirdisə, deməli, məsələ çox ciddidir və bundan sonra partiyada yarpaq tökümü davam edəcək. Bəli, gözlənilən addım atıldı. Elşad Paşasoy da Müsavat partiyasından istefa verdi. Yazar bunu özünün yazdığı köşə yazısında bəyan edib.
E. Paşasoy istefasının səbəbləri haqqında bunları yazır: "Bizlər bu illər ərzində "Yeni Müsavat"la Müsavat Partiyası arasında fərq qoymadıq. Baş redaktorumuz (Rauf Arifoğlu- S.) keçən il partiyanı tərk edəndən sonra da "dostlar mən qərarımı verdim, siz də qərar verin" demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni Müsavat" seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi, düz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq. Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm".
Heç şübhəsiz ki, E.Paşasoyun istefası Müsavat partiyasının ciddi itkilər verəcəyinin anonsudur. Son illərdə üzvlərinin böyük bir hissəsini itirən, az-çox tanınmış simalardan məhrum olan, mövqeyini müəyyənləşdirə bilməyən Müsavat bundan sonra da daha ağır günlər yaşayacaq. Çünki Səxavət Əlisoy, Tural Abbaslı, Qubad İbadoğlu ilə gərgin münasibətlər yaradan, Müsavatın nüfuzunu sıfıra endirən A.Hacılının üzündən xeyli insan partiyanı tərk etmişdi. Bu dəfə isə "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlu ilə daha ciddi münaqişəyə girmək də ona heç nə qazanadırmayacaq. A.Hacılı artıq gözlənilən ilk zərbəsini aldı, E.Paşasoy partiyanı tərk etdi. Təbii ki, bu proses davam edəcək və Müsavatdan yaxın günlərdə yenidən kütləvi istefalar baş verəcək.
Samir