Müsavat partiyasında baş verən son olaylar partiyanın uçuruma getdiyini bir daha sübut edir. Belə ki, Müsavat partiyasının başqanı A.Hacılı "strateq.az" və "xural.com" saytlarına müsahibəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlunu hakimiyyətə təslim olmaqda ittiham edib. Buna cavab olaraq isə "Yeni Musavat" qəzetinin baş redaktoru R.Arifoğlu qələmə aldığı yazıda A.Hacılıya sərt cavab verib. Bundan sonra isə "Yeni Musavat" qəzetinin əməkdaşları Elşad Paşasoy, Etibar Seyidağa, baş direktor Ələsgər Süleymanov və "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini A.Ayxan Müsavat Partiyasından istefa verib.
Qubad İbadoğlu: "Arif Hacılı başqan olduğu gündən Müsavat partiyası dağılıb"
Müsavat partiyasının apardığı siyasətlə bağlı Müsavat partiyası başqanlığına keçmiş namizəd, "ADR" hərəkatının sədri, iqtisadçı-ekspert Q.İbadoğlu bildirib ki, A.Hacılı başqan olduğu gündən Müsavat partiyası dağılıb: "Müsavat partiyasının dağılması təhlükəsini biz Arif Hacılı başqan olduğu gündən görürdük. Bizim qurultayqabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiya demokratik və partiyanın nizamnaməsi ilə idarə olunsun. İndiki şərtlərlə Müsavatı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə Müsavatda yoxdur. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda, partiyanın əvvəlki nüfuzunu, reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, səhv siyasət nəticəsində Müsavat partiyasını bu vəziyyətə gətirib çıxardılar".
Hafiz Hacıyev: "Qəmbərov İsa xarici kəşfiyyata işləyən bir adam olub"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qəzetimizə açıqlamasında bir çox mətləblərə aydınlıq gətirdi: "Düzünə qalsa, Müsavat partiyası bu ada saxta yolla yiyələnib. Belə ki, Qəmbərov İsanın Müsavat partiyası Elçibəy hakimiyyətini yıxan bir partiya oldu. Elçibəy hakimiyyəti dövründə ikitirəlik yaradan da Qəmbərov İ. oldu. O zaman Müsavat partiyasını yaradan Qəmbərov İ. deyirdi ki, hamınız bizim partiyaya yazılın ki, o tərəfdə adam az olsun. Yəni Qəmbərov İsa ömrü boyu parçalama mövqeyini tutdu və Elçibəy hakimiyyətini çökdürdü. Çünki Qəmbərov İ. xarici kəşfiyyata işləyən bir adam olub. O, istəməz ki, Azərbaycanda sülh və sabitlik olsun".
H.Hacılı A.Haclının alverlə məşğul olduğunu və öz partiyadaşlarını hansı mülklərə, sərvətlərə satdığını da dedi: "A. Haclıya, şəhərin kənarında, Novxanıda, Binəqədi rayonunun keçmiş icra başçısı böyük villa tikdirib. Hamısını apardım ora, dedim qapının zəngini basın, görün, içəridən kim çıxacaq. Gözləri ilə gördülər və inandılar. Üstəlik, şəhərin mərkəzində A.Hacılıya 4 otaqlı mənzil verilib. A.Hacılı danışıqlara gedib silahdaşlarını belə mülklərə satıb. A.Haclının qardaşının yoldaşını tibb universitetində kafedra müdiri etdilər. Bütün bunları görən partiya yoldaşları ondan üz döndərdilər. Söz yox ki, bütün binları onlara dedim, anladtım, onları mən maarifləndirdim".
Müasir Müsavat Partiyasının sədri Qəmbərov İ-nin də partiyada oturduğu yerdən çıxmadığını dedi: "Orda bir kreslosu, br bir də köhnə şahmatı var. Bir - iki qoca, avara adam qalıb Müsavatda, onlarla bütün günü şahmat oynayır".
H.Hacıyev R.Arifoğlu məsələsinə toxunaraq bildirdi ki, Müsavat partiyasını partiya edən R.Arifoğlu idi, onun qəzeti idi: "R.Arifoğlu da gördü ki, bunlar satılıb, o, da özünə konkret mövqe tutdu və öz yolu ilə getməyə başladı. A.Hacılının Raufu qınamağa, ittiham etməyə haqqı yoxdur. R.Arifoğlu dövlətə xidmət edən adamdır. Mən Elçibəyə xəyanət edən hər kəsin maskasını yırtdım, o cümlədən Qəmbərov İ-nin və A.Haclının. Hazırda Müsavat deyilən bir partiya qalmayıb, əvəzində, sadəcə məhdud məsuliyyətli cəmiyyət yaradılıb."
A.Hacılı kimiləri A.Hacılı edən R.Arifoğlunun qəzetidir. Onlar bunu itirirsə, burunlarından gəlsin. R.Arifoğluna qarşı bu cür təhqiramiz fikirlər səsləndirib, onu nüfuzdan salmağa çalışırlar. Düşünürəm ki, R.Arifoğlu bu məsələdə daha düzgün pozisiya tutur".
Rəfiqə HÜSEYNOVA