TƏRS BAXIŞ
Əli Kərimliyə görə istifadə olunan Əvəz Zeynallı kartı işə yaramadı
Etiraf olunmalıdır ki, Müsavat başqanı A.Hacılının sabiq müsavatçı funksioner, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluya qarşı başlatdığı kampaniyası çox qısa zamanda fiaskoya uğradı. Söz yox ki, A.Hacılı bu addımını daha öncələr də ata bilərdi. Hadisələrin gedişindən belə nətiicəyə gəlmək mümkündür ki, ortada əvvəlcədən hazırlanmış, işlənmiş plan var idi. Plan əsasında Müsvat rəhbərliyi tərəfindən R.Arifoğlu "vurulmalı", necə deyələr, müxalifətin siyasi arenasından "silinməli", bu günə qədər gördüyü işlərin üzərindən yekun xətt çəkilməli idi. Daha dəqiq desək, Əvəz Zeynallının həbsdən çıxdıqdan sonra açdığı "Qaynar qazan" adlı rubrikası, necə deyərlər, A.Hacılının planları üçün göydəndüşmə olub və o, maksimum yararalanmağa çalışıb. Fəqət, əks-təsir onun özünə vurub. Əgər nəzərə alsaq ki, Ə.Zeynallının AXCP-yə və "Milli Şura"ya yaxınlığı var, eləcə də Ə.Kərimli ilə xüsusi münasibətləri mövcuddur, bu zaman nəyin necə olması daha maraqlı faktları ortaya çıxarmış olur.
Hacılı bu şərtləri qəbul edə bilməzdi...
A.Hacılı başqan olduğu dövrdən başlayaraq, AXCP ilə Müsavat arasındakı qarşıdurmaları aradan qaldırmağa cəhdlər edib. Hətta onunla Ə.Kərimli arasında bir neçə görüş də baş tutub. Lakin münasibətlərin düzəlməsi üçün AXCP sədri Müsavat başqanı qarşısında bir neçə şərtlər irəli sürüb. Birincisi, tabe olmaq, ikincisi "Milli Şura"ya geri dönmək, üçüncüsü isə yeganə "ana müxalifət" partiyası kimi qəbul etmək. Təbii ki, Müsavata yeni başqan seçildiyi ərəfədə Hacılı bu şərtləri qəbul edə bilməzdi. Onun atacağı yeganə addım Ə.Kərimlinin ayağına getmək idi. Amma bu, heç bir nəticə vermədi.
Məhz bundan sonra Hacılı uzun müddət yollar axtardı və nəticə etibarilə Ə.Zeynallı faktorunu seçdi. Onun məlum müsahibəsi, bilavasitə Ə.Kərilminin İ.Qəmbərdən sonra ikinci ən böyük düşməni R.Arifoğlu ilə bağlı oldu. O, bununla bir güllə ilə iki dovşan vurmağa çalışıb. Yəni Ə.Kərimlinin yaxını hesab edilən Ə.Zeynallı kartından yararlanaraq yenə də Ə.Kərilminin qatı düşməni R.Arifoğlunu vurub. Lakin...
Rauf Arifoğlu və qardaşı Azər Ayxan qələmlərini Arif Hacılıya tərəf yönəltdilər
Lakin olanlar oldu və nəticəsi isə göz qabağındadır. R.Arifoğlu və qardaşı A.Ayxan qələmlərini A.Hacılıya tərəf yönəltdilər. Ardınca digər "Yeni Müsavat" təmsilçiləri ard-arda Müsvat partiyasından istefa verdiklərini bəyan etdilər. Bununla, Ə.Kərimliyə yaxınlaşacağını zənn edən Hacılı böyük zərər çəkdi. O cümlədən, Ə.Kərimli cəbhəsi A.Hacılıya dəstək göstərmədilər. Hətta uzaqdan-uzağa olsa belə, R.Arifoğluni ittiham etməyə cürətləri çatmadı belə...
Ona görə də indi A.Hacılı ciddi ittihamlar məngənəsində sıxılıb-qalmaqdadır. Onun bu məngənədən çıxması isə inandırıcı görünmür. Əgər yaxın zamanlarda Müsavat partiyası buraxılarsa, bunun günahının sabiq və mövcud rəhbərliyin üzərində olmasını istisna edilmir. İndi Hacılını düşündürən də bu amildir. R.Arifoğlu isə söz yox ki, öz media kapitanı rolunu davam etdirəcək və zaman-zaman həm Hacılını, həm də ona qarşı çıxan istənilən radikal çıxışa cavab verəcək.
Rövşən RƏSULOV