TƏRS BAXIŞ
Partiya başqanı vaxtilə ona yaxşılıq edənlərə yamanlıq göstərir
Son günlər Müsavat partiyasında cərəyan edən, qarşıdurma bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, təşkilata saxta yollarla başqan seçilmiş Arif Hacılı uzun müddət postunu əlində saxlamaq iqtidarında olmayacaq. Çünki onun "vurduğu" hədəflər bu dəfə media mənsublarıdır. Daha dəqiq desək, illərini Müsavat partiyasına sərf etmiş "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərləridir. Digərləri dedikdə, adıçəkilən qəzetin müsavatçı üzvləri. Artıq onlar da R.Arifoğluna qarşı başladılan əks-təbliğat kampaniyasına etiraz əlaməti olaraq Müsavat sıralarından istefa veriblər. Beləliklə, A.Hacılının özünə "qəbir qazması" göz önündədir. Etiraf olunmalıdır ki, "Yeni Müsavat"ın sabiq müsavatçı yazarlarında A.Hacılıya qarşı böyük kin yaranıb. Sadəcə, R.Arifoğlu onlara A.Hacılını tənqid obyektinə çevirməməyi tapşırmışdı. İndi isə yol açılıb və Müsavat başqanı ona qarşı açılacaq media müharibəsindən sığortalanmayıb.
Sözügedən savaşın təməli məlum məsələyə söykənir
Ümumiyyətlə, A.Hacılının yaxşılığa yamanlıq etməsi bir çoxlarını hövsələdən çıxarıb. Buna qədər hazırda "ADR" hərəkatında təmsil olunan Səxavət Əlisoy sabiq müsavatçı olaraq, Hacılıya bel bağlamamağı, ona ümidli olanın çamsız qalacağını deyib. O, hətta bəyan etmişdi ki, R.Arifoğlunun ardınca, növbə Müsavatın sabiq başqanı İ.Qəmbər olacaq. Artıq onun proqnozu öz təsdiqini tapmaqdadır. A.Hacılı R.Arifoğlu ilə açıq savaşa girişib. Söhbət isə baş yazarın siyasi mövqeyində dəyişiklik etməsi, müxalifətçiliyin radikalizm prinsipindən uzaqlaşması və hadisələrə olduğu kimi qiymət verməsidir.
Beləliklə, R.Arifoğlunu "hakimiyyətə təslim olmaqda" ittiham edən başqan, bununla Müsavatdan istefa dalğasının əsasını qoyub və indi də acısını çəkir. Çünki müxalifət cameəsində onu müdafiə edənlər yalnız öz ətrafıdır. Daha dəqiq desək, müavin və müşavirləri. Yerdə qalanları isə istər sabiq müsavatçılar olsun, istyərsə də qeyri- müxalifət partiyasının üzvləri - onların hər biri Hacılını ittiham edənləri dəstəkləyirlər.
"Ağ Partiya" sədri: "İstənilən halda mətbuatla qarşıdurmaya gedən siyasətçi buradan ən böyük zərəri özü görür"
Məsələn, sabiq müsavatçı funksioner, hazırda "Ağ Partiya"nın rəhbəri Tural Abbaslının fikrincə, A.Hacılının R.Arifoğlunu təhqir edən məlum müsahibəsindən sonra partiyada gözlənilən istefalar sürətləndi. Belə ki, gözləmə mövqeyi güdən Müsavat üzvləri artıq bundan sonra A.Hacılının başqanlığını qəbul etmədiklərini nümayiş etdirməyə məcbur qaldılar: "Hələ bura Müsavat haqqında formalaşmış ictimai fikri əlavə etmirəm. Lakin istənilən halda jurnalistlə mübahisəyə gedən siyasətçi yanlış tərəfdir. Siyasətçi jurnalistlə qarşıdurmaya getməməlidir. İstənilən halda mətbuatla qarşıdurmaya gedən siyasətçi buradan ən böyük zərəri özü görür. İndiyədək bu cür qarşıdurmalara gedən siyasətçilərin qalib gəlmələrini görməmişəm. Lazımsız yerə özünə düşmən qazanmaq köklü keçmişi olan bir partiyanın rəhbərliyinə yaraşmazdı. Burada yanlış yol tutan A.Hacılıdır. İstənilən halda, Müsavat daxilində baş verənlər, A.Hacılının yürütdüyü yanlış siyasətinin nəticəsidir. O, başqanlığa gəldikdən sonra verdiyi müsahibələrdə səsləndirdiyi yanlış fikirlər, tutduğu yanlış kurs partiyanı zəif duruma saldı. Ümid edək ki, Müsavat bu qarşıdurmadan daha az itkiylə çıxacaq, amma bu, inandırıcı deyil. Artıq proses başlayıb və Müsavatın itkisi kifayət qədər çoxdur".
Göründüyü kimi, əslində, A.Hacılının hücum planı onun geriyə otuzdurulması ilə başa çatmaq üzrədir. Çünki sabiq müsavatçılar da eyni düşüncədədirlər.
"ADR" funksioneri: "O, içindəki kini ortaya tökdü"
"ADR" hərəkatının təşkilati funksioneri Rövşən Dəmirli isə düşünür ki, Əvəz Zeynallı "Qaynar qazan" adlı rubrikasında A.Hacılını, həqiqi mənada, "qaynatdı". Belə ki, A.Hacılı özünü təcrübəli siyasətçi hesab etsə də, jurnalistin suallarına peşəkar cavablar verə bilmədi: "Həmin müsahibədə, o, içindəki kini ortaya tökdü. Bununla həm özünü ifşa etdi, həm də Müsavat başqanlığına layiq şəxs olmadığını nümayiş etdirdi. Bundan sonra Müsavat üzvlüyündən təbii şəkildə istefalar oldu. Hesab edirəm ki, "Yeni Müsavat"a qarşı sərgilədiyi bu münasibətə görə, həmin istefalar anlaşılandır".
Hadisələrin gedişatı Hacılıya yaxşı gələcək vəd etmir...
Onu da qeyd etmək yerinə düşərdi ki, bir çoxları A.Hacılının Ə.Zeynallıya müsahibəsinin bilərəkdən, daha dəqiqi isə, R.Arifoğlunu təhqir etmək üçün verildiyini iddia edirlər. Əslində, bu versiyanın real olması mümkündür. Belə ki, Ə.Zeynallının AXCP sədri Ə.Kərimliyə yaxın olmasını nəzərə almalı olsaq, burada sifarişli məqamların olması nəzərəçarpandır. Çünki A.Hacılı son dövrlər, xüsusilə, başqanlığa seçilər-seçilməz cəbhə sədri Ə.Kərimli ilə münasibətləri normallaşdırmağa cəhdlər göstərib. Ancaq qarşı tərəf onun təkliflərini rədd edib. Təbii ki, belə olan vəziyyətdə Ə.Zeynallıdan istifadə etmək tam yerinə düşüb. Ancaq bir hal unudulub - digər jurnalistlərin qələm-mürəkkəblərində batmaq təhlükəsi ilə. Artıq bu, baş verir və hadisələrin gedişatı Hacılıya yaxşı gələcək vəd etmir...
Rövşən RƏSULOV