PDF Oxu

Müxalifət

  • 2 078

Müsavatda istefalar dalğası davam edir

image

Müsavatın Qaradağ rayon təşkilatına 10 il sədrlik edən şəxs istefa verdi

Son günlər Müsavat partiyasında baş verən istefalar partiyanın üzvlərinin sayı barmaqla sayılacaq qədər azalıb. Doğrudur, Müsavatın üzvlərinin sayı kifayət qədər azdır. Partiya rəhbərliyinin "bizim sosial bazamız genişdir" fikri bu istefalardan sonra tamamilə darmadağın oldu. Xüsusilə də, Müsavat partiyası ilə "Yeni Müsavat" qəzeti arasında uzun illər davam edən soyuq münasibətlərinin nəticəsi olaraq baş verən istefalar, artıq Müsavatın partiya olaraq qalacağını şübhə altında qoyur.

Akif Nəcəfli: "2015-ci il parlament seçkilərində Müsavat partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığı indi də davam etməkdədir"

Avqustun 7-də redaksiyamıza Müsavatın Qaradağ rayon təşkilatının üzvü Akif İldırım oğlu Nəcəflinin partiyadan istefasına dair bəyanatı daxil olub. A.Nəcəfli 1992-ci ildən partiya üzvü olduğunu, 2006-2016-cı illərdə partiyanın Qaradağ rayon təşkilatına rəhbərlik etdiyini bildirir: "Partiyanın 8-ci qurultayında A.Hacılı partiyanın başqanı postuna gətiriləndən sonra partiyada azad sözə, demokratik fikirlərə basqılardan narahatlığımı dəfələrlə ifadə etsəm də, heç bir müsbət addımın atıldığının şahidi olmamışam, əksinə, bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm. 2015-ci il parlament seçkilərində Müsavat partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığı indi də davam etməkdədir. Belə ki, seçki məntəqələrinin dörddə birinə nəzarət etmək gücündə olmayan bir təşkilatın əvvəl seçkiyə gedib, sonra seçkiyə iki gün qalmış boykot taktikası seçməsi anlaşılan deyil və bu vəziyyət indi də davam etməkdədir. Hesab edirəm ki, bu hakimiyyətin hərəkətlərinə legitimlik donu geyindirməkdir".

Göründüyü kimi, Müsavatda vəziyyət, doğurdan da düşündürücüdür. Partiyadan istefa verənlər, o cümlədən A.Nəcəfli bunu partiya daxilində baş verən anti-demokratik fəaliyyətlə bağlayır və bildirir ki, nə qədər ki, A.Hacılı başqandır, Müsavat adlı partiyada bir nəfər də qalmayacaq. Ona görə də yeni qurultayın və nümayəndələrin seçilməsini istəyirlər.

Qubad İbadoğlu: "Məsələnin başında İsa Qəmbər dayanır"

Müsavatdan istefa verənlər onu da bildirirlər ki, partiyadan xaric edilmələr təkcə A.Hacılının iradəsi ilə həyata keçirilən məsələ deyil. Bütün işlərin başında İ.Qəmbərin dayandığını deyən sabiq müsavatçı Qubad İbadoğlu bildirib: "İndiki başqan A.Hacılı nominal başqan sayıla bilər. Çünki o, məsələlərin həllində real başqan statusunda əvvəlki başqan çıxış edir və onların müzakirələrindən bizə verilən məlumata görə, artıq qərarlaşdırılıbdır ki, partiyanın hansı üzvlərinin divandan xaric etsinlər. Eyni zamanda, hansı üzvlərini mərkəzi nəzarət-təftiş komissiyasında müzakirə edib partiya sıralardan çıxarsınlar".

Beləliklə, göründüyü kimi, vəziyyətin getdikcə ağır olacağını artıq zaman da göstərir. Bu isə, onu deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər