Siyasi arenada diqqətçəkən məqamlardan biri də dağıdıcı müxalifət düşərgəsində qarşılıqlı ittihamların bir qədər də artması və problemlərin həlli mümkün olmayan mərhələyə keçməsidir. Məhz bu faktlara əsaslanaraq, demək olar ki, müxalifətin bu günü kimi sabahı da qaranlıqdır. Yəni onların fəaliyyətdə olmaları ilə olmamaları arasında heç bir fərq yoxdur. Artıq onların tarixin arxivinə atılmalarının zamanı çatıb. Yəqin ki, çox yaxın zamanlarda bunun şahidi olacağıq.
Müxalifətin ictimai rəydə özünə nufuz qazana bilməməsinin və sosial bazadan məhrum olmasının bir neçə səbəbi var. Birincisi, səhv və düşünülməmiş siyasət aparmalarıdır. İkincisi, ağlına gələn istənilən iddianı ortaya ataraq, özünün siyasi varlığını sübut etməyə çalışmaq və sivil siyasi mübarizə əvəzinə, müxtəlif şoular təşkil edərək, gündəmdə qalmaq istəkləridir. Nəhayət üçüncüsü, maddi imkanlar əldə etmək üçün xarici maraqlı qüvələrlə iş birliyinə gedərək, milli və dövlətçilik maraqlarını satmağa cəhd göstərmələridir. Amma bu dayaz düşüncəli məxluqlar dərk etmirlər ki, artıq nəyin necə baş verdiyini onlardan yaxşı bilən ictimaiyyəti aldatmaq mümkün deyil. Hər kəs bilir ki, bu düşərgədə toplaşan azsaylı üzdəniraq siyasi fəallar və onların liderlərinin hər birinin öz ambisiyası var. Bu insanlar məqsədlərinə çatmaq naminə ən iyrənc addımları belə atmağa hazırdırlar.
Yaradılan qurumların ömrü də çox qısa olur
Dəfələrlə müxalifət partiyaları ictimai nifrətdən qaçmaq üçün müxtəlif blok və qurumlar yaradıblar. Amma fakt budur ki, yaradılan qurumların ömrü çox qısa olub. Çünki birinci partiyaya, aparıcı lider olmaq iddiaları müxalif qurumların işlək mexanzmə çevrilmələrinə imkan verməyib. Son vaxtlara qədər mövcud olmuş "İctimai Palata" deyilən qurumun dağılmasının səbəbərindən danışarkən, həmin qurumun koordinasiya şurasının üzvü Zəfər Quliyev buna görə, Müsavat və AXCP-ni ittiham etmişdir: "Müsavat və AXCP bəzi məsələlərdə bir araya gələ bilmir. Bu da, nəticə etibarilə, qurumun fəaliyyətinə təsir göstərir. "İctimai Palata"nın işində böhranlı vəziyyət yaranıb. Biz çalışırdıq ki, bunu ictimailəşdirməyək, lakin son toplantıda da heç bir nəticəyə gəlmədik. Baxmayaraq ki, bir neçə iclasdır ciddi müzakirələr gedir, təəssüf ki, prinsipial məsələlərdə konsensusa gələ bilmirik".
Müxalifət düşərgəsindən dostların düşmənə çevrilməsi adi haldır
Birmənalı şəkildə demək olar ki, AXCP-də və Müsavat partiyasında baş verən istefaların əsas səbəbi yenə də liderlərin boyunlarından böyük iddialarla çıxış etmələridir. Bunu müxalifət təmsilçilərinin özləri də etiraf edirlər. Belə ki, "REAL" Hərəkatının icraçı katibi Natiq Cəfərli sosial şəbəkədəki hesabında paylaşdığı statusunda müxalif partiya yetkililərini ağ yuyub, quru sərib. Bildirib ki, istefaların köklü səbəblərindən biri də partiyadakı rəhbər şəxslərin anormal siyasət aparmalarıdır: "Gedənlərin bəyanatları bunu deməyə əsas verir. Gedənlərin heç biri ideologiya, dəyərlər, qırmızı cizgilərə görə getdiyini demir. Hamı şəxslərdən gileylənir, gedişini bununla bağlayır. Çox təəssüf ki, partiyalarımız dəyərlər və ideoloji qurumlar üzərində deyil, şəxslər üzərində qurulur, onlara bağlı olur. Qurucu şəxslər partiyadan gedəndə, böhran baş verir. "Lider partiyası" modelindən, dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb".
Bu günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsindən istefa vermiş şəxslər, o cümlədən, şöbənin keçmiş sədri Kəmaləddin Rəhimov, sıravi üzvlər Famil Mehdiyev, Sevinc Xudiyeva, Mahir Qulubəyli və digərləri AXCP sədri Əli Kərimlinin yarıtmaz siyasət aparmasından utandıqlarını qeyd ediblər: "Savadlı insanlar sıxışdırıldı. Bütün bunlara etiraz olaraq, AXCP rəhbərliyinə Nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, "süni" konfrans keçirildi, İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Əlbəttə ki, baş verənləri, hələlik, açıqlamaq istəmirik. Son bir ildə isə 5-6 nəfər savadsızlıqları ilə şəhərdə ad qazanmış "lider cəbhəçi"lər artıq bizi bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara "dur" deyən olmadı. Ona görə də, biz AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik".
Avqustun 7-də Müsavatın Qaradağ rayon təşkilatının sədrliyindən istefa verən İlkin Nəcəfli də istefa bəyanatının mətnini Müsavat rəhbərliyini ittiham etmək üzərində qurub. İ.Nəcəfli Müsavatın keçmiş başqanı İsa Qəmbərin və indiki başqanı A.Hacılının, söz demək haqqı olan əski müsavatçıların sıxışdırıldığını bəyan edib və bununla da hazırda qarşıdurmaları yaşanan A.Hacılı-R.Arifoğlu qovğasında ikinciyə dəstək verdiyini nümayiş etdirib. Təbii ki, Müsavatdan olan son istefa R.Arifoğlu qədər Ə.Kərimlini də məmnun edir. Çünki Müsavatdan olan hər bir istefa və ya Müsavat rəhbərliyinə qarşı yönələn ittihamlar Ə.Kərimlinin arzusunda olan planlardandır. Eləcə də Müsavat rəhbərliyi AXCP-dən düşən hər bir kərpicdən məmnun olub, bunu açıq nümayiş etdirməkdən belə çəkinmir. Bir sözlə, görünən odur ki, müxalif partiyalarının daxili siyasi mənzərəsini yenə kəskin xaotik proseslər təşkil edir. Bu isə, növbəti partiyanın dağılaraq, tarixin arxivinə atılacağından xəbər verir.
İ.ƏLİYEV