Siyasi arenaya çıxıb, siyasi fəaliyyətə başlayandan bu günə qədər müxalifət liderləri təmsil olunduqları düşərgədə birincilik uğrunda "amansız müharibə" aparırlar. Bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmaslna gətirib çıxarıb. Daha doğrusu, partiya liderləri arasında formalaşmış birincilik mücadiləsi təşkilatların digər qurumlarına da sirayət edir. Beləcə, "düşmənçilik" hissləri sıravi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar, bir partiyadan digər partiyalara transferlər baş verir. Proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurmasl diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunub. ADP sədrinin müavini Taliyət Əliyev bildirir ki, bu iki partiya arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır və bu günə kimi də davam edir. "Hesab edirəm ki, bu münasibətlərin motivində qrup maraqları dayanır. Bu, təkcə iki partiya arasındakı münasibətlərə deyil, ümumilikdə, müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir. Nəticə etibarilə cəmiyyətin müxalifət partiyalarının ətrafında birləşməsinin qarşısını alır. Hesab edirəm ki, bu məsələ təkcə AXCP-Musavat məsələsi deyil, ümumilikdə, siyasi institutlarda siyasi mədəniyyətin hələ də formalaşmamasından irəli gəlir. Əks-fikirə dözümsüzlük, məqam olan kimi öz müttəfiqini qaralamaq, siyasi etikaya və əxlaq normalarına riayət etmədən onu təhqir etmək və s. hallar günümüzün reallığıdır. Bütün bu neqativlərin aradan qaldırılması üçün, görünür, hələ zamana ehtiyac var".
"Azadlıq" partiyasının sədri Əhməd Oruc o fikirdədir ki, AXCP-Müsavat funksionerlərinin savaşı qeybətçil və cılız iddialar üzərundə qurulan savaşdır: "Müsavatla AXCP arasında gedən bu "savaşın" üzdə görünən səbəblərinə nəzər saldıqda, bu mənzərənin qeybətçil, mənasız və cılız olduğu ortaya çıxır. İlkin olaraq, belə bir nəticəyə gəlinir ki, hər iki partiyada baş verənlər onların ciddi bir işi ortaya qoya bilmədikləri üzündən baş verir. Amma necə deyərlər, "Dəyirman öz işində, çax-çax baş ağrıdır".
Bir sözlə, görünən odur ki, AXCP ilə Müsavat arasında qarşıdurma sağalması mümkün olmayan xəstəliyə çevrilib. Bunun müalicəsi isə, hələ ki, tapılmır. Aradabir Müsavatın və ya AXCP-nin bəlli funksionerləri əllərində hazır reseptlə Qərbə və ABŞ-a dərman axtarışı üçün üz tutsalar da, nəticəsiz geri qayıdıblar. Səbəb yenə də, hər iki partiya yetkilisinin boyunlarından böyük iddialarla çıxış etmələridir. Bu barədə, AXCP sözçüsü Gözəl Bayramlı açıq şəkildə deyib: "Müsavat - AXCP əməkdaşlığı gündəmdə deyil. Belə bir məsələnin müzakirəsi də baş tuta bilməz".
8-ci qurultay Müsavatın 8-ci dəfə parçalanması ilə nəticələndi
Daha cox Müsavatın qara günlərinin partiyanın 8-ci qurultayından sonra başladı desək, səhv etmərik. Çünki İ.Qəmbərin başqanlıqdan getməsi partiyadan yeni qopmaların baş verməsi ilə müşayiət olundu. Çoxları bunu A.Hacılının başqanlığa yaramamsı ilə əlaqələndirsə də, əslində, yığılıb qalan problemlərin yeni dönəmdə qabarıq şəkildə üzə çıxması ilə bağlıdır. Çox maraqlıdır ki, A.Hacılı sürətlə dağılmağa doğru hərəkət edən Müsavatdaxili vəziyyətə özünə məxsus şəkildə don geyindirməyə uğursuz cəhdlər göstərir. Bildirir ki, baş verənlər fikir plüralizmi və demokratik dəyişikliklərin nəticəsidir. Müsavat başqanının müavini Osman Kazımov isə "gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır" deyir. Ya zəlzələdən, ya vəlvələdən ancaq onu demək olar ki, Müsavatın 8-ci qurultayından sonra A.Hacılıdan üz döndərənlərin sayı kifayət qədər cox olub.
"ADR" hərəkatının sədri Qubad İbadoğlu Müsavatdan ayrılamalarını başqan A.Hacılınln uğursuz siyasət aparmalarına etiraz etmələri ilə əlaqələndirib: "Müsavat partiyasının dağılması təhlükəsini biz A.Hacılı başqan olduğu gündən görürdük. Bizim qurultayqabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiyada demokratiya hökm sürsün və nizamnamə ilə idarə olunsun. Biz bu mübarizəni aparan zaman bizə dəstəklər olmadı. Təbii ki, bunu başa düşürəm, hamı partiyanın bütövlüyü üçün çalışırdı. Biz özümüz də partiyanın bütövlüyü üçün çalışmışıq. Müsavat partiyasından məni qeyri-qanuni çıxarmasaydılar yəqin ki, indiyə qədər Müsavat partiyasında qalıb, fəaliyyət göstərərdim".
Q.İbadoğlu onu da bildirib ki, Müsavat partiyası bir qrupun, bir ailənin nəzarətindədir: "Müsavat partiyası qocaman bir partiyadır və partiyanın çox şərəfli tarixi var, ancaq təəssüflər olsun ki, partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına, nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə Müsavatda yox dərəcəsindədir. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda, partiyanın əvvəlki nüfuzunu, reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, A.Hacılının səhv siyasət nəticəsində Müsavat partiyasını bu vəziyyətə gətirib çıxardılar".
İsa Qəmbər Arif Hacılıdan imtina edir
Baş verən maraqlı proseslər fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavatın keçmiş başqanı İ.Qəmbər parçalanmalara və dağılmalara seyrçi yanaşma nümayiş etdirir. Yəni daşdan-dəmirdən səs çıxır İ.Qəmbərdən çıxmır. Sanki belə də olmalıdr. Bu isə, təbii ki, A.Hacılıya əlavə zərbə deməkdir. Bu, həm də İ.Qəmbərin A.Hacılıdan imtina etməsi, yeni imkan yaranacağı təqdirdə, başqanılığa qayıtması kimi başa düşülür. Nəzərə almaq lazımdır ki, A.Hacılının Əvəz Zeynallının "Qaynar qazan" rubrikasına verdiyi müsahibəsində Rauf Arifoğlu haqqında tənqidi fikirlər söyləməsindən sonra Müsavatdan yeni istefa dalğası baş vedmişdir. "Yeni Musavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov və qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan, qəzetin müxbiri Elşad Paşasoy, Müsavatın Qaradağ rayon təşkilatının sədri İlkin Nəcəfli partiyadan istefa vermişlər. Maraqlıdır ki, yenə də İ.Qəmbər susmağa üstünlük vermişdir.
Bir sözlə, bütün hallarda proseslər A.Hacılının ziyanına işləyir. Onun yalnız bir çıxış yolu qalır: Müsavat başqanlığından getmək, həm də "siyasətə əlvida" demək.
İ.ƏLİYEV