Müsavat partiyasında baş verən növbəti qarşıdurmalara münasibət bildirən başqanlığa keçmiş namizəd və qurultaydan sonra partiya sıralarından çıxarılan Səxavət Əlisoy "SƏS" qəzetinə açıqlamasında belə bir ziddiyyətin baş verməsinin gözlənilən olduğunu bildirdi. S.Əlisoy A.Hacılını istefaya çağıraraq, deyib ki, özünə qiymət verən kəs bu yolu seçməlidir: "Bu şəxsin Müsavat başqanı olması müsavatçılara həqarətdir. Özünə hörmət edən kəs istefa verməlidir".
S.Əlisoy vurğulayıb ki, hələ partiyanın 8-ci qurultayında A.Hacılı saxta yolla başqan seçilərkən demişdim ki, A.Hacılı başqanlıq üçün yaramaz: "Partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti, əsla mümkün olan iş deyil. Ləyaqətsizlərin isə rəy bildirməsinə ehtiyac yoxdur və A.Hacılı kimilər belə şeyləri anlamazlar".
Keçmiş partiya funksioneri, həmçinin A.Hacılıya məsləhət verməyi də unutmayıb: "Ümumiyyətlə, A.Hacılı Müsavata aftoritar rejim tətbiq etmək istəyib. Bu rejim, onsuz da cizli şəkildə orada var idi və indi daha açıq xarakter alıb. Başqan seçildiyi gündən bu günə kimi, A.Hacılının hər hansı bir fikirlərinin əksini deyənlər Müsavat partiyasından uzaqlaşdırılır. Çünki bu şəxs özünü keçmiş SSRİ dövründəki raykomun birinci katibi kimi aparır. Əgər araşdırma aparılarsa, görərsiniz ki, A.Hacılının ətrafında bir nəfər də olsun azad söz, fikir və plüralizmə üstünlük vermir". Onun sözlərinə görə, bu şəxs demokratiyadan dəm vurur, amma fikir, söz azadlığına görə, özəl fikrini ortaya qoyanları partiyadan uzaqlaşdırmaq haqqında göstəriş verir: "Biz bunu hesablamışıq və bilirik. Yəqin ki, bu proses bütün müsavatçıları ayıldacaq. Görünür, artıq Müsavatda ayılma və oynama prosesi başlayıb. İnanıram ki, yaxın günlərdə A.Hacılını anti-demokratik mövqeyinə görə Müsavatdan qovacaqlar".
Ü.ƏSGƏROV