Taleh Bağırzadənin ətrafı ənənəvi hay-küyçü oyunbazlıqlarından geri qalmır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Düşünmək olardı ki, bəlkə məhkəmə zamanı T.Bağırzadə və dəstəsi düzgün yola gəlib keçən müddət ərzində baş verənlərdən nəticə çıxarıb, məhkəmə prosesində səhvlərini etiraf edərlər. Ancaq iki gün məhkəmə prosesinin gedişatında bunun tam əksi müşahidə olunub. Təqsirləndirilən şəxslər Nardaran hadisələri zamanı edə bilmədiklərini məhkəmə prosesində etməyə çalışmaq istəyiblər. Şeytan cildində olan T.Bağırzadə məhkəmənin həm birinci, həm də ikinci günü qərəzli çıxşlar edərək, ona qarşı işgəncə verildiyini bildirib. Bu da təəccüb doğurmur.
Əli Kərimli və onun ətrafındakılar da bilməlidirlər ki...
Əlbəttə ki, Nardaran hadisələri zamanı həbs olunanların məqsədləri Azərbaycanda dini gərginliyin olduğunu göstərmək olub. Bu da faktdır ki, hadisələrin başında AXCP olmaqla, "Milli Şura"nın məhz bu istiqamətdən siyasi proseslərə təsir imkanı qazanmasına nail olmaq idi. Bəlli olduğu kimi, Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hadisələrin təşkilatçısı qismində saxlanılan T.Bağırzadə "Müsəlman Birliyi" Hərəkatının sədri olması ilə yanaşı, həm də "Milli Şura"nın üzvüymüş. Yəni bu adam da Ə.Kərimlinin nəzarəti altında olan, C.Həsənlinin isə sədr olduğu bir radikal siyasi qurumun üzvüdür. Bu zaman belə bir sual yaranır ki, əgər sən Azərbaycanda "şəriət dövləti" yaratmaq təlimatları almısansa, "Milli Şura"da nə işin ola bilər?
Elə məhkəmə zamanı "Milli Şura" və Ə.Kərimlinin T.Bağırzadəni müdafiə etməklə bir daha xaricdən Azərbaycanda hakimiyyəti devirmək üçün silahlı dəstə yaratmağa çalışmaq istəyini açıq-aydın göstərir. Əslində, o da sirr deyil ki, bu gün ölkədə dini radikalizmi gücləndirməyə çalışan xarici mərkəzlər olub, indi də qalmaqda davam edir. Bu mərkəzlərin ortaya qoyduğu ssenari ilə "Milli Şura" və Ə.Kərimli AXCP-sinin eyni yolla hərəkət etməsi bir sıra suallar doğurur. Onların verdiyi bəyanatları isə özlərinin siyasi məsuliyyətindən uzaqlaşmaq məqsədi daşıyır. Lakin istər Ə.Kərimli, istər C.Həsənli və istərsə də T.Bağırzadə, ümumiyyətlə, onun ətrafındakılar da bilməlidirlər ki, ictimaiyyət onların bu ölkədə yaşamasını və layiq olduqları cəzasını çəkməsinin tələb edirlər. Məhz belə məqamlarda "Milli Şura"-Ə.Kərimli və T.Bağırzadə cəmiyyətdən üzrxahlıq etməkdənsə, əsasız, qərəzli ittihamlar irəli sürür, "Milli Şura" isə dərhal onları dünyaya yaymağa çalışır.
Fuad Qəhrəmanlı yalnız Nardaran hadisələri zamanı deyil, ondan öncə də xalqı itaətsizliyə çağıraraq, dövlətə qarşı radikal addımlar atmağa səsləyib
Məhkəmə zamanı digər məqam isə məhəkəmə önünə çıxarılan 18 nəfərin arasında AXCP sədrinin müavini F.Qəhrəmanlının da olmasıdır. "T.Bağırzadəni tək buraxmayın..." deyən AXCP sədrinin müavini F.Qəhrəmanlı da radikalizm siyasətindən terrora keçidi dəstəklədiyini gizlətməyib. Nardaran hadisələri zamanı etdiyi çağırışları eyni ilə məhkəmə prosesində də edərək, ölkədə məzhəblərarası qarşıdurma yaratmağa təhrik etməsi açıq-aydın görünür.
Yeri gəlmişkən, bu faktoru da əsas götürək ki, əslində, F.Qəhrəmanlı yalnız Nardaran hadisələri zamanı deyil, ondan öncə də xalqı itaətsizliyə çağıraraq, dövlətə qarşı radikal addımlar atmağa səsləyib. Elə də uzağa getməyərək, onun V çağırış Milli Məclisə seçkilərin keçirildiyi 1 noyabr tarixli statusunda bunu görmək mümkündür. AXCP və "Milli Şura" rəsmisi yazır ki, "xalq seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Deməli, ölkəmizdə demokratik dəyişikliklərin yolu, saxta seçkilərdən yox, xalqın meydana çıxaraq davamlı və kütləvi etiraz aksiyaları keçirməsindən keçir" (??!!-R.H.)".
Beləliklə, iki gün davam edən məhkəmə prosesi bir daha göstərdi ki, T.Bağırzadənin ətrafı ənənəvi hay-küyçü oyunbazlıqlarından geri qalmır. Məqsəd də Nardaranda olan eyni ssenarini məhkəmədə də davam etdirmək.
Rəfiqə HÜSEYNOVA