Zamanın diqtə etdiyi fakt budur ki, dağıdıcı müxalifətin fəaliyyəti ancaq xarici anti-Azərbaycan dairələrdən aldıqları çirkli pullar hesabına ölkədə qarşıdurma yaratmaqdır. Dəfələrlə buna cəhdlər göstəriblər. Misal olaraq 2003-cü il 15-16 oktyabr iğtişaşlarını, 2005-ci ildə "Qələbə" meydanında polislə qarşıdurmalar yaratmağa cəhdlər göstərilmələrini, 2009 və 2013-cü il prezident seçkiləri öncəsi "Milli Şura" adlı qondarma qurumun xarici anti-Azərbaycan mövqeli qüvvələrdən aldıqları maddi-mənəvi dəstək hesabına mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxmalarını, nəhayət, Nardaran qəsəbəsində din pərdəsi altında pozuculuğa meyil etmələrini göstərmək olar. Bütün bu məkrli planlarının başında isə Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək istəyi durur. AXCP sədri Ə.Kərimli, Müsavat partiyasının başqanı A.Hacılı, keçmiş başqan İ.Qəmbər və ətraflarına topladıqları digər ünsürlər sanki öz xalqına və millətinə qənim kəsiliblər. Onların hərəkətləri müxalifətçilikdən çox xalqa, dövlətə açıq düşmənçilik deməkdir. Yəni onların müxalifətçilik fəaliyyətləri böyük zəhmət hesabına yardılan genişmiqyaslı quruculuq-abadlıq işlərini, sosial-iqtisadi uğurları dağıtmaq, möhkəm əsaslar üzərində qurulan ictimai-siayasi sabitliyi pozmağa yönəlib. Bu çirkin planlarını həyata keçirmək üçün hər cür məkrli qüvvələrlə əməkdaşlıq etməkdən çəkinmirlər.
Müxalifətin fəaliyyəti erməni maraqlarına xidmət üzərində qurulub
Diqqətçəkən məqam onadan ibarətdir ki, dağıdıcı müxalifət yalnız xalq-hakimiyyət birliyinə qarşı deyil, eləcə də özləri-özlərinə düşmən kəsiliblər. Biri digərini gözdən salmaq üçün ən iyrənc vasitə və üsüllardan istifadə edirlər. Məhz bunları nəzərə alan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP və Müsavat kimi dağıdıcı partiyalarla bir yerdə olmağın mümkünsüzlüyünü bildirir: "Bu radikallar hakimiyyətə gəlsələr belə, onların hakimiyyətləri bir ay davam edə bilməz. Gərək prinsiplərimizi, baxışlarımız dəyişək. Müxalifətdə bir-birlərinə düşmən olan adamlar hakimiyyətə gəlsələr, görün nə edəcəklər. Səncə, bir amerikalı belə bir vəziyyətə dəstək verərmi? Azərbaycan İraqdan və Suriyadan betər "bezpridel"ə düşər. Ölkədə elə bir çaxnaşma yaranar ki, qan dizə çıxar. Kimə lazımdı belə iki aylıq hakimiyyət?" Sərdar Cəlaloğlunun sözlərinə görə, hazırkı mərhələdə müxalifəti qara günə qoyan AXCP ilə Müsavat arasında gedən çəkişmələr və qarşıdurmalardır: "Bunu açıq demək lazımdır ki, bu iki partiyanın tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib. Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü və potensialı ilə nəsə etmək mümkün olmayacaq. Bunlar, ümumiyyətlə, bir araya gəlmək istəmirlər. Nə vaxt müxalif qüvvələr bir araya gəliblər, birlik yaradıblar, bunlar həmin birlikləri dağıdıblar. Bu iki partiya həmişə bir-birlərinə düşmən olublar.
Müxalifət hələ də meydan təfəkküründən qurtula bilmir
Müasir dövrün yeni texnologiyaları, yeni dəyişiklikəri insanların düşüncə və təfəkkürlərinin də dəyişməsinə təsir edir. Dünənin insanı ilə bu günün insanı arasında ciddi fərqlər var. Amma tam əminliklə, həm də məsuliyyətlə demək olar ki, Azərbaycan müxalifəti dəyişməyib. İyirminci əsrin sonlarında hansı təfəkkürdə idisə, bu gün də eyni düşüncədədir. Fikir verin, bu şəxslər mətbuata açıqlama verərkən, ancaq 90-cı illərdən sitatlar gətirir, o dövrdə üzləşdikləri hadisələrdən misallar göstərirlər. Bir dəfə də olsun İ. Qəmbərdən, Ə. Kərimlidən, A.Hacılıdan, İ.Ağazadədən və digərlərindən yeni fikir, yeni ideya və təklif eşidilməyib. Deyilənə görə, sözügedən şəxslər, hələ də internetdən istifadə etməkdə çətinlik çəkirlər. Statuslarını kimlərsə yazır, paylaşmalarını kimlərsə onalar üçün edirlər. Onlar hələ də, meydan dövrünün xiffətini çəkir, piket və mitinq sözlərindən başqa ifadə edə biləcəkləri sözləri yoxdur. İmkan düşdükcə, aksiyalar keçirməyə cəhdlər etməklə meydan dövrünün keyfini çıxmağa və polislərlə qarşıdurmalar yaratmaqla hələ də movcud olduqlarını göstərməyə çalışırlar. Bu baxımdan, mənasız aksiyalara çalışanlar, asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa cəhd edənlər və ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək istəyənlərə bir ad yaraşır: milli xəyanətkar və satqınlar.
İ.ƏLİYEV